Avtoritetlərdən birinin adamı “Qobustan”dan çıxarıldı

avtoritetlerden-birinin-adami-qobustandan-cixarildi-
Oxunma sayı: 4244





Bir neçə gün əvvəl “Qafqazinfo”da Azərbaycanın iki nüfuzlu avtoritetinin “razborka”sından yazmışdıq. Həmin xəbərdə Rövşən Lənkəranski ilə Qoca ləqəbli Əlibalanın münasibətlərinin olduqca kəskinləşdiyi, onların hər ikisinin özlərini MDB-nin bir nömrəli avtoriteti kimi təqdim etdiklərini və elə problemin də buradan qaynaqlandığını qeyd etmişdik. Məlumatda qeyd olunurdu ki, avtoritetlər arasında baş verən nüfuz davası Azərbaycan həbsxanalarındakı vəziyyəti əməllicə qarışdırıb. Azərbaycan həbsxanalarında bu iki şəxsin adamları arasında qarşıdurma pik həddə çatıb.

Belə ki, bir müddət əvvəl Qobustan Qapalı Təcridxanasında Rövşən Lənkəranskinin adamı sayılan Elçin adlı şəxs burada “polojeniya”ya nəzarətçisi kimi təqdim edilib. Lakin Qoca məsələyə müdaxilə edərək öz adamı olan “Nuruş” adlı naxçıvanlı məhbusu Elçinə alternativ kimi irəli sürüb. Hər iki şəxsin arasında “polojeniya”ya nəzarət etmək üstündə mübahisələr o həddə çatıb ki, artıq Qobustanda məhbuslar iki yerə parçalanaraq əməlli-başlı qarşıdurmaya gediblər.

Bu gün aldığımız məlumata görə, artıq vəziyyətin gərginləşdiyini görən Penitensiar Xidmətin rəisi Mədət Quliyev bir sıra addımlar atamağa məcbur olub. Qobustanda “polejeniya” üstündə ayağa qalxan iki məhbusdan biri, Qocanın adamı kimi tanınan naxçıvanlı Nuruşu təcridxanadan çıxarılıb. O, vərəmli məhbusların saxlandığı həbsxanaya göndərilib. Burada Nuruşun nə qədər qalacağı və onu hansı aqibətin gözlədiyi məlum deyil. Lakin Xidmət rəisi bununla heç olmasa iki avtoritet arasında gedən nüfuz davasını həbsxana divarları arasından çıxarmaq istəyir. Çünki Mədət Quliyev Xidmətə rəsi təyin olunandan sonra həbsxanalarda ciddi nizam-intizam yaratmaq üçün əlindən gələni edir. O, bir müddət əvvəl həbsxanalarda, hətta heç bir lotunun olmadığı haqda açıqlama da vermişdi. Lakin baş verənlər vəziyyətin əksini göstərir.

İki avtoritet arasında baş verən qarşıdurma nə ilə nəticələnəcək?

Bir məqamı da qeyd edək ki, Rövşən Lənkəranski ilə Qoca arasında gedən nüfuz davası və ümumiyyətlə onların adamlarının törətdiyi hadisələr haqqında “Qafqazinfo”ya şok xəbərlər daxil olub. Həmin xəbərlər əsasında maraqlı bir yazı hazırlanır və bu günlərdə oxuculara təqdim ediləcək. Sadəcə onu deyək ki, bir neçə ay əvvəl Bakıda yanan “Porsche” olayı, bir neçə gün əvvəl “Min bir gecə” restoranında baş verən qətl hadisəsi də iki avtoritet arasındakı münasibətlərin nəticəsi kimi təqdim edilir.

Artıq iş o həddə çatıb ki, MDB-nin nüfuzlu qanuni oğruları da hər iki şəxsə görə mövqe seçimi etmək məcburiyyətində qalıblar.

Qeyd etdiyimiz kimi bu mövzuda yazımız olacaq, izləməyi unutmayın.