Bakıya qar niyə yağmır?

bakiya-qar-niye-yagmir
Oxunma sayı: 10485

“Hamı gözləyir ki, Bakıya qar yağacaq. Ancaq bildirək ki, yağıntı yalnız axşam saatlarında sulu qarla müşahidə olunacaq. Yağan qarın sulu və qısa müddətli  olacağını nəzərə alsaq, paytaxt ərazisində qar örtüyünün əmələ gəlmə ehtimalı çox azdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu gecə Bakı şəhərinin bəzi ərazilərində, eləcə də, yarımadada hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun 0, -1 dərəcə düşəcəyi gözlənilir:

“Ötən ilə nisbətən bu il qış fəsli mülayim keçir. Ancaq yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib,  Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə(Ordubad), Qrızda 1 mm qar yağıb. Nabran, Şabranda 2,  Bakıda və Abşeron yarımadasında: Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb.

Qərb küləyi Bakıda və Abşeron yarımadasında 21- 28 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub”.

U. Tağıyevanın sözlərinə görə, son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur:

“Təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir.

Bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyü 4.7-9,4 sm (2019-cu ildə 6,5-23,3 sm) təşkil edib. Yağan qar örtüyünün hündürlüyü  2019-cu ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan MR-nin dağlıq ərazilərində az  olub. 

2020-ci ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən  yağıntının miqdarı çoxillik normanın 9-58 faizini  təşkil edib (2019-cu ildə 1-36 faiz)”.

Günel Hacı

Pərvin Zeynal