Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyyə olunub.
Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-cü ildə 960 nəfərlik yeni məktəb binası tikilib.
***
FHN məktəbdəki yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.
***
Bakıda baş verən yanğın söndürülüb.
FHN-dən bildirilib ki, paytaxtın Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.





Son xəbərlər
Son Xəbərlər