“Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.
Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artıbır, o cümlədən qeyri neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir”, - Baş nazir qeyd edib.
***
Baş nazir əlavə edib ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48.8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9%-dir: “Makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.
Azərbaycan iqtisadiyyatı son illərdə texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil olub. İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlib, iqtisadi infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma əsas prioritetə çevrilib.
Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər Strategiyanın başlanğıc dövründə 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək”.
***
Ə.Əsədov qeyd edib ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur: “Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür.
Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026 - 3.5 mlrd.manat).
Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq”.
***
Onun sözlərinə görə, hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir: “Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni (8.7 mlrd.manat) təşkil edir.
Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir.
Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Və cənab Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər