“Azərbaycanda jurnalistlər baş verənlərin 99 faizindən bixəbərdir” - Yaranış

azerbaycanda-jurnalistler-bas-verenlerin-99-faizinden-bixeberdir-yaranis
Oxunma sayı: 932






“Qafqazinfo” saytı portalın baş direktoru Elbrus Ərudun “Həftə içi” qəzetinə verdiyi müsahibəni təqdim edir


Azərbaycan mediasinda ən çox oxunan və qısa müddətdə məşhurlaşan “qafqazinfo.az” saytının fəaliyyətə başlamasının iki ili tamam olur. 2010-cu il avqustun 16-da cəmi bir neçə əməkdaşla ölkənin internet mediası bazarına daxil olan “qafqazinfo.az” ötən il 20 minə qədər, bu il isə 35-40 minə qədər gündəlik giriş qazana bilir.

Ad günü ərəfəsində “qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərud “Həftə içi”nin qonağı olub. Müsahibimiz söhbətə oxucuların tələbatını nə dərəcədə ödəyə bilmələrindən başlayır:
- Əgər oxucu varsa deməli biz oxucuya istədiyini verə bilirik. İndi də, yayın bu istisində, mətbuatın ölü bir dövründə saytımıza 19-20 min İP giriş var. Heydər Əliyev Mərkəzi yanan gün 38 mindən çox giriş olmuşdu “Qafqazinfo”ya. Bu, onu göstərir ki, ölkədə internetdən başı çıxan hər kəsin “Qafqazinfo”dan xəbəri var. Ölkənin ən yuxarı təbəqəsindən tutmuş, fəhləsinə qədər hər kəs saytımızı oxuyur. Bizim sayt mövqeyindən asılı olmayaraq hər kəs üçün informasiya mənbəyidir.

- İki yaşını qeyd etməyə hazırlaşdığınız “Qafqazinfo” dünyaya oğlan gəlib, yoxsa qız?
- Təbii ki, Azərbaycanda hamı oğlan istəyir. Bu yaxınlarda bir rus xanımla söhbət əsnasında ona iki oğlumun olduğunu dedim. Qayıdıb məndən soruşdu ki, siz azərbaycanlılardan kimi dindirirsən deyir ki, oğlum var. Bəs sizin qızlarınız hardadır?.. O söz mənə ciddi təsir edib. Ona görə də oğlan demək istəmirəm. Ancaq söhbət bu sualla saytın uğurunu müəyyənləşdirməkdən gedirsə hər halda, mənə elə gəlir oğlan desək, daha yaxşı olar. Bəlkə heç oğlan da demiyək. Bəlkə elə canavar kimi təqdim edək, onda heç cinsinin nə olduğu da önəmli olmaz.

- Ancaq dovşan kimi də dünyaya gələ bilərdi?
- Ola bilərdi, ancaq bir redaktor kimi deyə bilərəm ki, bu gün “Qafqazinfo” canavar kimidir. Kimlərsə “bu xəbəri verim- vermiyim” deyə düşünəndə “Qafqazinfo” düşünmədən verir. Canavar cəzarətli, təhlükəni sevən, ağıllı, gözlənilməz addımlar atan və risklidir. Düşünürəm ki, uğurlu bir müqayisə etdim.

-Bu cəsarət problem yaratmayıb ki?
- Bəzən olur, amma xəbər şirindir axı, xəbərə xəyanət etmək olmaz. Məmməd Arazın bir sözü var: “Cəsarət, kişinin isdedadıdır”. Jurnalist bildiyi xəbəri gizlətməməlidir, dərhal paylaşmalı, oxuculara çatdırmalıdır. Əgər çatdırmırsa o artıq xəbərə xəyanət edir. Çalışırıq ki, jurnalistikaya, informasiyaya xəyanətimiz az olsun. Mən bildiyim xəbəri oxucularımla paylaşmışam. Həm rəhbəri olduğum saytda, həm də işlədiyim yerlərdə. Bu xəbərdisə, niyə qalmalıdı, yayılmalıdır da. Bu, bizə problem yaratsa da, işimiz budur. Bundan narahat olanlar, zəng edib təhqir edənlər, hədələyənlər, məhkəməyə verənlər olsa da, informasiyanı çatdırmaq, yaymaq bizim işimizdi.

- İki yaşlı “Qafqazinfo” özünü ayaqüstə saxlamağı bacaran internet mediasıdır. Maraqlıdır, “Qafqazinfo”nun dayaqları nədir?
- Siz konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Həm maliyyə, həm informasiya mənbəyi, həm yaradıcı kollektivi nəzərdə tuturam. Məsələn, mən 1 il öncə sizin redaksiyada oldum, orada cəmi 3-4 cavan əməkdaş vardı...
- Mən işə elə 2-3 nəfərlə başlamışam. Dostum Elnur Məmmədli ilə “Qafqazinfo”nu açmışıq. Sonra bir neçə tanış yığıldı ətrafımıza və indi komandamız 10 nəfərdən çox deyil. Mənim böyük informasiya potensialım var. Ümumiyyətlə, mən həmişə hadisə yaratmağı bacaran jurnalist olmuşam. Parlament müxbiri olduğum vaxtlarda, Milli Məclisdə çox sakitçilik olanda belə oradan elə xəbərlər tapıb çıxarmışam ki, manşet olub. Küçədə deputatların elə davasının şahidin olmuşam ki, onu ölkənin manşetinə çevirmişəm. Mən jurnalistika fəaliyyətimdə dəfələrlə ölkənin gündəmini dəyişmişəm. Heç kimin gözləmədiyi, adi qarşıladığı xəbəri mən partlada bilmişəm. Məsələn, elə Sirus Təbrizinin YAP-ın ünvanına səsləndirdiyi çox ağır ittihamlar mənim materialım kimi yayılıb. Ondan sonra Sirus Təbrizini YAP-dan çıxardılar. Çalışdığım hər yerdə dostlarım olub, əlaqələrin indi də çoxdur. Ölkənin ictimai siyasi adamlarının bir çoxu ilə dostluğum var.

-Belə çıxır ki, birinci əsas dayaq jurnalistika üçün sərbəstlik və azadlıqdı?
- Əlbəttə. Əsas dayaq həm də mənbələrdir. Mənim ciddi informasiya mənbələrim var. Mən indi də oturduğum yerdə, xəbər yoxdusa xəbər tapıram. Bir də bilirsiz, nədənsə yazanda xəbər öz-özünə axmağa başlayır. Siz xəbəri axtarmırsız, artıq xəbər özü gəlib sizi tapır. Məsələn, bir neçə gün əvvəl avtoritetlərlə bağlı bir xəbər yazmışdıq. Onun dalınca həmin mövzuya aid 5 xəbər özü gəldi. Yəni bu işlə məşğul olanda artıq kanal yaranır, bununla da xəbərlər axmağa başlayır. Maddi dayanıqlığa gəlincə, biz işə çox cüzi xərclərlə başlamışıq. Demək olar ki, öz hesabına yaradmışıq saytı. Vaxt olub ki, aylarla jurnalistlərə pul verə bilməmişəm. Ancaq geri çəkilməmişəm. Mən şirinçayla müharibədə qalib gələn sərkərdə olmuşam. Çətin olub, ancaq əməkdaşları da inandırmışam ki, işləməklə hər şeyi həll edə bilərik. Sürünə-sürünə gəlib bu səviyyəyə çıxa bilmişik. İndi artıq reklamlar gəlir, PR müqavilələrimiz var. Allaha şükür, işləyib dolanırıq. Heç kəsdən pis də deyilik, yaxşı da.

- Elbrus bəy, doğurdandamı ilk vaxtlarda sizə heç bir maddi yardım olmayıb?
- Mən bu suala 50-60 dəfə cavab vermişəm, yenə də verərəm. Belə yerdə insana əlbəttə ki, dəstək olur, hamıya dəstək olub. Ancaq hər uğurun arxasında maddi qaynaq axtarmaq düzgün deyil. Heç “Qafqazinfo”nun uğurunun səbəbi də maddi qaynaq deyil. Azərbaycanda üzdə olan mətbuatın 99 faizinin maddi dəstəyi var. Hətta ən radikal müxalifət qəzetlərinin də. Əsas şərt bu deyil, əsas necə işləyib uğur qazanmaqdır.

- Sizcə bu gün Azərbaycanda mətbuat bazarı özünə tələbat yarada bilirmi?
- Azərbaycanda bütün bazarlar kimi, mətbuatın da bazarı azad və sərbəst deyil. Mətbuat nəzarətdə, monopoliyadadır. Bizim saytı fəaliyyət göstərdiyi iki ildə 5 dəfə dağıdıblar. Mən təzədən min bir əziyyətlə fəaliyyətimizi bərpa etmişəm. Bunlardan bezib kənara çəkilə də bilərdim. Ancaq geri çəkilmədim, qalıb işimi davam elədim. Azərbaycan mətbuatının yeganə çıxış yolu müstəqilliyindədir. Mətbuatda müstəqillik yaransa, peşəkarlıq da, pul da olacaq.

- Müsahibələrinizin birində “APA mənim vətənimdir, mən övladam. Ömür boyu ata evində qalan deyiləm” demisiniz. Bu gün, “Qafqazinfo” atasının yolunu davam etdirirmi?
- Atasının yolu ilə gedən övlad heç vaxt uğur qazana bilməz. Bir gün Şekspir oğlundan soruşur ki, böyüyəndə nə olmaq istəyirsən? Oğlu atasının xoşun gəlməsi üçün deyir, mən də böyüyədə Şekspir olmaq istəyirəm. Atası deyir, səndən heç nə olmayacaq. Oğlu səbəbini soruşanda ata cavab verir: “Mən Allah olmaq istəyirdim, gəlib Şekspir oldum. Sən Şekspir olmaq istəyirsənsə, deməli, səndən heç vaxt heç nə olmayacaq”. Mən əlbəttə ki, APA-nın yolunu davam etdirmək istəmirəm. Əgər bunu istəsəydim elə orada qalardım. Düşünürəm ki, APA-nın uğuru “Qafqazinfo”nun daha da qabağa getməyindədir. Övlad valideyinindən bir yox, imkanı varsa beş addım da irəlidə olmalıdır.

- Maraqlı tendensiya müşahidə olunur: saytlar açıq-saçıq məlumatlar yaymaqla oxucu yığırlar. Sizdə də belədir. Bu, oxucuya hesablanmış bir şeydir, yoxsa gündəmi tutursunuz?
- Hər ikisi var. İndi şou xarakterli yazıları izləyənlər ciddi informasiya əldə etmək istəyənlərdən çoxdur. İctimai-siyasi adamlar daha çox şouya maraq göstərirlər, nəinki adi vətəndaşlar.Türkiyə mətbuatında şou xəbəri ciddi xəbərlə yanaşı manşetə verilir. Müğənni Hadisə haqda olan xəbər Ərdoğanın Suriya ilə bağlı verdiyi açıqlamadan çox oxunur. Türkiyə mətbuatı indi ən çox oxunan mətbuatdı dünyada. Elə biz də bütün gün türk saytlarının qarşısındayıq. Düzdü, əgər mən bütün gün şoudan, seksdən, erotikadan yazsam ağ eləmiş olaram. Ancaq maraqlı materiala bizim saytda həmişə yer var.

- Bəzi saytlarda bu qədər açıq-saçıqlıqlıq yoxdu, ancaq oxunurlar.
- Məsələn…

- Elə sizing özünüzün vaxtilə çalışdığınız APA.
- APA informasiya agentliyidir, axı.

- Siz də informasiya agentliyisiniz də. İşiniz xəbər çatdırmaqdır.
- “Qafqazinfo” xəbər portalıdı. Düzdü, bizdə də şou xəbərləri olur. Ancaq mətbuatın 99 faizindən fərqli olaraq, “Qafqazinfo” ictimai-siyasi gücü saxlaya bilir özündə. Oxucular “Qafqazinfo”nu xəbər saytı kimi qəbul edir, əyləncə saytı kimi yox.

- Saytınızda daha ciddi yazılar, xəbərlər, maraqlı araşdırmalar niyə azlıq təşkil edir?
- Azərbaycan elə bir məkandır ki, burada mətbuat sadəcə başını qatır. Azərbaycanda jurnalistikada yazı yazmaq üçün hövsələ, səbr yoxdur, kadrlar azdı. Kimsə gedib bir araşdırma yazı üçün bütöv ayını həsr edəcək. Ancaq nə onu oxuyan olacaq, nə də yaxşı maaş yazacaqlar.

- Bəs, nə vaxta qədər belə davam edəcək?
- Bu gün ölkədə baş verən xəbərlərin bir faizini belə mətbuat işıqlandırmır. Mən çoxdandır bir halı müşahidə edirəm ki, bu ölkədə jurnalistlər qədər bixəbər adamlar yoxdur. Bu onunla bağlıdır ki, jurnalistlər gəzmir. Ölkədə baş verənlərin 99 faizinədn xəbərsizdir jurnalistlər. Adi bir çayxanada oturanda, ya hərbi xidmət zamanı görürsən ki, burda nə qədər xəbər var. Ancaq bunların heç biri mətbuatda çıxmır. Gözləyirik ki, nə isə baş versin gedib çəkək gələk. Ancaq biz bacardığımız qədər kimlərinsə verməyə risk etdiyi xəbərləri veririk. Bu səbəbdən oxunaqlı saytlar arasında ilk üçlükdə “Qafazinfo”dur. Tezliklə ilk yeryərə sahib olacağıq. 70-80 min oxucunu özümlə gəzdirəcəm.

- Deyəsən, hədəfiniz “musavat.com”u keçməkdir…
- Burada söhbət “musavat.com”u keçməkdən getmir. “musavat.com” hazırda Azərbaycanın ictimai-siyasi həyatında ən çox oxunan saytdır. Mən bir dəfə demişəm ki, onun birinciliyini keçəcəm. “musavat.com” bu gün çox oxuna bilər, ancaq düşünürəm ki, ölkədə ictimai rəyə təsir edən yeganə sayt ancaq “Qafqazinfo”dur. Çünki “müsavat”ın, “azadlıq”ı yazdıqlarını adətən qulaqardına vururlar. Çünki müxalifət saytları kimi qəbul olunublar. Ancaq “Qafqazinfo” bitərəf olduğu üçün yazdığı hər bir şey ciddi reaksiyalara səbəb olur.

- Mənə elə gəlir ki, “Qafqazinfo” əslində müstəqil deyil.
- Məsələyə istənilən cür yanaşmaq olar. Bu sözü istənilən media qurumu haqqında da deyə bilərik. Mətbuatın əsas missiyası ölkənin ictimai-siyasi həyatı ilə bağlı olan hər xəbəri verməlidir, İlham Əliyevi də, İsa Qəmbəri də, Əli Kərimlini də işıqlandırmalıdır. Müstəqil mətbuat ölkədəki ictimai-siyasi məsələlərə səssiz qalmamalıdır. O cümlədən Londonda baş verən biabırçılıqlar da işıqlandırmalıdır. Mən bacardığım qədər belə xəbərləri işıqlandırırıram. Müstəqil portal mütləq hakimiyyəti yıxıb sürüməlidir ki? Əlbəttə yox. Mən siyasi yox, xəbər hakimiyyəti uğrunda mübarizə aparıram.

- Gələk qonorar məsələsinə. Yazıları necə qiymətləndirirsiniz. Bir yazıya nə qədər qonorar verirsiniz?
- O baxır yazıya. Məsələn, Həmid Herisçi İlham Əliyev haqqında portret yazı yazmışdı. O yazı xoşum gəldiyi üçün həmin vaxt cibimdəki pulun hamısını, 200 manat verdim. Amma ümumilikdə ortalamama götürsək, bizdə bir yazının qiymət 20 mant da ola bilər, 50 manat da.

- Məhkəmə çəkişmələriniz olurmu?
- Bir idmanla bağlı istisnanı çıxmaqla hələ ki, olmayıb. Çünki mən bilmədiyim xəbəri yaymıram, 99 faiz əmin oluram ki, bu xəbər düzdür, onda verirəm. Əmin olmasam vermərəm. Müstəsna hallarda xəbəri verməkdən imtina edərəm, o halda ki, söhbət ölkənin təhlükəsizliyindən gedir. Ancaq xəbərdən imtina etmək olmaz, varsa verməlisən.

- “Heç kimin xətrinə dəyməsək, özümüzü çox tərbiyəli aparsaq işləyə bilmərik” -demisiniz. Bəyəm jurnalistikada uğur qazanmaq üçün tərbiyəsiz olmaq lazımdır?
- Mən APA-da işləyəndə bir kəndçimiz gəlmişdi yanıma. Oğlunu təqdim eləyib “çox ağıllı, savadlı, sakit, mehriban, başıaşağı uşaqdır, jurnalistika fakültəsində oxuyur, jurnalist olmaq istəyir” dedi. Dedim bundan jurnalist olmayacaq, götür apar. Çünki jurnalistin başı dik, özü qanacağsız, mədəniyyətsiz, tərbiyəsiz olmalıdır. Riski sevməli, hətta kiməsə təpik, ayaqqabı atmağı bacarmalıdır.

- “Qafqazinfo”da var kiməsə ayaqqabı ata biləcək jurnalist var?
- Elə mən özüm.Tam ciddi deyirəm, Karagen Bakıya gələndə mən onu vurmaq istəyirdim. Bir hal qarşımı kəsdi. Mühafizəçilər mənim bu fikrimdən xəbər tutdular, bildirdilər ki, səni silahla vura bilərik.

-Nə ilə vuracaqdın Karageni?
- Ya ayaqqabı, ya diktafon. Ancaq kiməsə ayqqabı və ya diktafon atmaq bizdə hədəfə dəyə bilməz. Bu özünü göstərmək, tərbiyəsizlik kimi qarşılanar. Halbuki bu etiraz növüdür. Ümumiyyətlə, jurnalist etirazçı olmalıdır, emosiyaları ilə hərəkət etməlidir. Mən hələ APA-da işləyəndə “Gülüstan” Sarayında müdafiə nazirinə yaxınlaşıb Sərkisyannın cəbhə xəttinə gəlməsilə bağlı sual verdim. Nazir hardan gəldiyimi soruşdu, dedim APA. Qayıtdı ki, sən filankəsin agentisən. Mən o sözdən keçə də bilərdim, susardım. Ancaq keçmədim və sözləşdik nazirlə. Öz kollektivimizdə olan uşaqlara da bunu öyrədirəm. Deyirəm dava da etsəniz, döyülsəniz də xəbər gətirin. Hətta evdən də xəbər gətirin. Mənim bir journalist dostumun qaynatası polisdir. O hər gün qaynatasından bizə bəlkə 4-5 xəbər oğurlayıb ötürür.

- Sizin bir fərqiniz də ondadır ki, saytınız şərhlərə açıqdır. Bu, problem yaratmır ki?
- Bu, bir növ ictimai jurnalistikadır. Biz oxucularımıza bu şəraiti yaradırıq ki, öz fikirlərini deyə bilsinlər. Bəzən bizim üçün də maraqlıdır ki, görəsən hansısa xəbər haqqında cəmiyyət nə düşünür. İnanın, “Qafqazinfo”nun uğurunun səbəblərindən biri də o şərhlərdir. Gün ərzində gələn 100 şərhdən 99-nu veririk. Ancaq həddən artıq pis sözlər işlədilən, təhqirə yol verən şərhləri vermirik. Müəlliflər yazılan şərhlərdən inciməməlidir. Çünki onların yazısı yuxarıda gedir. Altında nə yazılır qoy yazılsın. Bir az dözümlü olmaq lazımdı, vəssalam.

- Siz özünüz informasiyanı haradan qəbul edirsiniz? Hansı sayt və ya qəzetlə ödəyirsiniz informasiya tələbatınızı?
- Əsasən, “Yeni musavat”, “Azadlıq” qəzetlərinin, “Azadlıq radiosu”nun saytına, APA, “Trend” və “Azərtac”a baxıram. Öz saytımıza da xəbərləri bəzən bu saytlardan götürüb istinadla veririk. Mənim üçün əsas informasiyadır.

- Media kapitanları arasında xüsusilə dostluq etdikləriniz varmı?
- Həzrəti Əlinin bir sözü var ki, hər kəsin qiyməti onun elmi və biliyi qədərdir. Mən artıq necə deyərlər, sevdiyim yeməkləri yeyirəm. Hətta atam, qardaşım da zəng edəndə danışmaq istəmirəm. Artıq öz adamlarım var mənim. Mən özüm müəyyənləşdirmişəm ətrafımı və onlarla da rahatam. Redaktorlarla münasibətə gəlincə, mən daha çox adi jurnalistlərlə, köşə yazarları ilə dostluq edirəm. Ancaq əlbəttə, redaktorlarla da münasibətlərim var. Rauf Arifoğlu ilə, Vüsalə Mahirqızı ilə əlaqə saxlayırıq. Məsələn, hamı elə bilir ki, mən KİVDF-nin rəhbəri Vüqar Səfərlini vururam. O özü də elə düşünür ki, mənim onunla problemim var. Allaha and olsun ki, mənim bu adamla heç bir porblemim yoxdur, olmayıb, bundan sonra da olmayacaq. Sadəcə, bir problem yaşandı aramızda və mən bu haqda saytımızda yazdım. Bundan sonra Vüqar Səfərovla dəydi. Amma onun haqqında yaxşı xəbər olsa da, mən verirəm.

- Özünüzü sübut edə bilmisiniz fəaliyyətiniz dövründə?
- Azərbaycan səviyyəsində sübut edə bilmişəm. Ancaq dünya miqyasında tanınmaq istərdim. Təbii ki, “Qafqazinfo”nun rəhbəri kimi. İşimi çox sevirəm, mən bu sahədə əjdah olmaq istəyirəm.

- Maraqlıdır, reklamdan illik gəliriniz nə qədər olur?
- Şükür, pis deyil. İllik dəqiq deyə bilmərəm, ancaq aylıq 3-4 min gəlir olur. Bunu da ilə vuran da (özü üçün hesablayır – N.İ) haradasa 40-50 min edir. Bundan da çox ola bilər. Ancaq xərclər də var axı. Bəzən elə olur aylıq xərclər gəlib çıxır kəllə-çarxa.

-Ən bahalı xəbəri neçəyə alırsınız?
- Düzü,mən buna elə də fikir vermirəm. Çünki xəbərdi, gəlib məcburam alım. Almaya da bilərəm, ancaq mən sayt rəhbəriyəmsə, xəbərin qiymətinə baxmamalıyam. Bəzən hətta borca da girib xəbər alıram. Qoy jurnalist bilsin ki, “Qafqazinfo”da onun xəbəri, köşəsi, araşdırması, reportajına həmişə yer var. Jurnalistə verilən pul heç vaxt batmır, mən onun verdiyi məhsulu almasam, başqası alacaq. Gərək elə edəsən ki, hamı sənin yanına gəlsin. Ona görə də hamı mənim yanıma gəlir.

-Ştatdankənar jurnalistlər necə, onlara nə qədər maaş verirsiniz?
-Bizdə kənardan yazan jurnalistlər çoxdu. Bəzən özləri deyir ki, bu xəbəri ver, başqa saytlar vermədi. Ancaq mən verirəm. Bizə köşə, reportaj yazanlar da var. Məsələn, mən Aynur Elgünəşi Azərbaycanın istedadlı və bacarıqlı jurnalistlərindən biri hesab edirəm. Onun reportajı, araşdırması yaxşıdırsa, əlbəttə ki, yaxşı da qonarar yazacam ona. Bir müddət öncə Aynur mənə “Virtual Qarabağ biabırçılığı” adlı yazı vermişdi. Şuşanın internetdə azad edilməsiylə bağlı yazı idi. Mən o yazını necə aşağı qiymətləndirə bilərəm. Bu mənim pulumun çoxluğundan yox, journalist əməyinə verdiyim qiymətdən irəli gəlir. Mən xəbərə verəcəyim pula deyil, xəbərin özünə baxıram. Mən əmin olmadığım xəbəri saytımda yerləşdirmərəm. Bu yaxınlarda belə bir informasiya yaymışdıq ki, Hüseyn Abdullayev Röyanı rədd edib. Məlum məsələdir ki, Röya Hüseyn Abdullayevlə məşhurlaşıb, onu bu adam yaradıb. Sonra mən dəqiq bir məlumat əldə etdim ki, məlum səbəblərdən Hüseyn Abdullayev Röyayala iş birliyinə son verərək, onu rədd edib. Bundan sonra Röya mətbuat konfransında xəbəri təkzib etdi. Ancaq o artıq Hüseyn Abdullayevin mahnısını ifa etməyəcək. Əgər Röya Hüseyn Abdullayevin mahnısını oxusa, mən “Qafqazinfo”nu bağlayaram. Yəni mən əmin olmadığım xəbəri yaymaram.

- Bu iki ildə “Qafqazinfo”nun dostları çoxalıb, yoxsa düşmənləri?
- Yaltaq və yalançı dostlarım çoxalıb. “Qafqazinfo”nun uğuruna sevinənlər azdı. Hamısı “qardaş, bir dənəsən, eşq olsun sənə” deyir. Ancaq bunu mənim üzümə deyil kənarda desin, gedib bir dəfə də Vüqar Səfərliyə desin o sözü. Elə baş redaktorlar var ki, Vüqar Səfərlinin yanında mənmi arxamca danışır, sonra zəng edib məni həmin iclasda tərfilədiyini deyir. Təbii, yaxşı dostlarım da var. Artıq çoxdan seçmişəm ki, kimlər mənim dostlarımdı.

- Özünüzün şəxsi sosial durumunuz necədir?
- Pis deyil çox şükür. Evim də var, maşınım da.

- Əvvəlcədən vardı, yoxsa, “Qafqazinfo”dan sonra əldə etmisiz bunları?
- Evim də, maşınım da elə əvvəldən olub. Yəni 2008, 2009-dan.

-Ancaq indi son marka maşın sürürsünüz, axı?
- Vallah bunu məndən bəlkə 100 dəfə soruşublar (gülür). Mənim evim də var, maşınım da sadə və özümə layiqdir. 15 ilə yaxın kirayədə yaşamışam ağır şəraitdə. İndi də yüksək şəraitdə yaşamıram. Ancaq normaldır. Mən yaşamağı bacaran insanam. Əvvəldən elə maşınım olub. Maşını hamı kimi mən də kreditlə almışam. Evimi tikəndə götürdüyüm krediti hələ beş il bundan sonra ödəyəcəyəm. Ancaq indi məni maşın, bahalı saat, ayaqqabı maraqlandırmır. Mən ən yaxşı yazımı belə bahalı maşına dəyişmərəm.

- Yəni 2 ildə maddi vəziyyətiniz heç dəyişməyib?
- Demək olar ki, dəyişməyib. APA-da olanda kirayədə qalırdım. Sonra ipoteka krediti ilə çətinliklə də olsa, ev tikdim. Heç nə dəyişməyib. Elə o vaxt nələrə sahib idimsə, indi də elədir. Mənim hədəfim pul, var qazanmaq deyil. Əsas məqsədim ictimai kapital qazanmaqdır.

- Amma bildiyimizə görə, sizə Səbail rayonu ərazisindəki binaların birindən ev veriblər.
- Mənə? Nə vaxt veriblər o evi görəsən? Lap sevindirdin məni (gülür). Versələr götürərəm. Niyə də götürməyim, axı? Ancaq zarafat bir yana, qətiyyən elə bir şey yoxdur. Necə ola bilər ki, xüsusilə mənə ev versinlər?

- “Qafqazinfo”nun adı gah Adil Əliyevlə, gah da Allahşükür Paşazadə ilə hallandırılır. Yəqin ki, səbəbsiz deyil…
- Düzü, mən bayaqdan şokdayam ki, nə əcəb bu sualı vermədiniz. Çünki məndən müsahibə alanlar birinci bu sualı verirlər. Azərbaycan xalqı qəribədir də, kimə salam verirsən deyirlər onun saytıdı. Kimisə tənqid edirsən, deyirlər tapşırıq alıb bu adamı vurmağa. Bunlar hamısı mətbuatın küçə söhbətləridir. Ciddi söhbətlər deyil. Bir dəfə Adil Əliyevə dedim ki, hamı mənə “Qafqazinfo” ya Adil Əliyevin, ya da Allahşükür Paşazadənin olduğunu söyləyir. Adil müəllim buna çox maraqlı cavab verdi. Dedi bir də səndən bu haqda soruşsalar de ki, “Qafqaz” hissəsi şeyxin, “İnfo” hissəsi Adil Əliyevindir.

Nigar İxtiyarqızı

P.S. “Həftə içi” qəzetinin kollektivi “Qafqazinfo.az”ın 2 yaşının tamam olması münasibətilə həmkarlarını təbrik edir, onlara daha böyük nailiyyətlər, bol-bol sevincli xəbərlər arzulayır.