Kənd Təsərrüfatı Nazirliyində “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda regional iqlim seminarı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə 20-yə yaxın ölkənin müvafiq dövlət qurumlarından nümayəndələr, eləcə də beynəlxalq təşkilatların əməkdaşları iştirak edir.
Seminar Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Avropa və Mərkəzi Asiyada kənd təsərrüfatında iqlim fəaliyyətini gücləndirmək məqsədilə təşkil olunub. Seminar bu ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Avropa və Mərkəzi Asiya regionu dövlətlərinə dəstək göstərməyi hədəfləyir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, seminar iqlim dəyişikliyi və kənd təsərrüfatı sahəsində qlobal müstəvidə mübarizəni gücləndirmək məqsədini daşıyır və dayanıqlı strategiyalar hazırlamaq üçün unikal platforma təqdim edir. Qlobal iqtisadiyyatda aqrar sahənin inkişafına təsir edən başlıca amillərdən biri də məhz iqlim dəyişikliyidir. Torpaq və su resurslarının məhdud olduğu ölkəmiz də iqlim dəyişikliklərinin mənfi təsirinə ən çox məruz qalan ölkələrdəndir.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafa dair baxış və strategiya müəyyən edilərkən “yaşıl artım” milli prioritetlərdən biri kimi qəbul edilib. Bu baxımdan 2024-cü il ölkə başçısının müvafiq Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncama əsasən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən edilib. Nazir Məcnun Məmmədov əlavə edib ki, bu prioritetə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, torpaq və su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində davamlı işlər aparılır. Nazir vurğulayıb ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP-29-un ölkəmizdə aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir və mövcud tələbatı çətinliklə ödəyir. Onun sözlərinə görə, dünya əhalisinin ərzağa olan tələbatının sürətlə artması ilə yanaşı, iqlim dəyişmələri də öz növbəsində torpaq və su resurslarına təzyiqi artırır. Xüsusilə də son illərdə ekstremal hava hadisələrinin sayının və baş vermə tezliyinin artması aqrar sahəyə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Nazir müavini Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya Xidməti"nin İdarə Heyətinin sədri Zakir Quliyev bildirib ki, indiki şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun, torpağın və atmosfer havasının çirklənmədən mühafizə olunması ümumbəşəri problemə çevrilib. Agentlik rəsmisi son dövrlərdə qlobal iqlim dəyişilmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadənin mühüm olduğunu diqqətə çatdırıb və bu istiqamətdə görülmüş işlərə toxunub.
FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat öz növbəsində Azərbaycan hökumətinin davamlı aqro-ərzaq sistemlərinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizəyə mühüm önəm verdiyini vurğulayıb. FAO rəsmisi deyib ki, Paris Sazişinin qlobal temperatur artımının 2°C-dən xeyli aşağı saxlanılması ilə bağlı hədəflərinə nail olmaq üçün dayanıqlı aqro-ərzaq sistemlərinə keçid vacibdir. O, müasir çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qlobal əməkdaşlığın mühüm olduğunu və təmsil etdiyi təşkilatın bu istiqamətdə üzv ölkələrə dəstəyini davam etdirəcəyini qeyd edib.
Çıxışlardan sonra regional iqlim seminarı panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlimə uyğun dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması məsələləri müzakirə edilib. Tədbirdə təkmilləşdirilmiş şəffaflıq çərçivəsi, iqlim maliyyəsi, Uyğunlaşma üzrə Qlobal Məqsəd Çərçivəsi, Təsirlərin Azaldılması üzrə Fəaliyyət Proqramı və Paris Sazişinin 6-cı Maddəsi, Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı sektorlarının və qida sistemlərinin Milli Müəyyən edilmiş Töhfələrə (MMT) inteqrasiyası, COP29-un gündəliyindəki aktual mövzularla bağlı təqdimatlar keçirilib.
Seminar 3 gün davam edəcək.