“Beerlin Pub”da müştərini döyərək öldürən idmançı tutuldu

beerlin-pubda-musterini-doyerek-olduren-idmanci-tutuldu
Oxunma sayı: 10326

Prokurorluq Bakıda “Beerlin Pub”da məşhur idmançının müştərini döyərək öldürməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Xətai Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - Foto

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub. 

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.