Bakıda “SAP Discovery Day Baku” tədbiri keçirilib - Fotolar

bakida-sap-discovery-day-baku-tedbiri-kecirilib
Oxunma sayı: 1755

Oktyabrın 25-də Bakıda "SAP Discovery Day Baku" tədbiri keçirilib.

"Qafqazinfo xəbər verir ki, tədbir, dünyada innovasiyalı İT-həllərin qabaqcıl tədarükçüsü - SAP şirkəti tərəfindən keçirilib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin sahiblərinə və rəhbərlərinə, müxtəlif biznes-prosesləri optimallaşdırması və bütövlükdə biznesin inkişafı üçün yeni texnologiyalarla tanışlığa imkan yaradılıb. 

Mərasimdə ən son tendensiyalar, biznes proseslərin transformasiyasına yanaşmalar və müxtəlif layihələrin həyata keçirilməsi təcrübəsi müzakirə olunub.

Tədbirdə Azərbaycanın və digər ölkələrin aparıcı şirkətlərindən 300-dən çox menecer və mütəxəssis iştirak edib. İştirakçılar biznesinizi daha da effektiv etmək üçün dəyişən bazarda ən yaxşı strategiya və təcrübələri öyrənmək fürsətini əldə ediblər. 

Forumda çoxölkəli klasterin idarəedici direktoru, SAP Alexander Meteçko salamlama nitqi ilə çıxış edərək SAP Discovery Day Baku forumunda biznes proseslərinin transformasiyasına dair ən son tendensiyalar, yanaşmalar və müxtəlif layihələrin həyata keçirilməsi təcrübəsinin müzakirə olunacağını qeyd edib. O, çıxışı zamanı “Dəyişən bazar şəraitində biznesinizi daha da effektli etməkdən ötrü ən yaxşı strategiyalarla və təcrübələrlə tanış olmaq fürsətini əldən buraxmayın”, - deyib. 

Təqdimatlardan sonra forum “SAP S/4 HANA rəqəmsal platformasından istifadənin üstünlükləri və xüsusiyyətləri” mövzusunda plenar müzakirə ilə davam edib. Sessiyanın moderatoru SAP xidmətlərinin satış rəhbəri Yevgeni Kuprin, məruzəçilər isə Azerfloat QSC-nin icraçı direktoru Emil Həsənov, Veysəloğlu Rəqəmsal Transformasiya Departamentinin direktoru Özgür Kakmacı, Azersun Holdinqin Mərkəzi Asiya üzrə direktoru Hakan Figenli və TerraLink-in Azərbaycan klasteri Eldar Bilalov olub.

“Azerfloat” şirkətinin icraçı direktoru Emil Həsənov bildirib ki, bu şirkət Azərbaycanda termoformasiya üsulu ilə vərəqə şüşə istehsal edən ilk zavoddur. Şirkət rəhbəri əsas məqsədlərinin Azərbaycanda qeyri-neft sənayesinin inkişafına xidməti innovasiyalar və ən yeni rəqəmsal həllərlə göstərməyin olduğunu qeyd edib. 

Şirkətin Azərbaycandakı direktoru Anar Əliyev saytımıza açıqlamasında  bildirib ki, bu ölkəmizdə keçirilən artıq ikinci tədbirdir: "Bu tədbir əslində SAP-ın hər il keçirdiyi bir tədbirdir. Əsas məqsəd burada bizim qabaqcıl texnologiyalarımızı göstərmək, bizim indiki proyektlərimiz və gələcək proyektlərimiz haqqında danışmaq, müştəri və tərəfdaşlarımıza yeni bir məlumat vermək, çünki İT sahəsində yarım ildən bir yeni bir texnologiya çıxır. Texnologiyalar çox tez və sürətli şəkildə inkişaf edir. Buna görə bizim də əsas məqsədimiz hər il Azərbaycanda belə bir tədbirlər keçirmək və daha geniş informasiya verməkdir. Hansı yeni məhsullarımız çıxıb, hansı yeni proyektləri təşkil etmişik və s."

A.Əliyevin sözlərinə görə, ötən illə bu ilki tədbir arasında əsas fərq odur ki, SAP-a maraq xeyli artıb: "Keçən il 300 nəfər iştirakçı var idi. Lakin bu il bu rəqəm 410 nəfər olub. Əsas məqsədimiz Azərbaycanda SAP- tanıtmaqdır. Bu yolla iqtisadiyyatımıza da böyük töhvə vermiş olarıq". 

Həm tədbir vaxtı, həm də tədbirdən sonra, SAP şirkətinin və SAP şirkətinin müştərinin mütəxəsissləri ilə məhsuldar ünsiyyətə imkan yaradılıb. Bundan başqa, iştirakçılar SAP şirkətinin müştərilərinin təcrübələri haqqında məlumatları əldə etmək imkan qazanıblar.

Lamiyə Məmmədova