“Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər uzun illərdir qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu gün Bakı ilə Tbilisi arasında formalaşmış əməkdaşlıq modeli region üçün ən uğurlu nümunələrdən biri hesab olunur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
O bildirib ki, Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər də bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə daha da genişlənəcək:
“Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Gürcüstan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, ölkələrimiz bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Bu yanaşma regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirib. Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində həm Qərb, həm Şərq, həm də region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub.
Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr yalnız iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu layihələr region ölkələri arasında əməkdaşlığı möhkəmləndirib, Azərbaycanın beynəlxalq nüfuzunu artırıb və ölkəmizin geostrateji mövqeyini daha da gücləndirib”.
“Prezident İlham Əliyev mətbuata bəyanatında Orta Dəhlizin əhəmiyyətinə də xüsusi diqqət çəkib. Hazırda Avropa ilə Asiyanı birləşdirən bu marşrut üzrə yükdaşımaların həcmi artır və Azərbaycan-Gürcüstan əməkdaşlığı bu istiqamətdə həlledici rol oynayır. Azərbaycan öz nəqliyyat və logistika imkanlarını genişləndirərək regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib. Gürcüstan da bu prosesdə Azərbaycanın ən yaxın tərəfdaşlarından biri kimi çıxış edir.
İrakli Kobaxidze də öz növbəsində Azərbaycan ilə münasibətlərin Gürcüstan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq regionun gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Gürcüstan hökumətinin Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olması gələcəkdə yeni iqtisadi layihələrin və investisiya imkanlarının yaranacağını göstərir.
Bu gün Azərbaycan-Gürcüstan münasibətləri yalnız iki ölkənin maraqlarına xidmət etmir. Bu tərəfdaşlıq bütövlükdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövləti kimi öz mövqeyini daha da möhkəmləndirib və ölkəmiz gələcəkdə də beynəlxalq əməkdaşlıq layihələrinin mərkəzində yer almaqda davam edəcəkdir”, - deyə deputat vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər