Azadlığın yiyəlik, yönlük, çıxışlıq halı – Salam Sarvandan

azadligin-yiyelik-yonluk-cixisliq-hali-salam-sarvandan
Oxunma sayı: 1270







Azadlığın yiyəlik halı

Əvvəl «azadlıq» qışqırıb
səsini qaldırdın.
Sonra imperiyaya
yumruğunu qaldırdın.

Sonra bayraq qaldırdın.

Sonra saray tikintisinə
daş qaldırdın, taxta qaldırdın.
Sonra kimlərisə seçib TAXTa qaldırdın.

Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.



Azadlığın yönlük halı

Anayçun, arvad-uşaqçun,
lap elə vətənçün yaşayan insan
ömrün son illərini cənnətçün yaşar –
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.

Həə, deməli, məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan –
stola, divara, televizora…

Həə, deməli, yaşamaq da belədi –
bir «kibrit» axtarışında
arvada, uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.

Azadlığın çıxışlıq halı

Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.

Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…

Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.

Məsələn, model qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.