Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı... - Video

bir-gunde-ermeniler-elinden-5-aile-uzvunu-aldi
Oxunma sayı: 16696

Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur.

“Qafqazinfo”nun məlumatına görə, həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının qızı - bu gün 15 yaşı tamam olacaq Nigar Əsgərova həlak olub.

Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlib.

Əməkdaşlarımızla həmsöhbət olan 41 yaşlı R.Əsgərov bildirib ki, hazırda yaralı olan anası və oğlunun 5 ailə üzvlərinin həlak olmasından xəbəri yoxdur.

Ailəsi məhv olan müsahibimiz onu da bildirib ki, Narinin atası hərbçi imiş: “Hələ də özünə gəlməyib, bütün günü Narinlə yoldaşının adını çəkir”. 

Onu da qeyd edək ki, ötən gün Narinin dəfni zamanı ürəkləri dağlayan, kəfənə bükülən cəsədi ilə fotosu olan şəxs Rövşənin qardaşı Teymur Əsgərovdur...

Emin Səfərov

Foto-Video: Pərvin Zeynal