Azay Quliyev vitse-prezidentlə görüşdü

azay-quliyev-vitse-prezidentle-gorusdu
Oxunma sayı: 883


Doris Barnet Almaniya ilə Azərbaycan Respublikası arasındakı dostluq əlaqələrindən danışaraq  parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm platforma olduğunu söyləyib. Cənubi Qafqazdakı münaqişələr haqqında fikirlərini bildirən Almaniya Bundestaqının üzvü Azərbaycan və Ermənistan deputatlarının birgə görüşünün keçirilməsini təklif edib. 

Azay Quliyev Almaniyanın ölkəmizin mühüm tərəfdaşlarından biri olduğunu bildirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac olduğunu qeyd edib. Azay Quliyev Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin birgəyaşayışının təmin olunması və bölgənin gələcək statusunun müəyyənləşdirilməsi üçün iki icma arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Millət vəkili buna görə iki icmanın nümayəndələrinin görüşünün keçirilməsinin əhəmiyyətini bildirərək xanım Barnetden bu təşəbbüsü dəstəkləməyi xahiş edib. 

Azay Quliyev Almaniya parlamentdə Cənubi Qafqaz ölkələri dostluq qrupunun  fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Almaniyanın əsas partnyoru və Ermənistanla münaqişə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca qrupun yaradılmasını təklif edib.

Doris  Barnet  səsləndirilən təkliflərə müsbət yanaşdığını və onların ətraflı öyrəniləcəyini söyləyib. Xanım millət vəkili ATƏT-in PA-nın 2014-cü ilin yayında Bakıda keçiriləcək 23-cü illik sessiyasına Almaniya nümayəndə heyətinin 13 deputatla, tam tərkibdə qatılacağını bildirib.

Görüşdə ATƏT-in PA-nın Bakıda keçiriləcək qarşıdakı sessiyası çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında müzakirələrin davam etdirilməsinin faydalı olduğu qeyd olunub.