Bakı-Sumqayıt yolunda yük avtomobili maşının üzərinə aşdı, ölən var - Video - Yenilənib

baki-sumqayit-yolunda-yuk-avtomobili-masinin-uzerine-asdi-olen-var
Oxunma sayı: 4637

Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.

Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün saat 12:05 radələrində Bakı-Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı müraciət yayıb: “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil, digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.

Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək”.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 23.09.2026-cı il tarixində saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.

Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.