Dizlərimi yerə qoyub, nəm torpaqdan boylanan bənövşənin ətrini çiyərlərimə çəkmək keçdi ürəyimdən.
Azərbaycana getmək istəyirəm!
Uçaq Xəzərin üstündə dövrə vuranda, həmişə olduğu kimi, kövrəlmək, doluxsunmaq istəyirəm.
Evimizə gedib, toz basmış otaqlara bir - bir baş çəkib, adətimə rəğmən "salam, ay evimiz!" - demək istəyirəm.
Daha sonra dəmiryolu vağzalından gözü sürməli qızdan Bakı- Ağstafa qatarına bilet alıb, kəndə yollanam.
Qatar Qovlar stansiyasında səhər erkəndən dayana, məni qarşılamağa gələn qadaşımın uca boyunu qarşılayan adamların arasında dərhal görəm və əl edib gülümsünəm.
Sonra kəndə yol...
Kəndə yaxınlaşanda, uzaqdan ata evimizin ağ damını görəm və yenə kövrələrm.
Kövrəldiyimi gizlətmək üçün üzümü pəncərəyə tərəf çevirəm.
Evimizin qarşısına çatanda, bizi gətirən maşın siqnal verə və anam əli ürəyinin üstündə darvazaya yaxınlaşa...
Davamını yazmıram... kövrəldiyimi gizlətmək istəyirəm.
Azərbaycana getmək istəyirəm! Novruz bayramı yaxınlaşdıqca, çərşənbələr bir -birinin ardınca sıralandıqca, bu istək bütün varlığımı ələ alır - Azərbaycana getmək! Həyətdə böyük bir tonqal çatmışıq. Üst- başımızdan gələn his iyi evdən həyətə yayılan əriştəli aşın iyinə qarışıb. Fikrim aş qazanının yanında qalsa da - ən sevdiyim yeməkdir - tonqal başını da buraxmaq olmaz. Maraqlı söhbətlər gedir: - Keçən il son çərşənbədə səhər o başdan bulaq başına getmişdim. Getdim ki, niyyətimi suya söyləyim, çin çıxsın. Gedəndə gördüm, o yaşı otuzu haqlamış filankəs də bulağın başındadır. Yavaşca ona yaxınlaşanda eşitdim ki, suya pıçıldayır : - Ay axır-uxur çərşənbə, məni gələn çərşənbəyə qoyma. Gördünmü, bu çərşənbəyə qədər ərə getdi. Uğundum. - Bəlkə, çərşənbə elə biləydi ki, o qız ölmək istəyir? Onda necə? - Boş-boş danışma. Qonşu uşağı qaçıb yanımıza gəlir. - Qızlar Nailəgilə yığışıb fala baxırlar. Sizi də çağırdılar. Əlacsız evə doğru boylanıram - anam dünyasında fala baxmağa getməyimə icazə verməz. Ahha: - Gedim nənəmin çərşənbəsini təbrik edim, tez gələcəm. -Al, bu aşı da apar.
"İstədiyim yar idi, yetirdi pərvərdigar". Anam mənim "tez"imin 2 saat çəkəcəyinə əmindir. Aş dolu qabı nənəmin əlinə verir, qırışmış üzündən öpüb, bayramını təbrik edib Nailəgilə qaçıram. Kəndimizin 16 yaşından yuxarı bütün qızları oradadır. Çərşənbə falına baxdırırlar. Bunun üçün ertədən lal su da gətizdiriblər. Su ona görə laldır ki, onu çaydan evə gətirənəcən, gərək su gətirən adam dinməsin. Həmin günü kəndin cavanları su gətirən qızın səbr kasasını atmacalarla daşırsa da, o canını dişinə tutur. Su lal olmasa, fal düz çıxmaz. Gələn ilə qədər gözləyəsi deyilik ha. Lal su gəlib, kasadadır. Nailə nişan üzüyünü çıxardır, qızlardan birinin saçına sürtür, sonra saçından bir tel ayırıb üzüyü telə keçirdir. Telin hər iki ucundan tutub, kasanın üstündə tutur. Üzük kasanın kənarlarına dəydikcə sayır, üzük neçə dəfə dəysə, qız o yaşda ərə gedəcək : -1,2,3,...23. Hələ 4 il dədənin çörəyinə şəriksən. İndi kimin falına baxım? Bir küncdə başqa kasada su üzündə bir ucuna pambıq keçirilmiş iki iynə üzür. Biri qızıdır, biri oğlan. Hamıya da iynələrin kim olması məlumdur. İynələrin hərəkətini müşahidə etdikcə yerdən atmacalar eşidilir: - Qız naz edir. - Haqq oldu, bax indi də oğlan geri durdu. - Boyyy, az, bə deyirdin o məndən küssə mən dünənnən küsərəm. Bə bu nədir, düşübsən dalınca? - Budu ha, oğlan da üzübəri üzür. - Birləşdilər. Allah xoşbəxt eləsin! Nailə başqa fala başlayır. - Kimdə düymədən, sancaqdan nə varsa versin, indi başqa cür falınıza baxacam. Kimi paltarının düyməsini qopardır, kimi saç sancağını verir, kimi üzüyünü Nailənin əlindəki torbaya atır. Karvan gəlir enişdən, Sinəbəndi gümüşdən, Mənə də bir pay düşsün, Sizə gələn yemişdən. Əlini salıb torbadan bir düymə çıxardır: - Kimindir? Qızlardan biri guya utanırmış kimi, asta səslə deyir: - Mənimdir. - Bu il ərə gedəcəksən. Bax, mənim şirniliyimi verməyi unutma haa. - Yaxşı. Dam üstədir damımız, Qoşadır eyvanımız, Sən ordan çıx, mən burdan, Çatlasın duşmanımız. - Bu üzük kimindir? - Mənim.
- Bəs deyirdin qonşu məni sevsə də, mən onu sevəmmərəm? Adamın yalanı belə açılar. Çərşənbə falları davam edir.Anam yadıma düşür, mən evə getməliyəm. Doqqaza çatanda haradansa başıma bir vedrə su tökülür və çəpər dibindən qəhqəhə səsi eşidirəm. Suyum süzülə-süzülə evə yaxınlaşanda, növbəti "təhlükə" ilə üzləşirəm - bir qab aş suyu ! Anam görkəmimə baxıb heç nə demir, bayramdır.
Bu çərşənbə günündə aynadan Peterburqun işıqlı küçəsinə boylanır, orada qalanmış böyük bir tonqal , ətrafında isə mənim uşaqlığımı və gəncliyimi görürəm! Çərşənbəniz mübarək! Bayramınız mübarək!