BAAU Milli Observatoriya ilə əməkdaşlıq istiqamətlərini müzakirə etdi - Fotolar

baau-milli-observatoriya-ile-emekdasliq-istiqametlerini-muzakire-etdi
Oxunma sayı: 210

Bakı Avrasiya Universitetində (BAAU) Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə əməkdaşlığın gücləndirilməsi və 2026-cı il üzrə birgə fəaliyyət istiqamətlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün universitetin konfrans zalında keçirilən görüşdə BAAU-nun rektoru dosent Səyavuş Qasımov, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, tələbələrin yumşaq bacarıqlarının inkişafı, məzunların məşğulluq imkanlarının artırılması, eləcə də 2026-cı il üçün nəzərdə tutulan birgə layihələr və əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparmaq olub.

Tədbiri giriş sözü ilə açan BAAU-nun rektoru dosent Səyavuş Qasımov Milli Observatoriya ilə əməkdaşlığın universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, müasir dövrdə ali təhsilin əsas vəzifələrindən biri nəzəri biliklərin verilməsi ilə yanaşı, tələbələrdə əmək bazarının real tələblərinə uyğun yumşaq bacarıqların formalaşdırılması və inkişaf etdirilməsidir. Bu baxımdan Milli Observatoriya ilə qurulan əməkdaşlığın tələbələrin peşəkar inkişafına və məzunların əmək bazarına adaptasiyasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Dosent Səyavuş Qasımov bildirib ki, 2025-ci il üzrə birgə tədbirlər planı çərçivəsində nəzərdə tutulan fəaliyyətlər BAAU və Milli Observatoriyanın müvafiq strukturları arasında qarşılıqlı əməkdaşlıq şəraitində uğurla icra olunub. Rektor, həmçinin 2026-cı il üzrə nəzərdə tutulan fəaliyyətlərin tələbələrin karyera imkanlarının artırılması, elmi-tədqiqat potensialının inkişafı və işəgötürənlərin tələblərinə uyğun kadr hazırlığının təmin olunması baxımından mühüm nəticələr verəcəyini qeyd edib.

Rektor çıxışında əmək bazarında baş verən sürətli dəyişikliklərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu bildirərək yeni ixtisasların açılması, mövcud proqramların təkmilləşdirilməsi və tədris prosesində praktik komponentlərin daha da gücləndirilməsinin aktuallığını vurğulayıb. O, tələbələrin gələcəkdə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşması üçün universitet - əmək bazarı əlaqələrinin davamlı və sistemli şəkildə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxışında ali təhsil müəssisələri ilə əməkdaşlığın əmək bazarının analitik qiymətləndirilməsi və müasir tələblərə uyğun kadr hazırlığı baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2026-cı il üzrə əsas prioritetlər sırasında yumşaq bacarıqların inkişafı, praktik təcrübə proqramlarının təşkili, master-klass və təlimlərin keçirilməsi, tələbələrin məlumat bazalarına çıxışının genişləndirilməsi, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi dayanır.

Görüş zamanı tərəflər ali məktəb məzunlarının məşğulluq səviyyəsinin təhlili, əmək bazarının dinamikasına uyğun kadr potensialının artırılması, qarşılıqlı təcrübə mübadiləsi və innovativ layihələrin icrası barədə ətraflı müzakirələr aparıblar.

Sonda BAAU ilə Milli Observatoriya arasında əməkdaşlığın daha sistemli şəkildə davam etdirilməsi, 2026-cı il üzrə Tədbirlər Planının əsas istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı ilkin razılaşmalar əldə olunub.

Görüşün nəticəsi olaraq tərəflər gənclərin əmək bazarına inteqrasiyasının asanlaşdırılması, tələbələrin yumşaq bacarıqlarının artırılması, eləcə də işəgötürənlərin tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.