“Ay xala, mən erməniyəm” - “Qadan alım, elə demə”

ay-xala-men-ermeniyem-qadan-alim-ele-deme-
Oxunma sayı: 1096

***
Bakıdan evə qayıdırdım. Qutab, limonad alıb, plaskart vaqonda oturub, qatarın yola düşməsini gözləyirəm. Dördnəfərlik kupedə iki nəfərik: mənimlə üzbəüz orta yaşlı bir qadın da oturub. Evə, Qazağa ya Tovuza, qayıdırdı.

- Oğlumun yanına gəlmişdim. Dənizdə işləyir. İki həftə vıxadnoyda idi. Bu gün ismeni başlayır. Poyuzun yola düşməsini gözləmək istəyirdi, dedim, işdən gecikməsin...
Qadının bileti yuxarı yerə idi. Sözləşdik ki, kupemizə başqa sərnişinlər gəlsə, mən üst polkaya qalxaram. “Belə qanacaqlı, mərifətli cavanlarımız” olduğuna sevindiyini gizlətmədi.
Nədənsə, adətən qatar yola düşən kimi sərnişinlər yeməyə başlayır. Mənim qutabımla limonadım stolun üstündə idi. Xala da oturduğu skamyanın altından balaca çantadan pendir, yumurta, göy-göyərti, toyuq ətini çıxartdı...

- Ye, qadan alım, sən cavansan, yeməlisən.
Yolda adamın dili açılır, adi həyatda bəlkə tanışlarına demədiyini az tanıdığı yol yoldaşı ilə bölüşür.
Bildim ki, qadının kənddə iki qızı, nəvələri var, Bakıdakı oğlu son beşiyidir, neft texnikumunu bitirib, bu yaxınlarda ona Razində ya Serebrovskidə mənzil veriblər.

- İndən belə bilmirəm nə qədər yaşayaram, oğul nəvəsi görmək istəyərdim. Atası göndərib ki, get gör, “rusa-zada ilişməsin”.
- Hə, mənim anam da deyir: kimi istəyirsən gətir, çörəyimizi xleb eləmə, - təsəlli verdim.

Biləcəridəmi, Lökbatandamı vaqonumuza təzə sərnişinlər mindi. Onlar rus sözləri qarışıq ermənicə danışa-danışa çantalarını kupemizə sarı sürükləyirdilər.

Qadın narahat olmağa başladı ki, “qırılmışlar” bizim kupeyə gələr: “İylərindən durmaq olmur”, - və “səhərə kimi mırt vuracaqlar”. Lakin bəxtimiz gətirdi: onların yeri vaqonun o biri başında idi.
Bələdçi Goran stansiyasına yaxınlaşdığımızı elan edəndə, mən düşməyə hazırlaşmağa başladım.
Yol yoldaşımla sağollaşıb-salamatlaşdıq.

-Qadan alım, bəs ismin nə oldu? - Adımı dedim. - Əstəğfürüllah. O nə addır, sənə qoyublar? - Günah iş görmüş kimi, yazıq-yazıq etiraf etdim ki, “ay xala, mən erməniyəm”. – Elə demə, qadan alım, yaxşı oğlana oxşayırsan, - ürək-dirək verdi mənə qadın.


Yanlış

Əsgərlikdən təzə gəlmişəm. Subaylığım anama rahatlıq vermir. Az-çox sir-sifətli bir qız görəndə, düşürdü üstümə ki, gedib tanış olmalısan: “Ayıbdır, 22 yaşın var, camaat nə düşünər”.
Hətta qonşu arvadlardan birinin məsləhəti ilə şəklimi Qaraqucaq kəndində yaşayan məşhur falçıya da göstərmişdi ki, “bəlkə bu oğlanın bir problemi var, ya da kimsə tilsim elətdirib”.
Bir gün dostum Arif dedi ki, bu həftə nənəngilə getməliyik, anana söz vermişəm.

Şənbə günü dördyola çıxıb, İmişli ya Ağcabədi avtobusunu gözləyirik. Səhv eləmirəmsə, Kirovabaddan bu istiqamətlərdə hərəkət edən avtobuslar Mardakertdən keçirdi.
Gedirik nənəmlə qonşuluqda yaşayan Liparitin nəvəsini bəyənməyə.

Avtobus doludur, oturaq boş yer yoxdur, ayaq üstə dayanıb pıçıldaşa-pıçıldaşa söhbət edir, gülürük.
Gülnisə xalanın oğluna qız bəyəndiyi yadımıza düşüb. Ona da yeganə oğlunun taleyi rahatlıq vermirdi. Bir dəfə gəlib ki: “Sənə bir yaxşı qız tapmışam. Göyçək, boylu-buxunlu. Həm də ağıllı-savadlı”.

- Ağıllı-savadlı olduğunu nədən bildin? – İsi soruşub.
- Anası deyir ki, bu il tibb institutundan kəsilib.
- Nə böyük iş olub?! Mən də iki dəfə Azİ-dən kəsilmişəm.
Deyib-gülürük. Təbii ki, azərbaycanca.
Mənə yaxın oturan qadınlardan biri yanındakına deyir: “Astvats dzer turkavetı ktre. Huntsa ye vet kyam shantsa” (Qarabağ erməni ləhcəsində: Allah türk iyinizi kəssin. Nə də iy gəlir e bunlardan).

Soruşuram: - Hür ana? Ürəna, ta indzənə? (Kimdən? Ondan, ya məndən?)
- Vuy, axçi, hayeran güdüma. (Vay, ermənicə bilirmiş)
- Yox, ay xala, yanıldın. Sənə yaxın duran mənəm. Mən isə erməniyəm. Dostumdur azərbaycanlı. O isə səndən xeyli aralı dayanıb.