“Fayton” barədə şikayətlər təsdiqini tapdı - Fotolar

“Fayton” barədə şikayətlər təsdiqini tapdı
Oxunma sayı: 6415

“Fayton” restoranı ilə bağlı şikayətlər öz təsdiqini tapıb.

"Qafqazinfo"da restoranla bağlı yayımlanan şikayətdən sonra AQTA məsələ ilə bağlı araşdırmalara başlayıb. 

Sözügedən müraciətin araşdırılmasından sonra AQTA Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında keçirilən yoxlamanın nəticəsini açıqlayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub.

Eyni zamanda, çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.

Xatırladaq ki, restoranın yaxınlığında fəaliyyət göstərən gözəllik salonunun əməkdaşı saytımıza müraciət edərək, “Fayton” restoranının mətbəxindəki üfunət iyindən, oradakı natəmizlikdən şikayətçi olmuş, mətbəxdə siçovulların öldürülüb pəncərədən atıldığını bildirmişdi.