“Azərbaycan hər zaman onlara yerini göstərəcək”

azerbaycan-her-zaman-onlara-yerini-gosterecek
Oxunma sayı: 1530

“Üç il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfərə imza atdı. Bu ilin sentyabrın 19-da isə Silahlı Qüvvələrimiz bir günlük lokal antiterror tədbirlərini həyata keçirdi və suverenliyimiz tam bərpa edildi. 8 noyabr-Zəfər Günündə Xankəndi şəhərində keçirilən hərbi paradda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesajını çatdırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Prezident İlham Əliyevin bu fikirləri hazırkı vaxtda güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilməyən Fransa, ABŞ kimi ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən dövlətlərə ciddi çağırışdır. Azərbaycan müstəqil dövlətdir. Xarici siyasətinin prinsipləri dəyişməzdir.

Millət vəkilinin sözlərinə görə, ABŞ Konqresində bu mövzuda dinləmələr mütəmadi keçirilib. Hər dəfə Azərbaycana qarşı qərəzli mövqenin şahidi oluruq: “Dinləmələrin mövzusuna diqqət yetirdikdə tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalarda, xüsusilə BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında səsləndirdiyi bu mesajı bir daha xatırlatmaq istərdik: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Millət vəkili vurğulayıb ki, ABŞ Konqresi 1992-ci ildə ermənilərin və erməni diasporunun səyləri nəticəsində “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə edib: “Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının reallıq kimi qəbuluna səbəb olmuşdur. Ermənistan işğala məruz qalan, Azərbaycan isə işğalçı dövlət kimi təqdim edilirdi. Ədalətsiz “907-ci düzəliş” də işğalçı dövlətlərə tətbiq olunurdu. Ölkəmizə qarşı belə bir ədalətsiz qərarın qəbulunda məqsəd Azərbaycanı zəiflətmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. 10 il bu qərarın tətbiqi şəraitində yaşayan Azərbaycan nəinki zəiflədi, əksinə daha da inkişaf edərək iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Sözügedən dinləmələrdə çıxış edənlər bildirdilər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Təbii ki, Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Qeyd edək ki, ABŞ Senatı Azərbaycana yardımı dayandıran qanun qəbul etdi. Qanun Azərbaycan ilə bağlı ədalətsiz 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır. “Azadlığa Dəstək Aktı”na edilən ədalətsiz 907-ci düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ Prezidenti tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minmədən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır”.

Malik Həsənov qeyd edib ki, dünyada baş verən müharibələrə, dövlət çevrilişlərinə, siyasi kataklizmlərə diqqət yetirsək hər birində ABŞ-nin iştirakını və rolunu görərik: “ABŞ bir dəfə də olsun Ermənistanı işğalçılıq siyasətinə görə qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Azərbaycan hər zaman daxili işimizə qarışmaq, diqtə etmək istəyənlərə yerini göstərib və bundan sonra da göstərəcək”.