“Azərbaycanın davamlı inkişafı yeni-yeni hədəflərə yol açır. Son dörd ildə tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar ölkəmizin qarşısında yeni imkanlar açır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
O, qeyd edib ki, 2024-cü ilə yeni hədəflərlə qədəm qoyan Azərbaycanın ötən 8 ayda qazandığı uğurlara, müstəqillik tarixinə yazdığı qürurverici hadisələrə diqqət yetirmək kifayətdir:
“Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazilərində keçirilən prezident və parlament seçkiləri özündə mühüm çağırışları əks etdirir. Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizin uğurlarından və qarşısında dayanan vəzifələrdən geniş bəhs etdi. Ötən ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı oldu. Dövlət başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, eyni zamanda, Dövlət Suverenliyi Günü kimi təsis edildi. Atılan bu addımlar tarixi Zəfərimizin, ölkəmizin suverenliyinin bərpasının əbədiləşdirilməsinə xidmət edir”.
Deputat bildirib ki, son dörd ildə Azərbaycan bütün sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurları ilə diqqətdədir:
“Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bunu əsaslı şəkildə diqqətə çatdırdı və belə bir reallığıda xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatlarının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. İkili standartlar əsasında qurulmuş ittihamlar davam etsə də, bu, nə Azərbaycan dövlətinin, nə də xalqımızın iradəsinə təsir edə bilər. Ölkəmizin real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatı bütün cəhdlərin qarşısını qətiyyətlə alır.
Azərbaycan 30 illik işğal dövründə mütəmadi olaraq ikili siyasətlə üz-üzə qaldı. Lakin bu, xalqımızı heç zaman ruhdan salmadı. Dövlətimizin uğurlu siyasəti nəticəsində hər bir sahədə qazandığımız uğurlar davamlılığı ilə dünyanın diqqətində oldu. Azərbaycan hədəfdən-hədəfə doğru inamla addımlayaraq bu günkü reallıqlara nail oldu. Cənab İlham Əliyev çıxışında bu məqamı da vurğuladı ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.
Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə diqqətdə olur.
Deputat onu da əlavə edib ki, sentyabrın 24-də keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də Azərbaycan dövlətinin gücünün və hərbi qüdrətinin nümayişi olub:
““ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır. Dövlət başçısı İlham Əliyev sərginin iştirakçılarına ünvanladığı məktubda ölkəmizin hərbi sahədə qazandığı uğurları diqqətə çatdıraraq bu məqamı xüsusi qeyd etdi ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir”.
M.Həsənov Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylərdən də danışıb. O vurğulayıb ki, ölkəmiz daim sülhün tərəfdarıdır.