“Bədənim bir qadından qalmış xatirədi ancaq” - Təbriz zindanından

bedenim-bir-qadindan-qalmis-xatiredi-ancaq-tebriz-zindanindan-
Oxunma sayı: 806






Zindan ağrıları

1

Nəsimi qanı sevgin, Zahid barmağı ürəyim var.
Sevgi bəzən namərd edir adamı.
Tale heç də həmişə bacı dilində “can qardaş” olmur.
Mariya düz demişdi “əvvəldən-axıra it quyruğuna düyünlənib ömür...”
Toyuma gecikmişəm, bütün ömrüm boyu gözükölgəliyəm yarımdan
Telefonda ağlaya-ağlaya “ağlama” deyirdi mənə
Ölsəm də çıxmaz yadımdan

2

Anamın bayram səsi nə vaxdır?
Təqvimə salın anamın səsin,
Gilas nübar elədim bu gün
Vətənimdən şişə-şişə,
ən qatı göz yaşları durulub gözlərimdə,
Dərdimin gözəlliyi körpələrin xəbərsiz olmasıdı məndən.
Hamı halıma yanarkən,
gülümsəyir qardaşımın oğlu, şükür.

3

Atam bütün ömrü boyu bir qəbir boyda yer elədi özünə
Sonra bir səhər getdi və heç vaxt gəlmədi,
Atamın getdiyi yollarda ümidsizliyə çevrildi ayaq izləri


4

Həyat bax beləcə divara dirəyir adamı,
Qaça bilmədiyin yerə “alın yazısı” deyirsən,
Mən göz yaşlarımla ağrılarımı zəncirləyirəm,
Sənsə baxıb ağlama deyirsən


Zindan gecələri

Gecələr bütün ağrılar yerbəyer olur bədənimdə
Gedə bilməməyim ayaqlarıma çökür.
Sevdiyim ürəyimə,
göz yaşlarıma çökür anam.
Yumruğuma bükülüb ovcuma sığıram.
Qollarımda gücsüzlüyüm ağrınır,
Tənhalıq höcətləşir canımla,
Dil tapmıram, çənə-boğaz oluram ayrılıqla.
Bütün canımı gəzmişəm,
Bədənimdə bircə unutmağa yer yoxdu.
Bədənim bir qadından qalmış xatirədi ancaq.
Ürəyim döyünümür, ürəyim deyinir sizsiz.
Dəyqədə altmış dəfə narazıdı həyatdan.