Nikola Sarkozi şərti azadlığa buraxıldı

nikola-sarkozi-serti-azadliga-buraxildi
Oxunma sayı: 344

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasında yol verdiyi maliyyə pozuntularına görə çəkdiyi cəzadan sonra şərti azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Paris Apelyasiya Məhkəməsinə istinadən “RTL” radiostansiyası yayıb.

Məhkəmənin qərarı ilə eks-prezidentin cəzasının yüngülləşdirilməsi tələbi təmin edilib. Bununla da, altı aylıq cəza müddətində Sarkozinin üzərində daşıdığı elektron qolbaq çıxarılıb.

Qeyd edək ki, mətbuatda “Bygmalion işi” kimi tanınan qalmaqal Sarkozinin 2012-ci il seçki kampaniyasını idarə edən piar agentliyinin adı ilə bağlıdır. İstintaq materiallarına görə, siyasətçi kampaniya üçün qanuni limitdən iki dəfə çox – 42,8 milyon avro vəsait xərcləyib. O, 2016-cı ildən etibarən seçki büdcəsini qəsdən aşmaqda ittiham olunurdu.

Xatırladaq ki, 2024-cü ilin fevralında Paris Apelyasiya Məhkəməsi Nikola Sarkozini seçkilərin qanunsuz maliyyələşdirilməsində təqsirli bilərək, bir il müddətinə azadlıqdan məhrum etmişdi. Cəzanın 6 ayı şərti, digər 6 ayı isə elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılmaqla qüvvəyə minmişdi.

Məlumat üçün bildirək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti vəzifəsində çalışıb.