“Bank of Baku”nun audit olunmuş hesabatı açıqlandı - 33 milyon manat xalis mənfəət

bank-of-bakunun-audit-olunmus-hesabati-aciqlandi
Oxunma sayı: 977

“Bank of Baku” ASC 2021-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarını dərc edib.

Mənfəəti kəskin artıb

“Qafqazinfo”nun məlumatına görə, Banker.az “Baker Tilly Azerbaijan” audit şirkətinin rəy verdiyi hesabatlara istinadən xəbər verir ki, “Bank of Baku” 2021-ci ili 33 milyon 284 min manat xalis mənfəət ilə başa vurub. Bank of Baku” 2020-ci ili 15 milyon 158 min manat xalis mənfəət ilə başa vurmuşdur ki, bu illik müqayisədə ötən il Bankın xalis mənfəətinin 2.2 dəfə artması deməkdir.

Gəlirləri artıb

Ötən il “Bank of Baku”nun faiz gəlirləri 18% artaraq 62 milyon 898 min manat, haqq və komissiya gəliri 46.3% artaraq 8 milyon 694 min manat təşkil edib. Bankın faiz xərcləri isə 19 milyon 157 min manat, haqq və komissiya xərci 7 milyon 60 min manat olub. Bank ötən il 9 milyon 291 min manat mənfəət vergisi ödəyib. (2020-ci ildə 5 milyon 372 min manat idi)

Müştərilərə verilmiş kreditlər artıb, bank böyüyüb

2021-ci ildə “Bank of Baku”nun cəmi aktivləri 519 milyon 455 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 24% artımdır. Bunun 369 milyon 185 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 49% böyüyüb.

Bankda müştərilən vəsaitləri artıb

2021-ci ildə “Bank of Baku”nun depozit portfeli (müştərilərin vəsaitləri) 25.3% artaraq 246 milyon 506 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 402 milyon 185 min manat təşkil edib.

Kapitalı artıb

Bankın ötən il cəmi kapitalı 30.3% artaraq 117 milyon 270 min manat olub. 2020-ci ildə bu göstərici 89 milyon 986 min manat təşkil edib.

Xatırladaq ki, “Bank of Baku” 18 fevral, 2005-ci il tarixində Azarbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 247 saylı bank lisenziyası əsasında fəaliyyət göstərir. və 31 dekabr 2021-ci il tarixinə Bakıda və Azərbaycan Respublikasının digər şəhərlərində 18 filialı (2020-ci il: 17) və 3 xidmət məntəqəsi (2020-ci il: 3 xidmət məntəqəsi) mövcud olub.

31 dekabr 2021-ci il tarixində “Bank of Baku” ASC-nin səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) olub.