““Azəriqaz”dan başqa heç yerə 1 manat da borcumuz yoxdur”

azeriqazdan-basqa-hec-yere-1-manat-da-borcumuz-yoxdur
Oxunma sayı: 1946

“Sabahdan etibarən tam iş rejimində fəaliyyətə başlayacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib. Sədr müavini bildirib ki, 950-ə yaxın yeni iş yeri yaradılacaq:

“Bu gün bizim bütün diqqətimiz Respublikanın dağ rayonlarında 190 minə yaxın mənzil istiliklə təmin olunacaq. Tam sistem mövsümə hazırdır və dünən axşamdan etibarən bəzi ərazilərdə qismən fəaliyyətə başlamışıq və sabahdan etibarən gücləndirilmiş iş rejiminə keçiriləcək və bütün qazanxanalarının tam işə başlayacaq.

Bundan başqa, modul tipli qazanxanalar var ki, onlar 3-5 gün ərzində modul tipli mərkəzlərdə quraşdırılmağa və istiliklə təmin olunmağa şərait yaradır.

Bəli, “Azəriqaz”a istifadə etdiyimiz qaz sərfiyyatına görə bir qədər borcumuz var və bununla bağlı tədbirlər də görülür. Ancaq bildirmək istəyirəm ki, borc vətəndaşların istilik sistemi ilə bağlı heç bir problem yaratmayacaq.

İstiliklə təmin etdiyimiz 4400 binadan 300 bina var ki, köhnə tipli binalardır və onların istiliyində problem var. Onlara Nərimanov, Nəsimi və şəhərin mərkəzində olan bəzi binalar daxildir. Bu binalarda təmir işlərinin başa çatması ya çox vaxt aparacaq, ya da kı mümkün deyil”.

***
O, bildirib ki, istiliyin dərəcəsi xarici havanın temperaturu ilə müəyyənləşdirilir: 

“Bu gün ən böyük problem mənzildaxili problemlərdən ibarətdir. Mənzillərdə mövsümə hazırlıqla bağlı tədbirlər görülmür. Bizim binaya verdiyimiz istiliklə evlərə paylanan istilikdə böyük fərq var. Məsələn binalarda padvallar bağlanılmır, qurudulmur, pəncərələr bağlanmır, dam örtükləri izolyasiya olunmur və s. Binadaxili sistemlərdə ən böyük itkilər elə bu problemlərdən yaranır. Bugünkü gündə istilik xətləri yoxlanılıb və zədəli yerləri izolyasiya olunub. 

Əhali üzrə yığım səviyyəsi 90-100% civarındadır. Baxmayaraq ki, bizim fərdi olaraq mənzillərə verilən istiliyi kəsmək kimi şansımız yoxdur. O səbəbdən də müəssisə bu gün zərərlə işləyir, mənfəətlə yox. Bugünkü gündə “Azəriqaz”dan başqa heç bir quruma 1 manat da borcumuz yoxdur”.

***

Sədr müavini yeni tikililərin istilik sisteminə qoşulma məsələsindən də danışıb:

“Yeni tikililər özəl şirkətlər tərəfindən tikilir və çox olmasa da, bəzi hallarda mərkəzi istilik sisteminə qoşulma ilə bağlı bizə müraciət edilir. Bugünkü gündə 40-a yaxın bina müəyyən şərtlərlə mərkəzi istilik sisteminə qoşulub. Bizə müraciət daxil olduğu halda onların mərkəzi istilik sisteminə qoşulmasına maraqlıyıq. Ola bilər ki, gələcəkdə bu sistem də məcburi olsun. Ancaq hazırda sadəcə müraciət əsasında binaları mərkəzi istiliklə təmin edirik”.

Günel Hacı

Nuran Məmmədov