Azərbaycanın büdcədən pul almayan cəmi 6 şəhər və rayonu var - - Araşdırma

azerbaycanin-budceden-pul-almayan-cemi-6-seher-ve-rayonu-var-
Oxunma sayı: 12710


Ölkə başçısı tərəfindən isə regionların sosial iqtisadi inkişafına dair üç dəfə Dövlət Proqramı qəbul edilib. Xatırladaq ki, ilk belə proqram 2004-2008-ci illəri əhatə edib.  İkinci proqram 2009-2013-cü illərdə qəbul edilib, ölkə başçısının sonuncu fərmanı isə 2014-2018-ci illəri əhatə edir. Əslində, regionların sosial-iqtisadi məsələlərinin diqqətdə saxlanılması baxımından qəbul olunan proqramlar müsbətdir. Çünki nəticədə regionlarda yeni iş yerləri açılır, abadlaşma  prosesi sürətlənir. Demək olar ki, prezident İlham Əliyev hər səfərindən sonra həmin rayona vəsait ayrılması ilə bağlı sərəncam verir.  Amma regionlara bu qədər vəsait xərclənməsinə baxmayaraq, rayonlarda sosial-iqtisadi inkişafın nəticəsi büdcədə özünü göstərmir.  Belə demək mümkünsə rayonlar özləri özlərini maliyyələşdirə bilmirlər. Maraqlıdır ki, niyə? Ayrılan dotasiyalar aidiyyatı üzrə xərclənmirmi? Yaxud mərkəzi hökumət rayonların yerli gəlirləri hesabına öz büdcəsini təmin etməsində maraqlı deyilmi? Yəni, nəyə görə bu günə kimi Azərbaycanın 60-dan artıq rayonuna büdcədən dotasyia verilməkdə davam etməlidir?  “Qafqazinfo” sözügedən vəziyyəti araşdırıb.   

Qeyd edək ki, hökumət regionlarda nəyə nail olubsa, bunu dövlət investisiya layihələri hesabına edib. Ancaq məlum olub ki, bu layihələrin maliyyələşmə mənbəyi dövlət büdcəsi olmasına baxmayaraq, əsas xərcləri yerli sahibkarlar çəkirlər. Bir sıra rayonlarda icra başçılarının sahibkarları sıxışdırması ilə bağlı məlumatlar da mütəmadi olaraq yayılmaqdadır.  Sahibkarlar illərdir ki, bu kimi çətinliklərlə üzləşirlər. Yaxud rayon səviyyəsində hər hansı sahibkar daha geniş imkanlar nümayiş etdirirsə, sabah onun icra hakimiyyətinin göstərişi ilə müxtəlif layihələ cəlb edilməsi prosesi başlayır. Hətta ölkə başçısı da rayon icra başçılarının iştirakı ilə keçirilən konfransda bu məsələyə xüsusi  diqqət ayıraraq icra başçılarını sərt tənqid etmişdi.

İndi isə rayonlarda gedən inkişafın büdcədə özünü göstərmə mexanizmi ilə bağlı bir neçə faktları sadalayaq.

Son 8 ilin (2008-2015-ci illər) statistikasına nəzər salsaq görərik ki, bu dövrdə regionların yerli gəlirləri 3,2 dəfə, xərcləri isə 82% artıb. Mərkəzi büdcədən ayrılan vəsaitlərin həcmi isə daha az artıb - cəmi 25%. Rəqəmlər belə görünür ki, yerli gəlirlərin artım tempi regionlara ayrılan dotasiyaların artım tempini üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ildə mərkəzi büdcədən ayrılan vəsaitlər regionların ümumi xərclərinin 72%-ni təşkil edib. Ancaq cari ildə bu göstəricinin 52,1%-ə qədər azalacağı gözlənilir. Gələn il isə mərkəzi büdcədən ayrılan vəsaitlər regionların ümumi xərclərinin 49,5%-nə bərabər olacaq.  

Qeyd edək ki, Azərbaycanda cəmi dörd şəhər və iki rayon yerli büdcə hesabına özünü maliyyələşdirir. Qalan şəhər və rayonlar isə büdcədən dotasiya alır. 2015- ci ilin dövlət büdcəsində regionlara ayrılan vəsaitin miqdarına diqqət yetirdikdə görürük ki, regionların xərcləri gəlirlərindən təxminən 2 dəfə çox olacaq. Belə ki, bu il şəhər və rayonların yerli gəlirləri 834,5 milyon manat olduğu halda, xərcləri 1 milyard 654 milyon manat təşkil edəcək. Aradakı  819,4 milyon manatlıq fərq isə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlər, yəni dotasiya hesabına təmin olunacaq.

2015-ci ilin dövlət büdcəsinin gəlirlərində şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ cari illə müqayisədə 19,7% və ya 138 milyon manat çox olacaq. Şəhər və rayonların yerli gəlirləri ümumi büdcə gəlirlərinin cəmi 4,3%-ə bərabər olacaq və cari illə müqayisədə cəmi 0,1 faiz bəndi artacaq.

Xatırladaq ki, 2012-ci ilə kimi Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlar xərclərini yerli gəlirlər hesabına təmin edə bilməyiblər. Ancaq 2012-ci ildə ilk dəfə olaraq Sumqayıt şəhəri ilə Abşeron rayonu da xərclərini yerli gəlirlər hesabına təmin edib. Ötən il isə xərclərini öz gəlirləri hesabına təmin edə biləcək şəhər və rayonların sırasına Şirvan, Mingəçevir şəhərləri və İmişli rayonu da daxil olub. Beləliklə özünü maliyyələşdirə bilən şəhər və rayonların sayı 6-ya çatıb.

Bu il mərkəzləşdirilmiş xərclərdən ən çox vəsait Ağdam, Şəmkir və Tovuz rayonlarına, həmçinin Gəncə şəhərinə ayrılacaq. Bu il Ağdam rayonuna mərkəzləşdirilmiş xərclərdən 33,5 milyon, Şəmkir rayonuna 29,4 milyon, Tovuz rayonuna 26,1 milyon, Gəncə şəhərinə isə 24,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Mərkəzləşdirilmiş xərclərdən ən az vəsait ötən il olduğu kimi yenə də Xocalı, Xızı və Xocavənd rayonlarına və Naftalan şəhərinə ayrılacaq. Bu rayonlara müvafiq olaraq 3,6 milyon, 4,3 milyon və 4,5 milyon manat, Naftalan şəhərinə isə cəmi 901 min manat veriləcək.

“Qafqazinfo” büdcədən ən çox və ən az dotasiya alan və yaxud ümumiyyətlə dotasiya almayan rayonların icra hakimiyyətləri ilə əlaqə saxlamağa çalışıb.

Bu ilki büdcədən 30 milyona yaxın dotasiya alacaq Şəmkir rayonunda bir sıra işlər həyata keçirilməkdədir.Rayon icra hakimiyyətinin başçısının müavini Fəxrəddin Vəliyev  bildirib ki, ötən il prezident İlham Əliyev rayona səfər edən zaman Şəmkirçayı üzərindəki  su elektik stansiyasının açılışını etdi: “SES-də 49 meqabitə qədər işıq istehsalı gözlənilir. Bundan əlavə, 50-55 ton gücündə çörək istehsalı zavodu istifadəyə verilib.  Rayonda “Aqropark” adlanan layihə nəzərdə tutulub. Həmin layihənin həyata keçdikdən sonra onun daxilində 9 müəssisə fəaliyyət göstərəcək və 3000 nəfər çalışacaq.  Aqroparkda meyvələr əkilib yetişdiriləcək, əkin sahələri üçün parniklər qurulacaq.  Eyni zamanda rayonda istehsal olunan kənd təsərrüfatı malları qablaşdırılaraq Rusiyaya, o cümlədən dünyanın müxtəlif ölkələrinə göndəriləcək.  Bununla əlaqədar bir sıra planlarımız var. Şəmkir kənd təsərrüfatı rayonu olduğuna görə,  maldarlığın, xırda davarlığın və taxılçılığın geniş inkişafı üçün yaxşı imkanlar var. Bunlar həyata keçirildikdən sonra yəqin ki, Şəmkir rayonuna dövlətdən dotasiya azalacaq. Taxılçılığın, kartofçuluğun inkişafı sürətlə davam edir.  Xurma meyvəsinin əkininə bu il rayonda xüsusi diqqət yetiriləcək.  Nəzərdə tutulur ki, gələcəkdə 5 milyona qədər xurma ağacı əkilsin.  Gələcəkdə bu meyvələrin Rusiyaya və dünya bazarına göndərilməsi nəticəsində Şəmkirin büdcəsinə xeyli gəlir daxil olacaq. Bu il Şəmkirin büdcəsi 41 milyon manatdır”.

Büdcədən dotasiya almayan rayonlardan biri də İmişlidir. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev mövzu ilə bağlı qeyd edib ki, İmişlidə aparılan işlər ölkə başçısının imzaladığı “Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında həyata keçirilib: “Nəticədə rayonda yeni iş yerləri açılıb, sahibkarlara şərait yaradılıb.  Sahibkarlar yerli büdcəyə vergi ödəyir.  Bunun nəticəsində də rayonda demək olar ki, işsizlik tam aradan qaldırılıb, insanların 90 faizindən çoxu işlə təmin edilib. Nəticədə də yerli büdcəyə daxil olan həmin vergilərin hesabına da büdcəmiz tam formalaşıb. Ona görə də biz mərkəzdən heç bir dotasiya almırıq. Rayon özü-özünü tam təmin edir”.

İcra başçısı iki il ərzində rayonun özünü təmin etmək üçün 20-25 milyon arası büdcə formalaşdırdığını da vurğulayıb: “Rayonda olan dörd zavodun sahibkarlarının ödədiyi vergi daxili büdcəyə daxil olur. Əhalinin maaşlarına qədər hər şeyi yerli büdcənin hesabına təmin edilir. Aqrar rayon kimi Abşeron və İmişli rayonu büdcəsini özü formalaşdırır. Abşeron da Bakıya bitişik rayon olduğu üçün respublikadan kənar olan İmişli aqrar rayon kimi yeganə rayondur ki öz büdcəsini formalaşdırır.”

Büdcədən ən az dotasiya alan Naftalan rayonun icra hakimiyyətindən isə mövzu ilə bağlı suallarımıza cavab verən olmadı.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli də regionlara ayrılan dotasiyalarla bağlı “Qafqazinfo”ya açıqlama verib. Bildirib ki, büdcədə Bakı ilə regionların gəlir nisbətinə diqqət yetirəndə bütün gəlirlərimizin 92 faizinin Bakının payına düşdüyünün şahidi oluruq: ”2015-ci il dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər cəmi 835 milyon manat təşkl edəcək ki, bu da Azərbaycanın regionlarının potensialı fonunda çox kiçik bir rəqəmdir. Deməli, bizdə regionların potensialından yetərincə istfadə olunmur. Ona görə də regionların iqtisadi inkişafına müvafiq olaraq hər il büdcədən əlavə vəsait- dotasiya ayrılır. Nəticədə hər il dövlət büdcəsi bu xəttlə dollara çevirəndə 1 milyard dollardan artıq dotasiya verməli olur.

Yerli xərcləri tənzimləmək üçün bu il dövlət büdcəsindən təqribən bir o qədər də dotasiya ayrılacaq və nəticədə yerli xərclər 1,6 milyard manatı ötəcək. Nəzərə alaq ki, həmin vəsaitin 971 milyon manatı və ya 59 faizi təhsil xərclərinə, 223 milyon manatı və ya 14 faizə qədəri səhiyyə xərclərinə, 240 milyon manata yaxını və ya 15 faizə qədəri mənzil-kommunal təsərrüfatı xərclərinə, 81 milyon manatı və ya 5 faizə yaxını mədəniyyət, incəsənət,informasiya, bədən tərbiyəsi və.s sairə yönəldiləcək”.

 Deputatın sözlərinə görə, ayrılan vəsaitin xərclənməsinin etibarlı nəzarət mexanizmi yoxdur: “Belə olan halda bu sahədə vəziyyətin necə olduğu aydın görmək olar. Büdcədə Bakı ilə regionların gəlir nisbətinə diqqət yetirəndə görürük ki, bütün gəlirlərimizin 92 faizi Bakının payına düşür. Son illər Bakıdan əlavə Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, eləcə də Abşeron və İmişli rayonları da özünümaliyyələşdirmə sisteminə keçib. Bu il Azərbaycanın şəhər və rayonlarının vergi potensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin tam məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi nəzərdə tutulub. Bununla yanaşı regionların potensialından kompleks şəkildə istifadə edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir. Bundan ötrü hər şeydən əvvəl, yerlərdə yerli potensialdan istifadənin səmərəliliyini artırmağa imkan verən, daha çox əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması, layiqli əmək haqqı verən iş yerlərinin açılması istiqamətində addımların atılması vacibdir. Regionlarda işləri həyata keçirməkdən ötrü hökumət üçüncü regional inkişaf proqramında yazılanların vaxtında həyata keçirilməsini təmin etməlidir. Bunu bütövlükdə hökumət və onun hər bir konkret işə məsul olan strukturları həyata keçirməlidir. Rayonların və ya şəhərlərin büdcədən dotasiya almaması üçün isə mərkəzi hökumət lazımı tədbirlər həyata keçirib verginin bir hissəsinin yerlərdə saxlanmasına qərar verməlidir”.

Günel Türksoy