Azərbaycan beynəlxalq forumda dəyirmi masaya həmsədrlik edib

azerbaycan-beynelxalq-forumda-deyirmi-masaya-hemsedrlik-edib
Oxunma sayı: 822

17-20 may 2022-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Miqrasiya üzrə Qlobal Paktın 23 məqsədinə həsr olunan və adıçəkilən Paktın icrası istiqamətində bütün səviyyələrdə əldə olunan təcrübəni nəzərdən keçirmək məqsədilə dörd interaktiv çoxtərəfli dəyirmi masa təşkil edilib. Hər masaya BMT Baş Assambleyasının Prezidenti tərəfindən müəyyənləşdirilmiş iki üzv dövlətin nümayəndələri tərəfindən həmsədrlik edilib, habelə hər dəyirmi masada interaktiv müzakirəyə rəhbərlik etmək üçün əsas panelistlər təyin olunub.

Azərbaycan adıçəkilən Forum çərçivəsində təşkil olunan dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.

“Qafqazinfo” xəbər verir ki, forumun ikinci günündə keçirilən dördüncü dəyirmi masaya ölkəmiz adından Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə yanaşı, Mərakeş Krallığının BMT yanında Daimi Nümayənədsi Omar Hilal həmsədrlik edib.

Qeyd olunan dəyirmi masa “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 1-ci (Statistik məlumatlar), 3-cü (Məlumat təminatı), 7-ci (Həssaslığın azaldılması), 17-ci (Ayrı-seçkiliyin aradan qaldırılması) və 23-cü (Beynəlxalq əməkdaşlıq) məqsədlərinə həsr olunub. Azərbaycan tərəfindən həmsədrlik edilən dəyirmi masanın təşkilinə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti dəstək göstərib.

Panelistlər dəyirmi masanın diqqət mərkəzində olan Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb, habelə iştirakçıların suallarını cavablandırıblar.

Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab Antonio Vitorinonun rəhbərliyi ilə keçirilən siyasi dialoq çərçivəsində dördüncü dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Mərakeş Krallığının nümayəndəsi tərəfindən təqdim olunub.

Forum öz işini BMT Baş Assambleyası prezidentinin rəhbərliyi altında plenar sessiya ilə davam etdirəcək.