Bir neçə ay əvvəl “Qafqazinfo”da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yeni xidməti avtomobilin verilməsi haqqında xəbər verilmişdi. Həmin xəbərdə Bakı merinə son model, yəni 8 seriyadan olan BMW markalı avtomobilin verildiyi və maşının 160 min avro dəyərində olduğu qeyd edilirdi. Sözügedən maşının meriyanın qarşısından fotosessiyasını da oxuculara təqdim etmişdik.
Həmin xəbərdən bir gün sonra isə Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya zəng edərək bildirildi ki, həmin avtomobil Bakı merinə müvəqqəti istifadə üçün verilibmiş. Əsəslandırıldı ki, Hacıbala Abutalıbovun xidməti avtomobili xarab olub, yaranan texniki problemləri aradan qaldırmaq üçün həmin avtomobil BMW şirkətinə verilib. Şirkət də maşın təmir olunan müddətdə əvəzedici avtomobil təqdim edib. Lakin o vaxt məsələ kifayət qədər ciddi xarakter aldı və merin xidmətinə bahalı maşın verilməsi gizlədilə bilmədi. Həm polis, həm də BMW şirkəti H. Abıtalıbovu təkzib elədi. Bundan sonra o, xidməti avtomobilini gizlətməyə, köhnə maşının istifadəsindən yararlanmağa başlamışdı.
Bu gün əməkdaşımız Bakı Şəhər İcra Hakimiyyətinin qarşısından keçərkən maraqlı mənzərə ilə qarşılaşıb. Məlum olub ki, H. Abutalıbov gizlətdiyi son model avtomobilini yenidən üzə çıxardıb. Qiyməti 160 000 avro olan avtomobilin üzərinə köhnə maşındakı 10 AA 008 dövlət nömrə nişanı bağlanıb.
Maraqlı sual ortaya çıxır, görəsən həmin vaxt Hacıbala Abutalıbov mətbuatın şişirtdiyi qiymətli maşın xəbərindən çəkinərək köhnə maşınına qayıdıb, yoxsa yenə də köhnə avtomobili xarab olub?
Əslində burada qəribə heç nə yoxdur və Azərbaycanda H. Abutalıbovdan da qat-qat vəzifəcə aşağı olan məmurlar daha bahalı maşınlarda gəzirlər. Belə demək mümkünsə bu gizlədəsi ayıb deyildi axı... Bizim Bakı merinin üstünə düşməyimiz də qeyd elədiyimiz məntiq baxımından heç düzgün deyil. Adam sadəcə özü-özündən xoflandı deyə biz də, üstünə getdik...
Son xəbərlər
Son Xəbərlər