Bakıda beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin inkişafı müzakirə olunub - Fotolar

bakida-beynelxalq-neqliyyat-logistika-dehlizlerinin-inkisafi-muzakire-olunub
Oxunma sayı: 1263

“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda ikigünlük beynəlxalq konfransın ikinci günü Bakıda keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov konfransın regionda nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, eləcə də çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, son illər region ölkələri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.

Rəhman Hümmətov konfransın sessiyaları çərçivəsində Zəngəzur dəhlizi barədə məsələlərin müzakirəsinə geniş yerin verilməsinin təsadüf olmadığını vurğulayıb: “Zəngəzur dəhlizinin region üçün böyük önəm kəsb edən Orta dəhlizin əsas hissəsi kimi potensialı, əsas üstünlükləri və tranzit əhəmiyyəti barədə ətraflı müzakirələr aparmaq və gələcəkdə dəhlizin digər beynəlxalq platformalarda təşviqi üçün geniş məlumat bazasına malik olmaq baxımından konfransın əhəmiyyəti böyük olacaq”.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil olunub.

Müzakirələr “Zəngəzur dəhlizi təşəbbüsü regional əməkdaşlıq və inkişaf üçün katalizator kimi”, “Beynəlxalq nəqliyyat dəhlizləri üçün innovativ gömrüklər”, “Beynəlxalq nəqliyyat və logistik dəhlizlər sülh və tərəfdaşlığın vasitəsi kimi”, “Nəqliyyat və logistika sənayelərinin modernləşdirilməsində əsas trendlər”, “Logistika siyasətinin dizayn və həyata keçirilməsi”, “Orta Dəhliz boyu nəqliyyat xidməti infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması” və “Zəngəzur dəhlizinin regional inteqrasiyanın inkişafında rolu” mövzularını əhatə edib.

Çıxış edənlər gömrük prosedurlarının təkmilləşdirilməsi, nəqliyyat-logistika sektorunun müasirləşdirilməsi, beynəlxalq dəhlizlər üzrə nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması, logistika siyasətlərinin formalaşdırılması və yerinə yetirilməsi məsələləri barədə danışıblar. Yekun sessiyada konfransın nəticələrinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfransa müxtəlif ölkələrdən 150-yə yaxın elmi məqalə təqdim olunub. Hazırda məqalələrin İqtisadiyyat İnstitutu tərəfindən ekspert qiymətləndirməsi həyata keçirilir və seçilən məqalələrin toplu halında nəşr olunması nəzərdə tutulur.

Tədbirdə 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edib. Konfrans 16 noyabrda Zəngilan şəhərində işə başlayıb, vacib əhəmiyyətli mövzularda müxtəlif ölkələrdən səlahiyyətli nümayəndələrin, bir sıra beynəlxalq təşkilatlar, təsisatlar və universitetlərdən olan yüksək səviyyəli ekspertlərin iştirakı ilə keçirilən müzakirələrlə yadda qalıb. Eyni zamanda tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin iclası baş tutub.

Konfransın xüsusilə ilk gününün işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin mahiyyəti beynəlxalq ictimaiyyətin, xüsusilə də nəqliyyat-logistika üzrə fəaliyyət göstərən təşkilatların, institutların, tədqiqat və beyin mərkəzlərinin diqqətinin həmin regionlara cəlb edilməsi olub. Əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə tərəfdaşları məlumatlandırmaq, həmin bölgələrin beynəlxalq nəqliyyat dəhlizləri boyunca yükdaşımalarda potensial rolu və tranzit imkanlarını ön plana çıxarmaqdır.