“Bakutel 2019” sərgisində rekord izləyici

bakutel-2019-sergisinde-rekord-izleyici
Oxunma sayı: 1198

“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi uğurla başa çatıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, bu il 4 gün ərzində  xüsusi maraqla qarşılanan sərgiyə qatılan  25 minə yaxın ziyarətçinin 6 min nəfəri uşaqlar olub. Bir sıra orta məktəblərin şagirdlərinin, uşaq evlərindən olan, autizmli, görmə və eşitmə məhdudiyyətli uşaqların sərgiyə ekskursiyası, eyni zamanda onların iştirakı ilə tədbirlər təşkil edilib. Yubiley sərginin digərlərindən əsas fərqi builki sərgiyə qatılan izləyicilərin, xüsusilə gənc sahibkarlar, tələbələr və uşaqların çox olmasıdır.

“Bakutel 2019” 25-ci Yubiley Sərgisində 23 ölkədən 240-a yaxın şirkət iştirak edib. ABŞ, Fransa, İtaliya, BƏƏ, İran, İsrail, Türkiyə,  Rusiya, Belarus, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgiyə qatılıb. Ümumilikdə sərgidə 11 xarici milli pavilyon təmsil edilib.

Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar  Nazirliyi “Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində 10 qurumu ilə iştirak edib. İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom), “Bakı Taksi Xidməti” MMC, “Azərpoçt” MMC, “Azərmarka” MMC, Dövlət Radiotezliklər İdarəsi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzi əsas yeniliklərini nümayiş etdirib. Qeyd edək ki, “Caspian Event Organisers” şirkəti tərəfindən Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar  Nazirliyi  “Bakutel 2019” 25-ci Yubiley Sərgisində  “Ən çox ziyarət olunan stend”  sertifikatına layiq görülüb.

Sərgi iştirakçılarının böyük maraq göstərdiyi pavilyonlardan biri  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyaların nümayiş olunduğu “Robopark” zonası olub. 20-dən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə ediblər. STEM üzrə kurslar İnnovasiyalar Agentliyi, eləcə də tərəfdaşları olan  “AREA”, “Mars Academy”, “Engineering for kids”, “B & B Dynamics”, Hədəf  Məktəbi, SUMAKS,  İKT LAB, “3D  Production Group”, “Wriendly”, “AzDimension”  şirkətləri tərəfindən reallaşdırılıb.

“Robopark” zonasında Fransadan gətirilən, dünyanın ən təhsilli, əyləncəli və akademik robotu “Pepper humanoid”, robot balıqlar, “Robot arm Kuka” əsasında hazırlanmış, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur robot rəssam, taktiki hərbi kəşfiyyat robotu Spider, müxtəlif Sumo, Güləş və Dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronavt, İtaliyadan gətirilən pianoçu robot TEOTRONİCO  nümayiş etdirilib.

Qeyd edək ki,  bu il ziyarətçilərin dəqiq sayı  məhz “Robopark” zonasında quraşdırılmış “SDK Fight Corp.USA” əsasında eksperimental “Madmedia” texnologiyası vasitəsilə müəyyən olunub. Bu texnologiya  hər bir iştirakçını cinsinə, yaşına, əhval-ruhiyyəsinə və sifətinə görə identifikasiya edərək onları məlumat bazasına yerləşdirməyə imkan verir.