“Amaci”siylə fəxr edən Space

amacisiyle-fexr-eden-space
Oxunma sayı: 1371

Ən əvvəl kanal serial azarına bir az da dəstək verdi, efiri dolduran xarici serialların sayını artırdı. Və seriallar arasında özünün “şedevr” elan etdiyi “Bu zalım dünyada doğulma”, fanatlarının “Amaci” adlandırdığı serial xüsusi yer tutur. Serialdır da, çəkilib indi də tələbat var, baxanı tapılıb. Amma bu hind serialı gün ərzində kanalda “möhtəşəm”, “dünyaşöhrətli” sözləri ilə o qədər anons edilir ki, adam deyir görəsən, bu “qan edən” ekran “əsəri”ində söhbət nədən gedir. Düzü, metroda hətta 3 yaşında uşaq “Anaci”, “Anaci” deyə qışqıranda , əvvəl anasını istədiyini fikirləşmişdim. Sonra yanındakı anası qürurla yaxınına “məni istəmir e, “Amaci”ni istəyir” deyəndə, məsələ aydın oldu. Uşaq neyləsin, səhər-axşam bir neçə dəfə “Amaci”sözün eşitdi bəsidir də. Diş kabinetində iş saatını vaxtından tez yekunlaşdıran stomatoloqun bu tələsik qərarının səbəbinin də “Amaci” olduğunu öyrəndim. Bax onda bu serial aşiqlərinin sonsuz bağlılığının təkcə kütlə arasında mövcud olmağını yəqin etdim.

Serial fanatlarının dilindən bu film haqqında az-çox nəsə öyrənə bilmişəm. Hindistanın Virpur adlı vilayətdə nə Janna Dark, nə də amazonkalara aidiyyatı olmayan bir qadın var. Yəni, bu qadın fiziki gücə sahib olmasa da, ətrafının dəstəyi ilə bütün kəndi idarə edir, hamı onun adını eşidəndə qorxuya düşür. Kimin qızı doğulur, onu öldürür. Bu kənddə qız dünyaya gətirmək qadağandır. Özü də qadın cinsindən olanın bu ədazılın siyasətindən baş aşmaq olmur. Bu qadınlara və qız uşaqlarına qənim kəsilən Amaci də sən demə, bir vaxt özü də dünyaya qız övladı gətibmiş və ilaxır...

Dərindən fikirləşəndə, bəlkə də millətimizi bu filmdə elə bu məqam özünə çəkir. Axı XXI əsrin Azərbaycanında hələ də, elə ailə, elə kənd var ki, orada qız uşağı doğanı pis aqibət gözləyir, ailə içində gözükölgəli olur, “qəhraman” əri tərəfindən yaxşıca döyülür, ya da ardıcıl dünyaya qız uşağı gətirənin ərinin əlinə yaxşıca fürsət düşür. O, yeni arvad axtarışına çıxır. Hətta elə “kişi” var ki, qadınını ultrasəs müayinəsinə(oradakı həkimin də proqnozu dəqiq olmasa belə) özü aparır, ata olmaq sevincini bastırıb, aparatda oğlan görünməsə, təcili qadınını öz əliylə aborta göndərir. Nə isə, mətləbdən uzaqlaşdım.
Qısası, camaat qalıb həmin bu Amacinin əlində.

Nə bilim, Space rəhbəri kinorejissor olmasaydı, başqa məqamlara da toxunardım. Amma rejissor və ssenari işini Vaqıf müəllim məndən yaxşı bildiyindən, böyüyüm yanında mənə söz demək düşməz. Serialın onun xeyir-duası ilə yayımlanması sözsüzdür. Amma millətin də gözünə bu filmi hər dəqiqə soxmaq da insafdan deyil də. Hətta studiyada maraqlı, qlobal mövzuda danışan müsahibi, serial qəhrəmanına oxşatmaq telekanalın əməkdaşlarının da bu filmi maraqla izləməsindən xəbər verir.

Hələ sizə bir məqamı deyim. İki gün əvvəl guya xəbərlər departamentini səliqə-səhmana salan Space-də bir xəbər izlədim. Təəccüb doğursa da, bu da “Amaci” haqqında idi. Bu artıq ağ oldu, amma kanal bunu da etdi. “Amaci”siylə fəxr edən kanalın əməkdaşı əlinə mikrofon alıb düşüb, bazarın canına. Süjetdə bazarın meyvə, pal-paltar satanların “Amacinin corabı”, “Amacinin alması, bananı”, “Amacinin pasteli” və buna bənzər şit satıcı çağırışları yer alır. Kadrarxası mətndə də jurnalist fəxrlə “bütün bunlar göstərir ki, hamı, evdar qadınlarla yanaşı ticarətçilər də bizə baxır, serialımızı izləyir” deyir. Bu da bizim telejurnalistikanın “qaymağ”ı. Yəni kanal özü-özünü rüsvay edib demək istəyir ki, biz neçə uşaqlı-böyüklü ailələrə “səmərəli” asudə vaxtı təşkil edirik, milləti qəzəb, nifrət, qan, vicdansız kimi hisslərlə bəsləyirik, missiyamızı da layiqincə yerinə yetiririk. Nəticədə sus qalıb, bu kanalın bir xəbərinə baxırdım, heç bundan sonra gərək onu da etməmək qərarına gəldim. Bəlkə də bu serial barədə sujeti qabartmaq Nuşirəvan müəllimi yumşaltmaq məqsədiylə çəkilmişdi. Axı Teleradio Şurasının rəhbəri mayın 1-də telekanallarda xarici serialların yayımının dayandırılmasına qərar verib. Və rəhbərimiz bu dəfə bəyan edir ki, qərara tabe olmayanlar qəti və sərt addımlarla qarşılaşacaq.
Hər halda “Amaci”siylə fəxr edən kanal reklam qanunundan tutmuş bütün insanların zövqünü pozmaqla yanaşı, camaatın ziyalı qarışıq qızıl vaxtını oğurlayır. Məncə bu qızıl zaman oğurluğu ləl-cəvahirat oğurlayanlardan min qat təhlükəli işdir. Hələ bu işi də tərifləmək, gün ərzində bu tərifə qiymətli efir vaxtında yer ayırmaqsa, bir başqa qəbahətdir.

Space kanalı! Zəhmət çəkib jurnalistinizi bazara bazar-xəbər hazırlamaq üçün göndərməyin. Səhv etmirəmsə, sizin artıq “Bazar” verilişiniz var. İmkanınız varsa, ən azı uşaqların həyatı ilə maraqlanın. Adınıza layiq (Space-kainat demək idi deyəsən) dünya uşaqları ilə bizim uşaqların başını, beynini, mədəsini, yaşayışını, tərbiyəsini müqayisə edin. Hindistanın tərbiyəsini təbliğ etməkdənsə, insaniyyət tərbiyəsinə keçin.

P.S. Yazdım, ürəyimi boşaltdım amma qorxuram, amaciçilərin daş-qalağına tuş gələm. Space öyünür ki, respublikanın yarıdan çoxu onların bu serialına vurulub.