"Qafqazinfo" qaziler.az saytına istinadən xəbər verir ki, əsgər və anası onlara göstərilən diqqətdən narazılıq ediblər.
Sayt bildirir ki, Sərxan Tahirzadə yataqda olanda Türkiyənin və Azərbaycanın dövlət adamları, millət vəkilləri ona baş çəkir “vətən səninlə fəxr edir” deyirdilər! Bax həmin o hər iki ayağını itirmiş Sərxan Tahirzadə indi qalıb qapılarda...
Kimsə onu dinləmək istəmir! Qəti təəccüblənib eləməyin! Bəli, heç kəs onun dərdinə əlac etmir!

Sərxan Tahirzadə:
“Açığı, belə münasibət gözləmirdim. Bu, mənə çox pis təsir edir! Bu yaşda iki ayağım yoxdur, dövlətin mənə verdiyi pensiya isə 70 manatdır. 150 manat da prezident təqaüdü verirlər. Deməli, mən bu məbləğlə yaşamalı, hələ bir ailə də qurub onu saxlamalıyam! Neçə vaxtdır qapanıb qalmışam evdə. Həyətə düşüb yeriyə bilmirəm, yıxılıram. Ya palçıq, ya da daş kəsək imkan vermir yeriyəm...”
Mahirə Tahirova:
“Sərxanı orduya yola salanda boy-buxunlu bir oğlan idi...Üstümə səksən santimetr qayıtdı balam! O, yaralananda, xəstəxanada yatanda hamı halını soruşur, dərdimizi dinləyirdi. Amma indi bizə kömək edən yoxdur. Həyat yoldaşım da əlildir. İşləyə bilmir. Mən onları 220 manatla necə saxlayım?! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin Bayram adlı bir müdiri var. Oğlumla getmişik ki, bizə kömək edin. Qayıdıb bizim üstümüzə çığırır! Ümidimiz Qənirə Paşayevadır. İki dəfə cəhd eləmişik görüşə bilməmişik. Sonuncu dəfə köməkçisi dedi ki, Türkiyədədir, martın 6-da Bakıya gələcək. İndi onu gözləyirik. Oğlumun Bakıya müalicəyə gəlib getməyi var, digər xərcləri var. Lakin heç kəs kömək etmir. Deyirlər Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaxşı adamdır, amma onunla görüşə bilmirik. Bakıya gələndə yardım istədik, müavini bizə qarşı böyük hörmətsizlik etdi”.
Redaksiyada həm yarası yenicə qaysaqlayan Sərxana, həm də ömrü boyu ürəyindəki oğul yarası qaysaqlamayacaq Mahirə xanıma ürək-dirək verdik. Dedik ki, bu ölkənin Prezidenti İlham Əliyev cənabları bütün məmurlara tapşırıb ki, Qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərsinlər. Yəqin ki, dərdinizi dinləyib eşidən olacaq.
Son xəbərlər
Son Xəbərlər