“Azad sevgini sevmir bizim milli dəyərlər...” – Sevgi etirafı

azad-sevgini-sevmir-bizim-milli-deyerler-sevgi-etirafi-
Oxunma sayı: 796






Sevgi etirafı

hə, dostum sənə kimdən
deyim, kimdən danışım...
gəl, səni dəli kimi
sevməyimdən danışım

amma elə qorxuram
mənə “dəli” deyərlər
azad sevgini sevmir
bizim milli dəyərlər...

hə, dostum, axı necə
necə deyəydim sənə:
görüşdüyün qızlardan
bir də danışma mənə!

necə deyəydim axı
yollardan yığ gözünü
unut mənə dediyin
“əziz dostum” sözünü

ürəyinin soyuğu
titrədirdi səsimi
deyəmmirdim: sənintək
sevməmişəm heç kimi.

utanırdı baxışım
gizlənirdi gözündən
ruhum şirə çəkirdi
hər bir acı sözündən.

çoxdan anlamalıydın-
sevginin dili olmur
saçına sığal çəkən
ağappaq əli olmur.

dostum, elə qorxuram
mənə “dəli” deyərlər
azad sevgini sevmir
axı bizim dəyərlər...

Təzad

bəzən başqa cür olar
bu oyunun qaydası
üzündə gülüş doğar
qəlbinə dərd əkilər...
həyatın kiri-pası
al-əlvan boyalarla
təlxəklərin üzünə
sillə kimi çəkilər

***

otaq yoldaşınıza
yataq yoldaşınıza
çevriləndə tənhalıq
darıxmamaq üçün
divar kağızlarındakı
alın yazınızı
oxuyun...