Əfv Komissiyasının üzvləri açıqlama verdilər

efv-komissiyasinin-uzvleri-aciqlama-verdiler
Oxunma sayı: 1770

O bildirib ki, komissiya adi iş qaydasında daxil olan ərizələrə baxır: “Əfv komissiyası adi iş qaydasında işləyir”.

28 May Respublika Günü münasibətilə əfv sərəncamının verilib-verilməyəcəyi haqda nəsə söyləməyə çətinlik çəkdiyini deyən Bəxtiyar Əliyev əlavə edib ki, belə qərarlar heç də həmişə əlamətdar günlərə təsadüf etmir: “Bu məsələ dövlət başçısının səlahiyyətindədir. Sadəcə, komissiya daxil olan əfv müraciətlərinə baxır və dövlət baçşçısına təqdim edir. Bundan sonra dövlət başçısı kimləri əfv edəcəyini müəyyənləşdirərək qərar qəbul edir”.

Adları mediada, eləcə də insan hüquqları ilə bağlı müxtəlif hesabatlarda hallandırılan, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyasi məhbus saydığı dustaqlardan jurnalist Eynulla Fətullayev, “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və digərləri ilə bağlı məsələnin əfv komissiyasında müzakirə edilib-edilmədiyinə gəlincə, Bəxtiyar Əliyev bildirib ki, komissiya yalnız daxil olan müraciətlərə baxır: “Əgər həmin şəxslər müraciət ediblərsə, yəqin ki, onların məsələsinə baxılacaq”.

Bəxtiyar Əliyev konkret kiminsə adını qeyd etməyib: “Konkret bir söz demək üçün komissiya konkret nəticəyə gəlməlidir. İşlərə, ərizələrə baxılır. Hər bir vətəndaşın əsasnaməyə və müvafiq qanunvericiliyə uyğun olaraq komissiyaya müraciət etmək hüququ var. Bu da o zaman meydana gəlir ki, verilmiş cəzanın yarı müddəti keçmiş olsun”.

Prezident yanında Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı “Media forum”a deyib ki, sonuncu əfv sərəncamından sonra məhbuslardan və onların yaxınlarından 40-a yaxın müraciət alıb: “Müraciətlərin hamısı araşdırılır, cavab verilir”.

Məlahət İbrahimqızı kimlərinsə məşhur məhbus adlandırılması ilə razılaşmır: “Niyə hərbi hissədə hansısa xırda məsələyə, komandirlə anlaşılmazlığa görə günahsız yerə mühakimə olunan 19-20 yaşlı gənc, yaxud ehtiyatsızlıqdan yol qəzası törədən, hətta həmin qəzada valideynləri həlak olan və cəza alan gənc məşhur məhkum olmasın? Amma cəmiyyətdə məşhur məhbuslar kimi təqdim olunan şəxslərin nə özləri, nə də yaxınları mənə müraciət edib. Müraciət etsəydilər, onu komissiyanın iclasında müzakirəyə çıxarardıq. Çünki əfv komissiyası kollegial qurumdur, heç kimin müraciəti kənara qoyulmur, istənilən vətəndaşın müraciətinə baxılır”.

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyasi məhbus saydığı və azadlığa buraxılmasını tələb etdiyi şəxslərin sayı 19 nəfərdir. Siyahıda iki ömürlük məhbusun adı yer alır: Xüsusi Təyinatlı Polis Dəstəsinin komandirlərindən olmuş Dəyanət Kərimov və iş adamı Şəmsi Səmədzadə.

Siyasi məhbus sayılan şəxslərin 5-i “Əli İnsanov işi”nə görə məhkum olunub: Fəxrəddin Abbasov, Pərviz Kazımov, Akif Məhərrəmov, Anar Namazov, Eldar Rzayev.

AXCP üzvü Tapdıq Namazov, sabiq XTPD-çilər Şəmsi Abdullayev, Nizami Şahmuradov, keçmiş polis zabiti Müşfiq Mədətov, “Əli Ansuxski işi”nə görə cəza çəkən Mahir Əhmədov, İranla əlaqəyə görə tutulmuş Telman İsmayilov və XTPD işinə görə həbs olunmuş Mehman Məmmədov da siyasi məhbus sayılır.