Azərbaycanı qarışdıran “Daş yuxular”ı oxuyun – Tam hissə

azerbaycani-qarisdiran-das-yuxulari-oxuyun-tam-hisse
Oxunma sayı: 1894

“Qafqazinfo” Azərbaycanın görkəmli yazıçısı, istiqlal və şöhrət ordenli Əkrəm Əylislinin bütün ölkəni bir-birinə vuran, günlərdir gündəmi zəbt edən “Daş yuxular” romanının növbəti tərcümə olunan bölümünü təqdim edir.
Qeyd edək ki, yazıçı “Qafqazinfo”nun tərcümə təşəbbüsünə qarşı çıxaraq müəllif hüquqlarının pozulacağı təqdirdə özünü məhkəmədə müdafiə edəcəyi haqda xəbərdarlıq etmişdi. Lakin portal olaraq, “Daş yuxular”ı tərcümə edərək romandan bir parçanı dünən oxucuların ixtiyarına verdik.

Bundan sonra Əkrəm Əylisli redaksiyaya zəng vuraraq təkidlə bu təşəbbüsü dayandırmağımızı istədi. Aparılan danışıqlardan sonra yazıçı birinci hissənin tam dərcinə razılıq verdiyini, lakin ikinci və üçüncü hissənin dərc olunmamasını xahiş etdi. Jurnalistika prinsiplərinə zidd olsa da “Qafqazinfo” yazıçının istəyini nəzərə alaraq əsərin digər hissələrinin yayımını müvəqqəti olaraq dayandırır.

İndi isə romanın birinci bölümünün digər hissəsini təqdim edirik:


***
Saday Sadıqlının da Allah onun köməyi olsun, başı həmişə bəladadı. Yoxsa həmin vaxt o lənətlənmiş yerdə nə gəzirdi?.. O, dözə bilmədi, hə bu da belə!.. Axı o aktyordur, humanist insandır. Ürəyi tab gətirmədi. Köməyə cumdu. Axı bu yerazlar haradan bilsinlər ki, o kimdir, nəçidir? Onlar ki gəlmədirlər, yerli deyillər. Bax ona görə də erməni olduğunu düşündülər və vəhşi heyvan kimi hücum etdilər. Bir dəqiqə belə geciksəydim, onu da qoca erməninin yanına yollayacaqdılar. Lakin Allah rəhm etdi, o sağ qaldı. Mən sizə yalvarıram həkim, onu xilas edin. Bu dahi insanın həyatı indi sizin əlinizdədir. Bu təsirli sözlərlə aktyor çıxışını başa vurdu.

Həkim əməliyyata başlamağa tələsirdi. Lakin məlum oldu ki, bunun üçün nə isə çatışmır.
Bundan başqa, görünür, aktyorun sözləri onu sarsıtmışdı. O, əməliyyat stolunda huşsuz vəziyyətdə uzanan “Hamlet-Otello-Kefli İsgəndər”in qoca ermənini xilas etmək istəməsində qeyri-adi heç nə görmürdü. Həkim düşünürdü ki, özünü insan hesab edən hər kəs belə edərdi. Lakin bu şəhərin sakinləri, sanki, əvvəlcədən sözləşiblərmiş kimi insanlıq hissindən uzaq durmağa çalışırdılar. Görünür, onlara insanlıq simasını saxlamaq hətta sərfəli belə deyildi.
Cəmi 10-15 gün bundan əvvəl həkim Fərzani burada, bu əməliyyat otağında, Allah bilir, hansı möcüzəylə xəstəxanaya çatdırılan 14-15 yaşlı erməni qızının çox ağır bir əməliyyatını etmişdi.
Həmişə ağzına qədər dolu olan metroda bir neçə azərbaycanlı qadın ona hücum etmişdilər və yüzlərlə adamın gözləri qarşısında qıza divan tutmuşdular.

Bu hadisədən bir neçə gün əvvəl isə hanısa şair-degenerat xəstəxanaya zorla soxularaq qırx il kardioloji şöbədə çalışan həkimi döyüb və onu kabinetdən qovub. Nədi nədi, onun erməni olaraq doğulmaq kimi bir bədbəxtliyi vardı. Bu hadisədən sonra xəstəxanada bir nəfər də olsun erməni qalmadı, nə həkim, nə xadiməçi. Kimisi evdə gizləndi, kimisi Bakıdan çıxıb getdi.
Hər şey aydındır, farslar demişkən, məsələ məlumdur – həkim cərrahi ləvazimatlarını qarışdıraraq, açıq-aşkar hiss olunan pis əhval-ruhiyyəsinə uymayan gümrah səslə dedi.
“Nuvariş Qarabağlı həkimin onun adını təhrif etməsindən incimədi (otuz ildən çox Moskvada yaşayan insanın buna tam haqqı var idi), amma düzəliş etməyi də unutmadı:
– Həkim, Nuvariş Qarabağlı kimdir? – dedi, o. – Adi aktyor. Yüzlərlə Nuvariş Qarabağlı bir Saday Sadıqlının çeçələ barmağına dəyməz.
– O da qarabağlıdır? – növbəti dəfə xəstənin nəbzini yoxlayaraq həkim soruşdu.
– Yox, həkim, heç mən də qarabağlı deyiləm. Bu mənim təxəllüsümdür. Saday Sadıqlı isə Naxçıvanda, Ordubad rayonunda belə bir yer var, Əylisli kəndi, orada doğulub. Çox qədim kənddir, həkim, baxmayaraq ki, mən özüm orada heç vaxt olmamışam. Deyilənə görə, bir vaxtlar orada çoxlu erməni yaşayırdı. Onların yeddi, ya da səkkiz kilsəsi hələ də qalır. Görünür, o ermənilər çox ağıllı, yaxşı insanlar olublar. Saday Sadıqlı da belə insandır, həkim, dünya dağılsa belə o, ağa qara deməz. Neçə dəfə dilinin ucbatından bəlaya düşüb, amma hələ də heç birindən dərs almayıb. Yarım aydan sonra əlli yaşı tamam olacaq, amma o, hələ də on yaşlı uşaq kimidir. Ağlına nə varsa dilindədir. Heç olmasa hərdən belə təhlükəli vaxtlarda da susa bilmir. O deyir ki, ermənilər yox, biz özümüz pisik. Və qorxmur. Bunu hər yerdə deyir, teatrda, çayxanada, harda gəldi.

Həkim Fərzani gözlərini geniş açaraq bu dəfə xəstənin üzünə xüsusi bir maraqla baxdı. Sanki ancaq indi, birinci dəfə onu görürdü. Öldürücü səssizliklərini qoruyan qadınlar birdən nə isə haqqında cəld pıçıldaşmağa başladılar. Fərzani Nuvariş Qarabağlının qolundan bərk-bərk tutdu və onu qapıya tərəf apararaq dedi:
– Yaxşı, cavan oğlan, burada artıq sənlik bir iş yoxdur. Dəhlizdə əyləş, dincəl. Əgər istəyirsənsə evə get, necə uyğunsa sənə, yüz qram qəbul et və yat. Əgər istəsən sonra gələrsən. Dostum mənim, bu sənin üçün appendisit kəsmək deyil, əsaslı iş görmək olunur, 3-4 saat çəkəcək. Narahat olma. Sənin dostun yaşayacaq. Mən onda elə bir Otello düzəldəcəm ki, Dezdemona sevincindən huşunu itirəcək.
Bu sözlərlə həkim aktyoru dəhlizə kimi ötürdü və arxasınca qapını bağladı. Əməliyyat otağının qoşa qapıları bağlananda Nuvariş Qarabağlı birdən dərin bir tənhalıq hissinə qapıldı, sanki bütün dünya bağlı qapıların arxasında qalmışdı.
Uzun, yarıqaranlıq dəhlizdən qəbirstanlıq iztirabı yayılırdı. İşıq yanmırdı. Ətrafda heç kim yox idi. Dəhlizin əks tərəfində olan böyük, qoşa pəncərədə qaranlıq getdikcə qatılaşırdı. Ancaq bir yerdə – şüşəli eyvandan bir az aralıda, qapıda skamya görünürdü. Dəhlizdə oturmağa başqa yer yox idi. Nuvariş Qarabağlı başgicəllənməsi və yaxınlaşmaqda olan ürək bulanmasını hiss edərək yavaş-yavaş skamya tərəfə getdi. O, çoxdan siqaret çəkmək istəyirdi, amma gücü çatmırdı ki, hətta əlini cibinə salıb oradan qutunu çıxarsın. Oturacağa yaxınlaşanda bir-birinin üzərinə vurulmuş iki lövhə gördü. Yuxarı lövhədə böyük qara hərflərlə “Travmatologiya və Cərrahiyə Şöbəsi” yazılmışdı, aşağıda isə kiçik hərflərlə “Bölmə. Cərrah Fərzani Fərid Həsənoviç”. Həkim Fərzaninin kabinetinin qapısı açıq idi. Nuvariş Qarabağlı nə qədər yorğun olsa da, nə qədər oturmaq istəsə də, nədənsə qapının yanındakı oturacaqda əyləşmədi. Ona elə gəlirdi ki, indi əyləşsə, bir də heç vaxt qalxa bilməyəcək. O, açıq qapıdan kabinetə baxdı: stol, iki köhnə stul, divan, seyf, soyuducu, köhnə televizor, çaynik, əlüzyuyan... Cibindən siqaret çıxardı, lakin yenə də çəkmək istəmədi.

Yaxınlaşan ürəkbulanmasını daha güclü hiss edərək, o pəncərəyə doğru irəlilədi, ona çatmağa bir az qalmış əməliyyat otağının digər tərəfində də belə bir uzun dəhlizin uzandığını gördü. Girişində həkim Fərzaninin kabineti yerləşən bu boş dəhlizdən fərqli olaraq, orada çoxlu pəncərələr vardı və dəhlizin uzununa salınan palataların göyümtül qapıları pəncərənin kül rəngində bulanıq görünürdü.
Pəncərələrdən birində ayağı gipsdə olan bir oğlan özünü əl ağacına dayayaraq siqaret çəkirdi. Növbəti palatanın açıq qapısının yanında əlləri sarıqlı yaşlı bir qadın dayanmışdı. Bu ikisindən başqa, dəhlizdə ruh da yox idi.
Nuvariş Qarabağlı bütün bu müddət əlində saxladığı siqareti çəkdi, lakin elə ilk qullabdan gözləri qaraldı. İndicə yıxılacaq deyə, qorxaraq divardan tuta-tuta güclə skamyaya qədər gəldi və gözlərini tutan pərdə dağılana kimi uzun müddət orada oturdu.
Pbu hal Nuvariş Qarabağlını narahat etmirdi. Alışmışdı buna.
İndi onu hər şeydən çox narahat edən baş verənləri Saday Sadıqlının arvadı – Azadə xanıma necə çatdırmaq idi.
Nuvariş tez-tez Saday Sadıqlının evində olurdu. Həyat yoldaşının harada işlədiyini bilirdi. Azadə xanım, yəqin ki, indi işdədir. Lakin bu dəqiqələrdə ayağa qalxıb Azadə xanımın iş yerinə yollanmaq Nuvariş üçün hardasa mümkünsüz bir iş idi.
Hələ düşünməmişdi bütün bunları ona necə danışacaq. Ən yaxşısı burada qalıb əməliyyatın sonunu gözləmək idi. Əməliyyat başa çatdıqdan, Sadayın yaraları sarındıqdan və özünə gəldikdən sonra Azadə xanıma baş verənləri danışmaq daha asan olacaqdı. (O unutmuşdu ki, bu gün bazar günüdür və o, işdə deyil)

Nuvariş Qarabağlı üç dəfə ailəli olub, lakin bu gecə, bu şəhərdə onu heç kim gözləmirdi. Ailə qurmaq üçün ilk cəhdini on doqquz-iyirmi yaşlarında etdi. Sadəcə olaraq sevdiyi qızı taksiyə qoydu və nişansız, toysuz, cehizsiz atası evinə gətirdi. Toysuz qəbul etdi, lakin Nuvarişin anası gəlinin ər evinə cehizsiz gəlməsini heç cür bağışlaya bilmədi. Yarım aydan sonra qaynana ilə dalaşaraq qız əşyalarını yığdı və bir daha qayıtmamaq üzrə çıxıb getdi.

O hələ cavanlıqda teatrda ancaq epizodik rollar ifa edəndə, teatrın köhnə işçilərinin “həyat şəraitini yaxşılaşdırdılar”, onun Montində zirzəmidəki evini isə Nuvarişə verdilər. Orada isə ağciyər xərçəngindən dünyasını dəyişən ikinci arvadı ilə birgə cəmisi doqquz ay yaşadı.
Nuvariş Qarabağlının üçüncü arvadı teatrın adlı-sanlı aktyorlarından birinin 36 yaşlı qocalmış qızı Culyetta idi. Beş il onların uşağı olmadı. Daha sonra oğulları dünyaya gəldi. Lakin bir dəfə, hələ körpənin heç üç ayı olmazdı, gecə körpəni əmizdirərkən Culyetta bərk yuxuya getdi. Ayılanda isə sinəsi arasında boğulan körpənin göyərmiş bədənini gördü. Culyetta bunu özünə heç cür bağışlaya bilmədi, ölmüş uşaq nə kiriyir, ağlayır, süd istəyirdi. Və ana yeməkdən, içməkdən, yatmaqdan əl çəkdi. Yazıq qadın körpənin ölümündən sonra heç on gün də yaşamadı. Zəiflədi, şam kimi yandı və kölgə kimi yox oldu, sanki o heç vaxt mövcud olmamışdı.
İndi artıq on ildən çoxdur ki, Nuvarişin şəhərin mərkəzində ikiotqalı gözəl br evi var. Bu ilin fevralına kimi həmin evdə tənha, amma əvvəlkilərlə müqayisədə sakit, hətta ola bilsin ki, çox xoşbəxt və azad həyat sürürdü.

Və budur, taleyin ironiyası – indi Nuvariş Qarabağlı evinə ancaq gecələr getməyə çalışırdı, o da ona görə ki, gedəcək başqa yeri yox idi. Şəxsi evində bir dəqiqə belə olsun rahatlıq, yuxu, istirahət nədir bilmirdi. Səbəb isə onda idi ki, əhəmiyyətsiz, lakin çox pullu vəzifə tutan Baksovetin işçilərindən biri – cüssəli qarınlı yekəpər – teatrın köhnə işçilərindən olan, Nuvarişlə qonşuluqda eyni gündə mənzil alan qarderopçu Qret Sarkisovna Minasovun evini tutub və sonuncu, onuncu mərtəbədə əsl fahişəxana yaratmışdı. Divarın arxasından bütün günü səs-küy, gurultu səsləri eşidilirdi.
Yaşlı təcrübəli fahişələrin heyvani gülüşləri və qışqırıqları, bu sənətə yenicə başlamış gənc qızlar, onların həqiqi yaxud saxta həzz iniltiləri onu dəli edirdi, aktyora gündüzlər dinclik vermirdi, gecələrsə yatmağa qoymurdu.
Şayiələrə görə, bu yekəpər Şuşanın ən varlı adamlarından biri idi. Bakıda bu yaxınlarda peyda olub, Baksovetdə işə düzəlib, Nuvarişin evinin yanında kooperativ binadan dördotaqlı mənzil alıb. Bu adamın kvadratabənzər fiqurası vardı. Kürəyinin diqqət çəkən eni bütün standartlar çərçivəsindən çıxırdı. Onun zilqara gur saçları, eləcə də, qara və sıx qaşları, geniş, gur bığları və qabarıq, mənasız, heç bir şey ifadə etməyən timsah gözləri vardı. Hətta bu adamın adı, soyadı da Nuvariş Qarabağlı üçün qəddarlıq və allahsızlıq ifadəsini verirdi: Şahqacar Ərmağanov!

Bu heyvana ad verən, görüm lənətə gəlsin!

Bir səhər, hava təzəcə işıqlanan vaxt həyətdə səs-küy qopdu: insanlar qulaq asın, deyirlər ki, burda hansısa erməni özünü eyvandan atıb. Yaşlı Qret Sarkisovanın kiçik bədəni elə indicə böyük qan gölməçəsində ölmüşdü, şəhərdə isə belə qəribə şayiə yayılmışdı ki, eyvandan özünün atan erməni ölümündən əvvəl tövbə məktubu qoyub: “Mən ermənilərin törətdikləri cinayətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm və buna görə də artıq yaşamaq istəmirəm. Qarabağ Azərbaycana məxsusdur. Yaşasın Azərbaycan”.
Nuvariş nə onda, nə də indi azacıq da olsun şübhə etmirdi ki, bu “sui-qəsd” – həmin şuşalı yekəpərin işidir. Çox güman ki, elə Şahqacar Ərmağanovun özü Qret Sarkisovnanı eyvandan tullayıb. İndi belə dövrdür. Bəli, götürün və eyvandan gündə yüz erməni tullayın. Və onlarla birlikdə müsəlmanları da. Əgər arxanda kiminsə dəstəyi yoxdursa istənilən insanı sakitcə yer üzündən silmək mümkündür. Aktyor günbəgün şuşalılardan daha çox qorxmağa başlayırdı. Nə qanun var, nə məhkəmə – gözəl günlərin birində, heç bir səbəb olmadan onu, Nuvarişi də eyvandan atacaq və bunu intihar kimi təqdim edəcək. Kim onun cinayətini araşdıracaq, kim sübut edəcək ki, bu soyuqannlı, allahsız, rəhmsiz Baksovet məmuru elə quldurun özüdür?

Yaşadığı stressin soyuq boz sarsıntısı hələ də onun ruhunu tərk etməmişdi, aktyorun kövrək, emosional təbiəti nifrət və qəzəblə alışıb yanırdı. Axı gün ərzində sahə polisinə eyni şeyi neçə dəfə təkrar etmək olardı: adam ol, vicdanın olsun, bu fahişəxananı bağla, yoxsa tezliklə bütün şəhər ucdantutma əxlaqsızlıq yuvasına çevriləcək.
Bu məsələ ilə bağlı aktyor dəfələrlə polis rəisinin qəbulunda olub, neçə dəfə raykoma, Mərkəzi Komitəyə, hətta Baksovetə teleqram göndərib, məktub yazıb. Nəhayət ki, sonda qərar gəldi ki, ya bu ölkədə hakimiyyət yoxdur, ya da insanlar, bu hakimiyyəti təmsil edənlər, hamı bir nəfər kimi cəllad Şahqacar Ərmağanovun yanındadırlar. O, teatrda da hər kəsə son vaxtlar Qret Sarkisovnanın mənzilində baş verənləri danışmışdı. Yeganə Saday Sadıqlıya bu haqda bir kəlmə də deməmişdi. Bunun mənasız hesab edirdi, çünki bu insan öz aləmində idi, öz səmasında uçurdu. Bundan başqa, Nuvariş dahiliyinə bütün qəlbi ilə inandığı insanı bu çirkaba qarışdırmaq istəmirdi.
İndi, hətta ən isti yay günlərində belə aktyor bütün qapı, pəncərələri kip bağlayırdı, bir Allah bilir ki, o səhərin açılmağını gözləyərək hər axşam nə qədər iztirab çəkirdi. Belə dəhşətli gecələrin birində o qərara gəldi ki, necə olursa olsun silah əldə etməlidir. Bu minvalla o, polisdə və hərbi komissarlıqlarda işləyən tanışlarına müraciət etdi. Lakin onun bu istəyi onu görərkən sadəcə gülməyə adət etmiş insanlarda elə gülüşdən başqa bir şey yaratmadı. Artıq aktyor silah almaq və evində heç olmasa dinclik tapmaq ümidini itirəndə onların teatrında üç pyesi tamaşaya qoyulan məşhur bir yazıçı ona (cəmi iki gün əvvəl) ən sadə yolu göstərdi.

Yazıçının sözlərinə görə, indi Xalq Cəbhəsinin hər bir üzvünün bir, hətta bir neçə silahı var. Bu “uşaqlar”ın köməyi ilə nəinki “makara” yaxud “kalaşnikov”, hətta əsl pulemyot da almaq olardı. Və bir daha, məşhur yazıçının sözlərinə görə, Nuvariş Qarabağlı kimi belə məşhur bir aktyora sadəcə Xalq Cəbhəsinin qərargahına getmək və Baş Bəyin qulağına bir neçə söz pıçıldamaq kifayətdir.
O bəyi çoxdan və çox yaxşı tanıyırdı. Yüz dəfə müxtəlif Bakı çayxanalarında onunla bir yerdə çay içmişdi: Bulvarda, Malakan bağında, Azneft meydanında, hətta cibində çox az pulu olsa da çalışırdı ki, pulu özü ödəsin.
Və nəhayət, bu gün günorta aktyor evdən çıxaraq birbaşa Xalq Cəbhəsinin qərargahına yollandı. Bəy hələ gəlməmişdi. Aktyor təxminən bir saat qərargahın girişində dayanaraq onu gözlədi. Sonra “Araz” kafesi yaxınlığındakı kafedə nahar etdi: yüz əlli qram araq içdi, sosiska yedi. Kafedən çıxandan sonra yenidən Xalq Cəbhəsinin qərargahına yollandı, orada – fontanlar olan hovuzun yaxınlığında – bu faciəli hadisəni yaşadı.
İndi, xəstəxana dəhlizindəki skamyada əyləşərək, əməliyyatın başa çatmasını gözləyən Nuvariş Qarabağlı hələ Bəylə baş tutmayan görüşünün möhtəşəm səhnəsini indidən xəyal edirdi.
– Xoş gördük, bəy! Mən sizi görməyimə hədsiz dərəcə şadam! – Beləcə (aktyorun xəyalında) başqan keçmiş çayxana dostunu nəvaziş və gülər üzlə qarşıladı. – Əzizim necəsən? Teatrda yeni nə var? Kimin pyesini tamaşaya qoyursuz? Elə dünən uşaqlardan sənin barəndə soruşdum. Deyirəm nədənsə gözə dəymir. Maraqlanın görün haradadır, niyə bizim səhnəmizin ustadı görünmür? Bəlkə, onun nəyəsə ehtiyacı var?
“Ehtiyacı var” sözünü eşidən kimi aktdəyor dərhal arzuolunan tapanca ilə bağlı xahişini bəyan etdi. O həmçinin, Bəyə aktiv fəaliyyət göstərən qonşu mənzildəki fahişəxanadan danışmağa hazırlaşmışdı, lakin Bəy böyük insanlara məxsus həssaslıqla başa düşdü ki, köhnə dostunu Xalq Cəbhəsinin qərargahına gəlməyə, məhz, nə vadar edib və onu əlavə qayğılardan səxavətlə qurtardı.
– Bu kiçik məsələdir, bəy! – Burada bəy saqqalını yüngülcə tumarlayır. Sonra ucadan və şövqlə deyir: – Bizim borcumuz xalqa lazımlı insanları qorumaqdır. – Bundan sonra o telefonun dəstəyini qaldırır və kiməsə tapşırıq verir: – Aktyora yeni tapanca gətirin. Bu məmin dostumdur. Bizim böyük aktyor. Bəli, indi ağır, təhlükəli dövrdür. Biz imkan daxilində ən yaxşı insanlarımızı qorumalıyıq. Başçı Bəy (aktyorun xəyalında) məhz bu sözləri deyir və Nuvarişə nəvazişlə gülümsəyərək əlindəki telefon dəstəyinə sakit səslə əlavə edir: – Patronları çox qoy...
– Başqandan yaxın vaxtlarda tapanca alacağına əmin olduqdan sonra Nuvariş Qarabağlı cəmisi il yarım bundan əvvəl onunla müxtəlif çayxanalarda necə uzun-uzadı oturduqlarını kədərlə xatırladı. 1979-cu ilin mayını yadına saldı, Azərbaycanın o zamanki birinci adamı gözlənilmədən teatra baş çəkdi və elə gözlənilmədən ona şəhərin mərkəzində ev ayırdı. Altmışıncı illərin sonunda o, bir dəfə bərk vurmuşdu, tamamilə sərxoş halda avtobus dayanacağına gedərkən, Zevina keçəsinin tinində xalq arasında “Xazyain” adlandırılan şəxslə qarşılaşdı. O zaman Nuvariş Qarabağlı hələ atasının evində yaşayırdı, teatrda isə hələ təzəcə epizodik rollarda səhnəyə çıxmağa başlamışdı. Lakin məlum olur ki, Xazyain Nuvarişin bu əhəmiyyətsiz rollarını görüb. Və nəinki görüb, hətta yaddaşında möhkəm saxlayıb. Həmin axşam Xazyain, deyəsən, hansısa qonaqlıqdan qayıdırdı və yüksək əhval-ruhiyyədə idi. (Onun yanınca iki güclü kişi – mühafizəçiləri gedirdi)
– At, aktyor, dayan görüm, qardaş – dedi o. Sən ki içmisən! Harda bu qədər vurmusan? – O yanında duran kişilərdən birinə göz vurdu. – Mən də içmişəm. Ancaq görürsən, düz yerdə yellənmirəm...
Bu vaxt Nuvariş, təbii ki, hələ respublikanın birinci şəxsi ilə tanış deyildi və əgər birinci şəxs əlini uzadıb deməsəydi ki, “Gəlin tanış olaq”, yəqin ki, həmin gecə Zevina küçəsinin tinində kiminlə qarşılaşdığını xatırlamayacaqdı.
– Gəl tanış olaq. – O öz adını dedi. – Mən səni tanıyıram, sən aktyorsan. Teatrda yaxşı rollar oynayırsan. İndi yolun haradır?
Nuvariş bir-birinə dolaşmış dili ilə güclə mırıldandı:
– Xı-xı-Xırdalana. Avtobusa minməyə gedirəm.
Adam bir neçə dəfə uzunsov sifət ilə aktyoru ayaqdan başa kimi süzdü.
– Yaxşı, get – qorxuducu nifrətlə əmr etdi. – Artıq gecdir. Addımla irəli! Bir daha da belə içmə.
“Sən hələ də Xırdalanda yaşayırsan?” sonralar teatrda birinci şəxs tərəfindən deyilən bu sözlər indi aktyorun qulaqlarında elə canlı səslənirdi ki, sanki onları xəstəxananın cansız divarları da aydın eşidirdi.
– Mən indi Montin qəsəbəsində yaşayıram, – yerdən bir mərtəbə aşağıda – aktyor köhnə tanışı ilə cəsarətlə zarafat etdi.
– Sabahdan etibarən şəhərin mərkəzində yaşayacaqsan – yerdən on mərtəbə hündürdə yaşayacaqsan – birinci şəxs əminliklə, zarafata zarafatla cavab verərək dedi. Həmin axşam Axundovun “Müsyo Jordan” əsəri oynandıqdan sonra teatrın bütün yaradıcı kollektivi direktor Mopasson Mirələmovun kabinetində toplaşdı. Nuvariş dərviş Məstəli Şah səhnəsini oynadı və onun oyunundan görünür ki, birinci şəxsin özü də razı qalmışdı. “Sən “Ölülər”də Şeyx Əhməd rolunu əla oynayırsan” – o dedi.
Mən televizorda iki dəfə baxmışam. Belə rolları daha çox oyna.
Aydındır ki, həmin gün teatra toplaşaraq, Xazyain əvvəlcədən bir sıra işçilərə mənzil verməyi planlaşdırmışdı, bəxtəvərlər arasında hökmən Qreta Minasova da olmalı idi. “Burada köhnə bir əməkdaş olmalı idi – Minasova. O hələ də teatrda işləyir?” – Xazyain proforma üçün direktordan soruşdu. Əlbəttə, bilir ki, o, teatrdan heç vaxt və heç yerə getməyib.
Gözlənilməz dəvətdən özünü itirən Qreta Sarkisovna Mopassanın kabinetinə ölü kimi ağappaq daxil oldu, oradan isə sevincdən ağlayaraq və yorulmadan “Çox sağ ol oğlum! Sizə təşəkkür edirəm!!!” sözlərini təkrarlaya-təkrarlaya çıxdı.
İndiyə qədər aktyorun gözləri qarşısında Qret Sarkisovnanın həmin axşamki siması durur. Bəlkdə də, o vaxtkındən daha canlı, daha ifadəli.
Bir də Saday Sadıqlının solmuş siması, onun qızarmış gözləri, baxışları, hirsi və qəzəbi.
Onun lap əvvəldən nədəncə birinci şəxslə münasibətləri qaydasına düşmürdü. Kəsəsi, Nuvarişin fikrincəgünah Xazyaində deyil, Saday Sadıqlının tərsliyi və qürurunda idi. “Vanna suyu ilə özünə dostlar qazanır. Hər kəsə insanda olan ən başlıca şeyi – ləyaqətini almaqla nə isə verir. Hər kəsi sakit və sözəbaxan etmək üçün xalqın ruhunu axtalayır”. Bu cür dəhşətli sözləri Saday Sadıqlı teatr rəhbərliyinin yanında da səsləndirməkdən qorxmurdu.
“Cənab Sadıqlı, bəs sizin nəyə ehtiyacınız var?” – o zaman birinci şəxs ona xas olmayan gərgin və inamsız səslə Sadaya müraciət etdi. Bu zaman onun səsi hətta bir qədər titrədi. “Cənab” sözündə isə açıq-aydın istehza və nifrət duyulurdu. Əlbəttə ki, Saday Sadıqlının “dünyagörüşü” Xazyainə məlum idi. “Mənim heç nəyə ehtiyacım yoxdur!” – Saday Sadaqlı ucadan və təkəbbürlə cavab verdi.
Birinci şəxslə danışan hər kəs ayağa dururdur, bu isə heç tərpənmədi də. “O başını qatmağa iş tapmayanda bura əylənməyə gəlir. Dövlət evlərini elə minnətlə verir ki, sanki şəhərdəki bütün evlər ona mərhum atasından qalıb” – heç kimdən qorxmayaraq, hamının yanında, toplantının sonunda qəzəblə deyib. Növbəti gün teatrda hər kəs təəssüflə danışırdı ki, Saday Sadaqlı Xazyainin qarşısında özünü bir az “ləyaqətli” aparsaydı, ona da şəhərin mərkəzində ev verərdi, hər nazirə layiq görülməyən ən yaxşı ev, mənzil.
Bütün bunlardan sonra deyə bilərəm ki, dil insanın ən alçaq düşməni deyil.

Nuvariş Qarabağlı skamyanın bir küncünə sığınıb yatdı, aktyor, bəlkə də həyatının ən dəhşətli yuxusunu görürdü.
Boztəhər qəribə yer idi. Rütubət iliyə qədər işləyirdi. Nə ev, nə ağac, dünyada qara qan gölməçəsindən başqa heç nə yoxdur.
Qreta Sarkisovna yumurtadan təzəcə çıxıb suya tələsən tısbağa balası kimi öz qan gölməçəsinə doğru sürünürdü. Onun ölü, eyni zamanda canlı, dərisi soyulmuş çılpaq bədəni o qədər çirkin və qorxulu idi ki, bəlkə də dünya yaranandan bəri heç kim belə dəhşətli mənzərə görməmişdi. Qreta Sarkisovna yerin üstü ilə sürünür, sürünür, ilan kimi burulurdu. Ancaq bu, Nuvarişin indi yaşadığı evin asfaltlanmış həyəti deyildi. Bu yer Nuvarişin Xırdalandakı həyətinin çılpaq torpağını xatırladırdı, həmin torpağın üstü ilə Qreta Sarkisovna sürünürdü, görünür, öz ölümünə çatmağa cəhd edirdi. Sanki kim tərəfindənsə oğurlanmış və haradasa rişxənd edərcəsinə gizlədilmiş bu ölüm, heç cür ona doğru gətmirdi. Bəzən o, başını qaldıraraq donquldanırdı: “Sağ ol, oğlum, sizə minnətdaram!” – yenidən dözülməz ağrı və əzablarla ölümə gedən yoluna davam edirdi... Nuvariş birdən dərk etdi ki, Qreta Sarkisovna birbaşa ona doğru gəlir. Sanki onun ölümü təkcə Nuvarişin ixtiyarında idi. Qreta Sarkisovna öz soyulmuş bədənini həmişəlik əzab və işkəncədən azad etmək üçün bu ölümü təsəvvür etmək istəmirdi... Qreta Sarkisovna sürünərək ona doğru daha da yaxınlaşdıqca Nuvarişi bir o qədər çox qorxu və dəhşət bürüyürdü. Nuvariş heç cür ölə bilməyən ölü qadından qaçmağa çalışırdı. Lakin onda heç nə alınmırdı, o bir qarış olsun geri çəkilə bilmirdi, bütün bədəni sanki əridilmiş qurğuşunla doldurulmuşdu.

Bu qarabasmaya dözməyən aktyor gözlərini açdı və - xoşbəxtdir - özünü soyuq və rütubətli dəhlizdə gördü. Artıq işıqları yandırmışdılar, dəhlizin o biri başındakı əməliyyat otağının qapıları isə taybatay açılmışdı. Yuxudan hələ tam ayılmamış Nuvariş Qarabağlı həkim Fərzaninin kabinetinə daxil oldu və dərhal anladı ki, hətta danışacaq vəziyyətdə belə deyil. Fərzani elə indicə əməliyyatdan çıxdı. O, əlüzyuyanın yanında, üzü divara doğru durub əllərini yuyurdu.
– Keçin, əyləşin, Mübariz müəllm – o dedi. – Narahat olma. İşlər pis getmir. Sənin dostun palatadadır. Yatır. Orqanizmi möhkəmdir, dəmir kimidir. Öz aramızda, sərxoşa da heç oxşamır.
Bu vəziyyətdə aktyor heç fərqinə də varmadı ki, həkim onu Nuvariş deyil, Mübariz çağırdı.
– Necə, həkim? Necə yəni yatır? Onun indi şüuru üstündədir?
– Hələ yox, – həkim əllərini silərək sakit cavab verdi. – Tələsmə, hər şeyin öz vaxtı var. Əgər bu axşam olmasa, o zaman sabah səhər dəqiq özünə gələcək. Mən onun palatasına yaxşı həkim göndərmişəm. O, səhərə kimi xəstənin ətrafında növbə çəkəcək. – Həkim dəsmalı mismardan asdı və öz yerində əyləşdi. – Hə, görünür, sən də möhkəm yatmısan, amma bərk əzilmiş görünürsən. Yoxsa pis yuxu görmüsən?
– Görmüşəm həkim, bəs siz necə təxmin etdiniz? Belə dəhşətli yuxu ömründə görməmişdim! – aktyor susdu. Sonra birdən türkürpədici şəkildə hönkürtü ilə ağlamağa başladı, göz yaşları içində həkimə yalvardı: – Allah xətrinə, həkim, mənə bir qədər spirt verin, cəmisi 10 qram! Allaha and olsun, boğuluram. Başım parçalanır. Kəlləmdə sanki, siçanlar, siçovullar qaçışır.
Yox, dostum mənim, belə olmaz – həkim aktyora ürəkdən acıyaraq nəvazişlə dedi. Stolun üstünə köhnə qəzet sərdi. Kabinetin qapısını örtdü. Soyuducudan göz yaşı kimi şəffaf maye ilə dolu balaca tərləmiş qrafin çıxardı və stolun üstünə qoydu. Qəzetin üstünə bir qədər kolbasa, iki duzlu xiyar, duzlu kəsmik – şor, sacda bişirilmiş lavaş, təmizlənmiş, yuyulmuş keşniş dəstəsi düzdü... İki armudu stəkana zoğal mürəbbəsi süzdü. Aktyorun elə ilk baxışdaca gözləri parıldadı.
– Siz çox yaxşı insansınız, həkim. Mən sizi görən kimi bunu anladım. – Aktyor əlini stəkana uzatdı, lakin ona toxunmadı, çünki həkim hələ öz stəkanını götürməmişdi. Həkim Fərzaninin gözləri əlüzyuyana zillənmişdi. Aktyor başa düşdü, həkim bununla nə demək istəyir. O əlini sabunla yudu, qayıdıb yerində əyləşdi.
– İçək? – deyə, həkim gülərək arağını içdi. Bir tikə lavaş götürdü, arasına bir az şor qoydu və ağzına apardı.
– Sizin sağlığınıza, həkim! – Nuvariş ayaq üstə içərək, ağız-burnunu büzdü və əyləşdi.
– Kolbasa ilə ye. Necə lazımdı ye, – həkim qonağa əmr etdi. Lakin özü kolbasaya toxunmadı. İki keşniş budağı götürdü və yavaş-yavaş çeynəməyə başladı – O, ailəlidir? – Ailəlidir, həkim. Onun gözəl həyat yoldaşı var – Azadə xanım. Əla stamotoloq və yaxşı insandır. O, məşhur psixiatr həkim Abasəliyevin qızıdır, Bəlkə, eşitmiş olarsınız?
Bu məqamda həkim Fərzani çox təəccübləndi.
– Həkim Abasəliyevi kim tanımır ki? – o dedi. – O hələ sağdır?
– Sağdır, həkim. Və əla yaşayır! – araqdan sonra özünə gələn Nuvariş ruh yüksəkliyi ilə cavab verdi. Hələ möhkəmdir, buz baltası kimi. Bir il olar ki, Mərdəkandakı bağ evinə köçüb, orada yaşayır. Deyir, mən artıq dəlilərlə əlləşmirəm. Onlar indi lap çoxalıblar.
– Deməli, bizim dostumuz həkim Abasəliyevin kürəkənidir? – həkim yenidən stəkana araq süzərək təkrar soruşdu,
Nuvariş Qarabağlı həkimin araq süzməsinə və indi “sənin” deyil, “bizim dostumuz” deməsinə çox sevindi.
– Hə, hə kürəkənidir. Həm də onlar böyük dostlardır. Bir-birilərinə sadəcə pərəstiş edirlər. Artıq 30 ildən çoxdur ki, bir yerdə yaşayırlar. Axı həkim Abasəliyevin başqa kimi var? Arvadı ölüb. Yeganə qızı qalıb. Ona görə də Saday Sadıqlıya öz oğlu kimi yanaşır.
– Belə de... – həkim başqa bir şey haqqında düşünərək dedi. – Onlar, deyəsən, yerlidirlər, elə deyil? Həkim Abasəliyev mən bildiyim qədər Naxçıvandan olmalıdı...Yaxşı, gəl. – O, stəkanı qaldırdı, içdi və yenidən lavaşdan dişlədi.
– Dəqiq! Onlar naxçıvanlıdırlar! – Nuvariş təsdiqlədi. Özzünə araq süzərək, bir tikə kolbasa götürdü və demək olar ki, çeynəmədən uddu. Həmkəndlidirlər, hər ikisi Əylisliləndir. Hər ikisi də öz kəndlərini dəli kimi sevirlər. Nə zaman, harada qarşılaşsalar ancaq Əylislidən danışırlar. Orada deyilənə görə, nə vaxtsa çoxlu erməni yaşayıb. Onlar, yəni bu ermənilər, bizim müsəlmanlarla çox mehriban yaşayırdılar. Həkim Abasəliyev o erməniləri çox tərifləyirdi. Deyir ki, belə mədəni, dürüst, əməksevər insanlar dünyanın başqa heç bir yerində yaşamır. Mən tez-tez onların söhbətlərini eşitmişəm. Qaynata kürəkənlə Əylislidən danışmağa başlayanda, istəyirsən ki, elə indicə ora gedib, elə oradaca öləsən.

Həkim Fərzanı başqa bir şey haqqında düşünərək aktyora qulaq asırdı. Deməli, həkim Abasəliyev indi Mərdəkandadır – cərrah daha çox öz-özünə mırıldanaraq, bir az düşündü və soruşdu: O, Mərdəkanda tək yaşayır?
– Əlbəttə, onun kimi var ki? Təkcə Azadə xanım tez-tez yanına gedir. Hər bazar səhəri gedir, orada gecələyir, səhər isə birbaşa işə gəlir. Siz haqlısınız, yaşlı insan üçün bağda tək yaşamaq çətindir. Qısası, onun boş vaxtı o qədər çox deyil ki, darıxsın. Buradakı evində mindən çox kitabı vardı. Yazıq Azadə xanım artıq bir ildir ki, onları Bakıdan Mərdəkana daşıyır. Həkim Abasəliyev isə bağ evində oturub bu kitabları oxuyur. Deyilənə görə, özü də yazmağa başlayıb.
– Yoxsa onların uşağı yoxdur?
– Yox həkim. Bir tərəfdən də, əlbəttə, bu yaxşıdır ki, Saday Sadıqlı kimi bir adamın uşağı yoxdur. Düz sözümdür, bu insan bizim dünyadan deyil. Həmişə hardasa buludlarda uçur. Hə, onunki əsl uşaq xarakteridir. Hələ balaca olanda, onların kəndində kim isə onun yanında tülkü balasını vurub. Həmin vaxtdan bəri həmin tülkü balasını xatırlayır. Mənə neçə dəfə onun haqqında danışıb. Həmişə də danışanda gözlərində yaş olur, bax o, belə insandır!
– Deməli, deyirsən ki, o həm də yaxşı aktyordur? – Həkim söhbəti davam etdirmək xətrinə sözləri bir neçə söz də dedi:
Bu zaman Nuvariş Qarabağlı bərk həyəcanlandı:
– O dahidir, həkim, Allaha and olsun! Bu dahi aktyor Abbas Mirzə və Ülvi Rəcəb səviyyəsindədir. Bir alim kimi də savadlıdır. O hansı kitabları oxumayıb. Amma xaraktercə şeytan kimi tərsdir. O, hələ 10-12 il əvvəl xalq artisti ola bilərdi. Lakin hələ də mənim kimi əməkdar artist olaraq qalıb. Çünki dilini saxlamağı bacarmır. Səksən doqquzda ona və bizim aktyorlardan üçünə xalq artisti adını verdilər. Həmin ərəfədə hamı onu təbrik etdi. Növbəti gün isə qəzetlərdə həmin o üç nəfərin adını yazdılar, onun haqqında isə heç nə yox idi. Sən demə, o həmin axşam kiminləsə möhkəmcə içib və yenə də dilinə yiyəlik edə bilməyib: deyib ki, mənə sizin səxavətli Xazyainin sağa-sola payladığı titul lazım deyil, qoy bu titulları mən, xalqın gözündə qazanım. – Hə, yəqin ki çatdırıblar, həkim. Yoxsa niyə üç nəfərdən məhz onu sildilər.
– Artist siqareti yarıya qədər çəkib, kötüyünü külqabıda söndürdü. – Nədənsə sovet hökumətini o ta əvvəldən sevmədi. İnanın, tab gətirə bilmirdi. Deyəsən, altmış səkkizinci il olardı. Bizim teatrın bir tamaşasına dövlət Premya keçirdi. Beş ifaçı yer aldı, Saday Sadıqlı isə yenə də bir küncdə qaldı. Baxmayaraq ki, baş rolu o ifa edirdi. Sadəcə onda da dilini cilovlaya bilmədi. Mərkəzi Komitənin üzvlərindən birinin düz üzünə dedi ki, sizin cibinizdə olan partiya bileti deyil, tapançadır. Öz tapancanızla siz qorxusuz yaşamaq üçün insanları qorxudursunuz, onları qorxu içərisində saxlayırsız.

Nuvariş hələ üçüncü bakalını içməmiş elə ruhlanmışdı, özündə elə bir yüngüllük və xoşbəxtlik hiss edirdi ki, əlində olsaydı elə həmin vaxt rəqs də edərdi. Bir tərəfdən ona içdiyi araq təsir etmişdi, digər tərəfdən isə Fərzani kimi dahi cərrahla oturub söhbət etməyin sevinci onu ələ almışdı. Bütün gün boyu hiss etdiyi bütün əzabları, hətta bir qədər əvvəl gördüyü dəhşətlıi yuxu da unudulmuşdu. Hətta, it oğlu it Şahqacar Ərmağanovun özü belə indi aktyora o qədər də zəhmli görünmürdü. Həkim Fərzani də aktyor-qonağının təravətlənmiş, sağlam görüntüsündən məmnun idi. – Hə, gəl içək, – həkim ona dostsayağı əmr etdi. – Deməli, partbilet- tapanca! Yaxşı deyilib. Əgər kimisə qorxutmaq istəmirsənsə, bizim qardaşımızın partbilet nəyinə lazımdır?
Nuvariş araqdan içdi və bu dəfə şorlu lavaşdan yemək qərarına gəldi.
– Orada nə var, tapancadır, həkim. O hərdən elə şeylər edirdi ki, desəm inanmayacaqsınız. Bir dəfə Nardaranda qonaqlıq vaxtı onu əməllicə əzişdiriblər. Sünnət toyunda iştirak edirdi. Belə ziyafətin isə öz qanunları var: əgər sənə söz veriblərsə, sən həmin qaydalara uyğun olaraq danışmalısan. Axı sünnət şənliyidirsə, nədən danışmaq olar ki? Gərək bunun nə qədər savab iş olduğunu, gigiyena və sağlamlıq üçün nə qədər vacib olduğunu, deyəsən, müqəddəslərdən və imamlardan danışasan. Peyğəmbərin bu mərasimin nə qədər əhəmiyyətli olması ilə bağlı təlimindən, onun müdrikliyindən... Və qonaqlığın ən qızğın yerində hörmətli qonaq kimi Saday Sadıqlıya söz verilir. Bunda nə isə tapırlar. Başlayır mərasimi lağa qoymağa. Sonra tamam azdı, Allah günahımdan keçsin, Peyğəmbərin özünü lağa qoymağa başladı. Deyib, necə yəni, sizin peyğəmbər Allahdan ağıllıdır? Əgər insanda artıq nə isə olsaydı, məgər Allah kor idi ki, bunu görməsin? Necə ola bilər ki, Allah sifəti, gözləri, burunu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, lənət şeytana, həmin yerə gəlib çatanda isə məktəbli kimi səhvə yol verdi? Bizim Peyğəmbərə kim əmr etdi ki, Allahın səhvini düzəltsin?...

Nardaranlılar ömrlərində bir dəfə də olsun belə çıxış eşitməmişdilər. Və orada bir həngamə başladı ki! Elə bir söyüş yox idi ki, kənd ağsaqqalları Sadayı bəzəməsinlər. Hətta stol arxasında əyləşməyən qadınlar belə hasarın üstündən qışqırırdılar: “Səni lənətə gələsən!” Nəhayət, ziyafət başa çatanda Nardaran cavanları onun hər tərəfini əməlli-başlı əzişdirdilər. Yazığı elə döymüşdülər ki, tam üç ay səhnəyə çıxa bilmədi. Deyilənə görə, Şeyxin özü – Qafqaz Müsəlmanlarının rəhbəri Allahşükür Paşazadə bütün nardaranlılardan ictimai şəkildə üzr istəməyə razı sala bilmək üçün şəxsən Sadaya xəstəxanada baş çəkdi. Çünki təhqir olunan nardaranlılar onu çox asanlıqla öldürə bilərdilər. Akatyor bu tragikomik əhvalatı heyranlıqla, bir az da bəzəyərək danışdı. Birdən o, həkimə diqqət yetirdi və hiss etdi ki, onun üzünün ifadəsi tamamilə dəyişib, qorxubmu, qorxmayıbmı ayırd edə bilmədi. Aktyoa elə gəldi ki, onun hekayəsi həkimin heç xoşuna gəlməyib. Bu səbəbdən tələsik və təşvişlə əlavə etdi:
– Mən haradan bilim, ola bilsin ki, bütün bunlar heç olmayıb. Bəlkə də, bunu mənim kimi hansısa axmaq uydurub, mənə bənzər məzhəkəçinin biri. – Və o susdu, bərk məyus oldu, görünür, Sadayın Allah qorxusu olan nardaranlılarla etdiyi həyati təhlükəli zarafatı həkim Fərzaninin də dini heysiyyatını təhqir etmişdi. Lakin Fərid Fərzani fanatik müsəlman deyildi. Həkim oruca riayət etmirdi, namaz qılmırdı. Ancaq Moskvada yaşayanda imkan daxilində dini və peyğəmbərinin qoyduğu qayda-qanunlara əməl etməyə çalışırdı. Fərid Fərzaninin Moskvadan Bakıya qəfil dönüşünün əsas səbəbi də öz dininə az-çox saxlamış olduğu sədaqəti idi. Əgər cəmi üç il əvvəl Moskvada ona desəydilər ki, indi palatada huşsuz vəziyyətdə uzanan aktyor peyğəmbəri təhqir edib, bu söhbətə qulaq asmaq üçün həkim xeyli səy göstərməli olardı. Bakıda üç ildə gördükləri onun dnə, vətənə, peyğəmbərin özünə belə münasibəti qəfil dəyişdi. Həkim, xüsusən, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından heyrətə düşmüşdü. O belə bir qəddarlığı erməni tərəfindən heç vaxt görməmişdi.

Fikrə getmiş həkim əndişəli və dilxor, məyus vəziyyətdə soruşdu:
- Şeyx də Naxçıvanlıdı?
Bu sual aktyoru təəcübləndirdi.
– Yox əşi. Şeyx Lənkəranlıdı, talışdı. Pis adam da deyil, mülayimdi . – Aktyor bir qədər susub uyğun sözlər axtardı. – Doğrusu, soruşmağa çəkinirəm. Siz özünüz hardansız, doktor? Soyadınız, deyəsən, İran soyadıdı?

Doktor dərin ah çəkdi:
– Mən elə İranlıyam da. Bir dəfə atam səhv edib məni bura gətirdi. Özüm də ondan betər səfehlik etdim, Moskvadan bura gəldim.Orda on beş il Sklifosofski adına xəstəxanada cərrah işləmişdim. – Sonuncu sözləri doktor olduqca qürurla söylədi, sonra özünə yenə də biraz araq süzüb əlavə etdi:
– Gəl bizim bu allahsızın sağlığına içək, ona arzu edək ki, bir də o vəhşilərin əlinə düşməsin. – Bu deyib doktor ilk dəfə mənimlə badə toqquşdurdu.
Aktyor, doktorun ondan get-gedə xoşu gəldiyini hiss edir, buna uşaq kimi sevinirdi.
– Hə, hə, içək, doktor, arzu edək ki, o bir də o ürəksiz yerazlara bənzəyən heyvanların caynağına keçməsin. Amma, doktor, onun arvadı bunu çoxdan hiss edirmiş. O bilirmiş ki, bir gün bunun başına iş gələcək. Bütün imkanları ilə çalışırdı ki, əri küçəyə çıxmasın. O da heç çıxmırdı. Bircə dünən iki saatlıq teatra getdi. Müdürün otağından özüm ona zəng eləyib güclə dilə tutdum ki, gəlsin. Çünki o, teatrdan da bezib. Heç maaşını almağa da gəlmirdi. Allah bilir, niyə o bu gün şəhərdəydi.
Doktor Fərzani cibində nəsə eşələyib axtaran aktyoru əzabdan qurtardı: -– Çək, rahat çək siqaretini. – O, azca açıq olan pəncəyərə yaxınlaşıb onu geniş açdı. Titrək səslə – Belə adam çətin ki bu şəhərdə yaşaya bilsin, – belinə bükərək bu sözləri deyib, dərin fikrə getdi.
Hə, aktyor düz diqqət etmişdi: doktor Fərzaninin halı, həqiqətən də, birdən-birə dəyişildi. Özü də ona görə yox ki, qəflətən yorğunluq basdı, ya da niyəsə aktyorun danışdıqları xoşuna gəlmədi. İş ondadır ki, sünnət toyunda akyorun dediyi sözləri bir zaman doktor öz arvadından eşitmişdi: “Sizin Peyğəmbər allahdan ağıllıdır ki?” Bir vaxtlar bu sözlər Fərid Fərzanini sarsıtmışdı. Bu sözlərə görə də Moskvada onun gözəl ailəsi dağıldı. Məhz, bu təhqiredici və dərin zədə vuran bu sözlər onun yad bir şəhərdə indiki subay və fərəhsiz yaşamının səbəbi idi.

Tale hərdən qəribə bəxşişlər verir: rus qadınla evlənmiş, neçə illərdi Moskvada heç bir psixoloji narahatçılıq görməyən, yeganə qız övladının xoşbəxt atası, Fəris Fərzani oğlunun doğumundan sonra niyəsə ruhi müvazinətini birdən-birə itirməyə başladı. Oğlu hələ körpə olanda onun sünnət məsələsi ata üçün əsil əngələ çevrildi. Bu problem də oğluyla birgə böyüyürdü. Beyindən çıxmaq bilməyən bu rahatsızlıq doktorun qorxu dolu yuxularına da girirdi. Belə şey öncələr heç olmazdı. Oğunun on iki yaşı olanda bir gün səhər Fərid Fərzani arvadına qətiyyətlə öz niyyətini açıqladı: “Bu, peyğəmbərin qoyub getdiyi qanundur. Onu pozmağa haqqım yoxdur”. Arvadından “Sizin Peyğəmbər Allahdan ağıllıdır bəyəm?” eşidəndə əsəbindən az qaldı başını divara çırpsın.
Arvadı işə, qızının da məktəbə getdiyi o səhər doktor Fərzani, oğlunu asanlıqla dilə tutub Peyğəmbərin Allah qarşısında müsəlmanın ən vacib saydığı işi beş-on dəqiqəyə görüb bitirdi. Kim bilərdi ki, Sklifosofski adına xəstəxananın təcrübəli cərrahı üçün bu sadə bir əməliyyat ağırlaşma ilə nəticələnəcəkdi? Lakin ya qorxudan, ya da hansısa başqa səbəbdən axşama yaxın uşağın istiliyi qırx dərəcəyə qalxdı. İşdən gələn ana da oğlunu bu vəziyyətdə görəndə matı-mutu qurudu. O, nə ərinə bir söz dedi, nə də oğlunun istiliyini aşağı salmağa cəhd etdi, sadəcə dəhşət içində uşağa baxdı. Sonra hamam otağına girib içəridən qapını kilidlədi, qapının arxasından yalnız ağlamaq səsləri eşidilirdi.

Deməli, rus qadınlarının məhəbbəti çox asanlıqla nifrətə çevrilə bilərmiş. Səhərisi gün oğlan yerindən qalxıb rahatca mənzildə dolaşsa da, Fərzaninin arvadı əriylə əlaqələrini kəsdi. O, dərhal boşanma ərizəsi verib şəhərin mərkəzində yerləşən üçotaqlı mənzillərini bir-birindən uzaq olan yerlərdə iki ikiotaqlıya dəyişdi. Bir neçə il ailəsiz yaşayan Fərid Fərzani 1986-cı ildə bakılı bir rusla evini dəyişib Bakıya daşındı. Elə ilk gündə də necə bir bağışlanılmaz səhv elədiyini anladı.

İndi Fərzaninin oğlunun iyirmi yaşı var idi, amma atasının yaddaşında o elə yenə də on iki yaşındakı kimi qalmışdı. O uşağın məsum, çaşqın gözləri hələ neçə il doktoru amansızca izləyirdi. Dəhşət onda idi ki, əməliyyat zamanı cınqırını da çıxarmayan oğlan, doktor işini bitirəndən sonra, atasına elə bir nifrətlə baxdı ki, o baxışı heç cür unutmaq mümkün deyildi. Fərzani oğlanın gözündən oxudu ki, o, heç vaxt bu əməliyyatı ona bağışlamayacaq.

Lakin doktor yalnız çox sonralar günahının nədən ibarət olduğunu anladı. Uşa q üçün fərqi yox idi, onun dərisinin ucundan bir tikə kəsildi, ya bütöv bir barmaq kəsildi, çünki Moskva mühitində tərbiyə almış uşaq üçün atasının bununla nəyin naminə belə rəftar etdityini dərk edə bilməzdi. Atasının ona qarşı etdiyini oğlan fiziki zor, qəddarlıq və mənasız bir vəhşilik kimi qavramışdı. Bir səhər sonsuz dərəcədə sevdiyi və əzizlədiyi övladının gözlərində, doktor artıq yad biri olduğunu oxudu.
Özünə boş yerə toxdaxlıq verirdi ki, zaman keçəcək, yadlıq da aradan qalxacaq. Bu yadlığa qalib gəlməyə atanın gücü çatmadı, oğul isə heç istəmirdi də (buna can da atmırdı). Bakıda yaşadığı müddətdə qızı iki dəfə onun yanına gəlmişdi. İndi də həftədə barı bir dəfə zəng edib hal-əhval tuturdu, necə yaşadığının öyrənirdi. Oğul bir dəfə də olsun Bakıya gəlmədi, nə də zəng elədi.
Hə, oğul Fərzaninin yaralı yeriydi. Görünür, aktyorun danışdıqları onun bu zəif damarına toxunmuşdu, yarasını yenidən açıb qanatmışdı. O, ona xas olmayan bir mistik-melanxolik hala düşmüşdü ki, o vəziyyətdən çıxmaq üçün çabalayırdı.
– O lap anadangəlmə Don Kixotdu ki! – süni sevinclə Fərzani səsini qaldırdı. – Onun üçün əsl rol Don Kixot roludu. Qoy yaxşılaşsın bu haqda ona deyəcəm. İnciməz ki, səncə?
– Aktyor təəcüblə doktora baxdı, çünki bilirdi: “Don Kixot” – Saday Sadıqlının ən sevimli əsəridir.
Yenidən həyəcanlanan aktyor əllərini yenə cibinə soxub siqaret axtarmağa başladı:
– Deyin görüm, niyə? Bu adam “Don Kixot”u yüz dəfə oxuyub. Servantes onun ən xoşladığı yazıçısıdır. Bizimkilərdənsə Mirzə Fətəli Axundovu yüksək dəyərləndirir. Həyatındasa bircə bütü var, o da qaynatasıdır, doktor Abasəliyev. Bir də bir kəndçisi var, Aykanuş adlı erməni qadın, onun haqda həmişə məhəbbətlə danışır. – Nuvariş Qarabağlı bunun hamısını birnəfəsə deyib əlini cibindən çıxardı, mülayim-mülayim doktora baxdı.
“Don Kixotu” doktor Fərzani ən azı iki dəfə oxumuşdu, Mirzə Fətəli Axundov haqda biraz bilirdi, amma o erməni qızı Aykanuşu, sözsüz ki, tanıya bilməzdi.
əvəzində doktor Abbasəliyevlə yaxşı tanış idi. Bir neçə dəfə müxtəlif elmi simpoziumlarda Moskvada, Leninqradda, Praqda, Varşavada görüşmüşdülər.
– Dolktor Abbasəliyevin qızı harda işləyir?
– Əvvəl komissiyada işləyirdi. İndi isə Nefçilər prospektində yeni diş klinikası açılıb, Azadə xanım da orda işləyir. – Aktyor saata baxdı. – Amma indi o işdə olmaz. Yəqin, o, artıq evdədir.
– Bəs sən deyirdin, bu günlər o atasının yanına Mərdəkana gedir.
– Hə, gedir... – Aktyorunin beynində elə bil birdən- birə nəsə aydınlaşdı. – Bu gün bazar günüdür, eləmi, doktor?! Başım düz-əməlli işləmir ki: yenə yadımdan çıxıb, elə hey əzab çəkirəm ki, necə gedib hər şeyi Azadə xanıma danışım. Lap əladır ki, doktor. Qoy Azadə xanım hələ heç nədən şübhələnməsin. Sabah isə, Allahın köməyilə, vəziyyəti düzələr, huşu özünə gələr, Azadə xanım da yoldaşını görəndə çox da üzülməz. Onlar bir-birini elə istəyir ki. Uşaqları yoxdu deyə, uşaqlara xərcləmədikləri məhəbbəti (sevgini) bir-birilərinə verirlər. – Dediyini bitirib gözünün ucuyla masaya baxdı. – İzin verərsiz, buraları bir az səhmana salım?
– Narahat olma, sənsiz də yığışdıracaqlar. – Doktor yarı-boş su qrafinini soyuducuya qoydu. – Səndə Azadə xanımın telefonu var?
– İş telefonu yoxdu, amma evininkini bilirəm.
– Onda onu mənə yaz. Yəqin, dotor Abbasəliyevin də bağ evində telefonu olar?
– Telefon var, ancaq nömrəsini bilmirəm.
Doktor aktyorun əlini sıxdı.
– Hə, sən get, bu gecə yaxşıca dincəl. Mənimsə hələ işim çoxdu.
Nuvariş qarabağlı “Doktor!” bərk səslə deyib elə yazıq baxışlarla Fərzaniyə baxdı ki, onun nə demək istidiyini doktor sözsüz də anladı.
– Palataya getməyəcəyik. Mənası yoxdu. Sən narahat olma, orda hər şey qaydasındadır. Mən ona ə′la palata ayırmışam, sonra özün də görüb əmin olacaqsan. Telefonu var, televizoru var – palata yox, xan sarayıdı. – Doktor aktyorun ona yazdığı telefon nömrəsi olan kağız parçasına nəzər saldı. Əlavə etdi:
– Onun ailəsiylə də əlaqə saxlayacağam, sən heçnədən nigaran qalma.

Gecəydi: 1989-cu ilin soyuq dekabr gecəsi. Nuvariş Qarabağlı evə getməkdən qorxurdu. Məhz, bu qorxu onun ürəyində acizlik və çarəsizlik duyğusu yaradırdı. Cəsarət edə bilsəydi, xəstəxanaya qayıdıb özünə barı bir gecəlik sığınacaq istəyərdi: bircə dənə xəstəxana çarpayısı, lap ən pis palatada olursa da, olsun...
Xəstəxanadan uzaqlaşdıqca aktyorun içində tənhalığın az qala fiziki ağrıya döndüyünü hiss edirdi. Bu səbəbdən də doktor Fərzaniylə keçirdiyi axşam yaddaşında artıq bir uzaq, əlçatmaq xoş xatirəyə çevrilirdi.
Saday Sadıxlının çarpayının başında oturmağı doktor Fərzani əməliyyat zamanı ona yardım edən tibb bacılarından birinə tapşırmışdı. Bu tibb bacısı yetmiş yaşlı, böyük iş təcrübəsi olan Münəvvər xanım idi. Xəstəxananın işçiləri əlli ildən çox çalışmış Münəvvər xanıma sadəcə Mira xanım deyirdilər. Bəziləri isə Mina xanım deyib çağırırdılar. Doktor Fərzaniyə qalanda isə, öz işini yaxşı bilən təcrübəli tibb bacısını öz əhvalına uyğun çağırardı. Adi halında, təxminən, öz yaşıdı olan bu ağbirçək qadına, sadəcə Münəvvər, ya da eləcə “sestra” deyərdi. Yaxşı əhval-ruhiyyədə olanda isə travmotologiya və cərrahiyyə şöbəsinin əvəzolunmaz bu əməkdaşı onun üçün həmişə Minaşa idi. Bu da hər dəfə Münəvvər xanımı çox fərəhləndirərdi.

Hər əməliyyatdan sonra kabinetinin qapısını kilidləyib biraz araq içmək doktor Fərzaninin həmişəki adətiydi. Heç bir əməliyyat olamasa da, axşama yaxın cərrah kabinetinə qapanıb bir müddət özünü xəstəxana həyatından ayırırdı. Həmişə tək içərdi, ilk dəfə idi ki, bu gün o, kabinetdə tək deyildi. Ona görə tibb bacısı narahat idi. Bir tərəfdən, o qorxurdu ki, bu dəfə həkim həmişəki normasından artıq içəcək, digər tərəfdən də sadəcə qısqanırdı: adətən, doktor öz yalnızlığını yalnız onunla bölüşürdü. Vas-vası və qanunpərəst Münəvvər xanımı narahat edən o idi ki, doktor Fərzani xəstəni yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmiş palataya qoymağı göstəriş vermişdi. Bu palata baş həkimin sərəncamında idi, ola bilsin ki, onun sərəncamı olmadan göstəriş yerinə yetirilmişdi.
– Minaşa, bu da mən! – Çiyinlərinə ağ xələt atmış doktor Fərzani yaşlı tibb bacısını belə salamlayardı. Bu isti salamlaşma, adətən, Münəvvər xanımın ürəyinə məlhəm kimi yayıldı. Qadın fikirləşdi ki, yəqin, Maşa Moskvadan zəng etmiş, çünki yalnız qızının zəngindən sonra doktor Fərzani belə şən və xoşbəxt olurdu.
– Hə, nədi, bizim bu aktyor o dünyadan geri dönmək istəmir? – xəstənin nəbzini ölçərək doktor soruşdu. – Minaşa, sən bu adamda ürəyə bax e. Bədənində salamat yer qalmamış, ürəyisə saat kimi işləyir.
Həyəcan və kədər dolu səslə tibb bacısı dilləndi:
– Eh, Fərid Qasanoviç, onun necə yaxşı vaxtlarını gördüyümü kaş ki biləydiz! Vaxt varıydı, bircə onu səhnədə görmək üçün adamlar dəstə-dəstə teatra gəlirdi. “Aydın”da necə oynadığını kaş ki biləydiz! Elə yaxşı oynayırdı ki, zaldakı kişilər də ağlayırdı. – Kədərlənmiş tibb bacısı göz yaşlarını saxlamağa çalışırdı.
– Görürsüz, onun üzündən necə nur yağır? Hələ nə qədər əzabdan sonra! Bax burda oturub elə hey ona baxıram, baxmaqdan doya bilmirəm.
– Hə, canı bərk kişidir, – doktor razılaşdı, xəstənin yatağından çəkilib biraz pəncərənin yanında dayandı. Sonra geri dönüb Münəvvər xanımın yanında kresloda oturdu.
– Amma, doktor, – tibb bacısı səsini azaltı, – yaxşı olar, baş həkimə deyəsiz ki, yeni xəstəni bu palataya qoymusuz. Etika xətrinə.
– Mən onu xəbərdar etmişəm... – həvəssiz cavab verən doktor qalxıb yenə pəncərəyə sarı getdi.
Tibb bacısının çiynindən, elə bil, yük götürüldü. Yerindən cəld qalxıb qapıya tərəf yürüdü.
Qapıdan çıxarkən qadın:
– Gedim, kabinetinizi yığışdırım – Sonra qapıdan bir də boylanıb:
– Çayınızı bura gətirim? – soruşdu.
– Gətir. Amma baş həkimdən icazə almağı unutma, – doktor gülərək cavab verdi.
Tibb bacısı gedəndən sonra doktor yenə pəncərəyə yaxınlaşdı. Axşamlar pəncərənin ağzında durub boş küçələrə baxmaq vərdişi onda təzəlikcə yaranmışdı. Qəribəsi o idi ki, atıq bir neçə ay idi ki, Bakının küçələrində nəinki axşamlar, heç gündüzlər də tək-tək və ya cüt gəzən adam görmək olmurdu. İndi adamlar topalaşmış, sürü kimi gəzirdilər. danışmaq, qışqırmaq və söyüş söymək haqqı da yalnız onlara verilmişdi. Ən qəribəsi isə, bu məxluqların qışqıraraq dediyi sözlərin sayı, yəqin ki, ov ovluyan ibtidai adamların istifadə etdiyi sözlərə bərabər idi.
A-zad-lıq!
İs-te-fa!
Qa-ra-bağ!
Son günlər bu adamlar söz ehtiyatlarını üç kəlməylə də zənginləşdirmişdilər:
Sən er-mə-ni-sən!
Ölüm sə-nə!
Vəssalam!
– Vəssalam! Bax belə! – doktor Fərzani dodağının altında bu sözləri mızıldayıb pəncərədən çəkildi.
Xəstənin sarımtıl sifətindən axan göz yaşları aydınca görünürdü.

Romanın əvvəlini buradan oxuyun


Tərcümə edən: Səidə İsmayıl, Fərid Hüseyn.