Xarici ölkələrdə, xüsusilə də qonşu Türkiyənin telekanallarında kreativ, maraqlı ssenari əsasında çəkilmiş reklamlara tez-tez rast gəlirik. Ancaq ölkəmizdə fəaliyyət göstərən şirkətlər bu kimi reklamları ya xarici agentliklərə sifariş verir, ya da ki reklamın kreativ alınmasında heç maraqlı olmur.
Bu zaman sual yaranır ki, niyə yerli şirkətlər xarici ölkələrdən fərqli olaraq daha çox qəlibləşmiş, standart reklamlara üstünlük verirlər?
“Qafqazinfo” bunun səbəblərini öyrənmək üçün kiçik bir araşdırma aparıb. Məlum olub ki, əsas səbəblərdən biri reklam sifarişçisinin müəyyən etdiyi büdcənin azlığı, digər bir səbəb tələb olunan kreativ fikirlərin yetəri qədər olmamasıdır.
Marketoloq və PR mütəxəssisləri arasında keçirdiyimiz kiçik bir sorğu nəticəsində “Nar” operatorunun 3 dəqiqə reklamı ən çox bəyənilənlər arasında oldu. Hazırda Azərbaycanda əsas reklam sifarişçilərindən olan “Nar” mobil şirkəti bu və digər TV reklamları üçün əsasən xarici agentliklərə müraciət edir. Şirkətinin marketinq ünsiyyət vasitələri üzrə rəhbəri Dilarə Bəylərova bunun səbəblərini belə izah edib:
“Həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən bir neçə şirkətlə əməkdaşlıq edirik. Düzdür, TV çəkilişlərimizi həm ideya, həm də çəkilişini xarici şirkətlər edir, ancaq taktiki kampaniyalarımızı yerli şirkətlərə həvalə edirik. Bunun da bir çox səbəbi var. Azərbaycanda prodakşn agentliklərində keyfiyyət məsələsi hələ də axsayır. Bütün çəkiliş komandasını xaricdən gətirmək lazımdır ki, bu da baha başa gələn bir prosesdir. “Nar” onsuz da reklama yaxşı büdcə ayırır. Əsas təklifin nədən ibarət olduğuna baxırıq. Elə olub ki, reklam sifariş etmişik, ancaq ərsəyə gələn zaman gözlədiyimiz nəticəni ala bilməmişik. Bu hallara daha çox taktiki kampaniyalarda rast gəlirik”.
“Nar”ın ən çox bəyənilən reklamı
PR mütəxəssisi Vüqar Baba bildirib ki, Azərbaycanda sırf şirkətinin adı telekanallarda səslənsin deyə reklam sifarişi verənlər var. Bu səbəbdən də onlar reklam çarxları üçün böyük büdcə ayırmaqda maraqlı deyillər:
“Azərbaycanda istər reklam, istər PR, istərsə də digər sahələr yenidir. Necə ki, professional avtobus sürücümüz, mühasibimiz, saç ustamız yoxdursa, o cümlədən professional reklam çəkənimiz də yoxdur. Sırf individual məsələyə gəldikdə isə əsas iki səbəb var. Birincisi reklam sifariş verənlərdir ki, zövq, reklam anlayışı tamam fərqlidir və sırf görmək istədiyini tələb edir. Bu zaman da reklam agentliyi məcbur qalır ki, müştərini razı salmaq üçün onun istədiklərini etsin. Hazırda ölkəmizdə sırf ətrafındakı insanlara özünü göstərmək, şirkətinin adının teleleviziyada səslənməsi üçün reklam sifariş edənlər var. Hətta dost ortamında “bax, mənim də PR menecerim var” demək üçün işçi götürənlər belə var. Kiçik və orta büdcə ilə də agentliklər maraqlı reklamlar çəkə bilər. Bunun üçün də kollektivinə peşəkar, işini bilən adamlar cəlb etməlidir. Əfsuslar olsun ki, reklam sektorunda da xalam oğlu, bibim qızı münasibətləri qalıb və ətrafına qohumları toplamağa çalışırlar. Oxşar fakültəni bitirən, yaxşı foto çəkən insanlar fikirləşir ki, reklamda da uğurlu ola bilər. Nəzərə alsaq ki, ölkəmizdə bu sahədə təhsil verən universitetlərin müəllimləri də sovet dönəmindən qalıb, onda niyə qəlibləşmiş reklamlardan çıxa bilmədiyimizi anlayarıq. Bu səbəbdən də hazırda 90% reklamlarımız eyni sualla başlayır: “Sizin filan şeyə ehtiyacınız var? Elə isə bizə müraciət edin””.
Bu məqamda Türkiyədə iki il əvvəl çəkilən və böyük maraqla qarşılanan Türk Hava Yollarının "Xəyal edincə" reklamını təqdim edirik:
Marketoloq Pərviz Əzimov Azərbaycanda reklam agentliklərinin işinin bugünkü bazarın vəziyyəti ilə tam mütənasib olduğunu deyib. Onun sözlərinə görə, əgər agentliklərin işi zəifdirsə, bu o deməkdir ki, iqtisadiyyat elə də güclü deyil:
“Reklam agentliyi o vaxt inkişaf edir ki, şirkətlərin reklama, marketinqə münasibəti yaxşı olsun. Məsələn, bir şirkət reklam çəkilişi üçün cəmi 500 manat pul ayırırsa, bu zaman agentlikdən yüksək səviyyəli iş tələb etmək düzgün deyil. Azərbaycanda reklam sənayesinin dövriyyəsinə baxsaq, nə qədər kiçik rəqəmlə qarşılaşdığımızı görərik. Qısacası, şirkətlərimiz reklam çəkilişinə 4-cü, 5-ci dərəcəli iş kimi baxır. Türkiyədə 1 agentliyin 1 milyona çəkdiyi reklamı bizim ölkədə 10 minə çəkəndə baha deyirlər. Bizdə hələ də elə bilir ki, reklamda yumor aktyoru varsa, vəssalam demək ki, uğurludur. Bu səbəbdən də hamı standart reklamlara qaçır. Ancaq son 2 ildə ciddi şirkətlər anlayır ki, koorporativ üslub vacibdir, imic vacibdir, markalaşma vacibdir. Hər gün bir aktyoru reklama çəkmək əvəzinə, şirkətə uzunmüddətli strategiyaya əsaslanan sima seçməyə doğri irəliləyirlər”.

Son illərdə çəkdikləri reklamların ssenari və kreativliyi ilə seçilən Bumeranq Yaradıcılıq Mətbəxi az büdcə ilə böyük işlər görməyə iddialı olan reklam agentliklərindəndir. Şirkətin art direktoru Aygül Salehova reklam büdcəsinin kreativliklə əlaqəsinin olmadığını vurğulayıb:
“Məsələ təkcə reklam mətni deyil, hazırda ideya, süjet, ssenari, onların tətbiqi baxımmından əksər məhsullar standartdır. Bunun səbəbləri çox fərqlidir. Stereotiplər də var, büdcə və reklamverən şirkətlərin struktur problemləri, kadrların qeyri-peşəkarlığı, təhsil və s. Reklam büdcəsinin kreativliklə əlaqəsi yoxdur, büdcəyə təsir edən başqa faktorlar var”.