“Kolqotkası da sonuncu idi” – Şeirlər

kolqotkasi-da-sonuncu-idi-seirler
Oxunma sayı: 853






Gecə yarı...
Şəhərin yuxulu gözləri süzülür
şərab kimi
səhərə sarı...
Bir azdan
gecə öz libasını soyunacaq,
adamlar gecəni çılpaq görmək üçün
yuxudan oyanacaq...

***

Bu yol gedər-gələr yoldur,
Bu yollardan gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə gəldiyi tək...

Gülbuta

Bu da sonuncu gün...
Xəyali təqvimində
sonuncu günün üstündən
iki xətt çəkir,
divar kağızlarının
solğun naxışlarını,
balışının altındakı pulları
son dəfə sayır Gülbuta,
az qalıb arzularına çata...

Uzanıb “çörək ağacı”nın üstündə-
bu qəbirəoxşar çarpayıda da
son gecə uyuyacaq.
Gələndə 20 dənə kapron kolqotka
almışdı.
Heç yana çıxmadığı üçün
burdan ala bilməyəcəkdi.
Kolqotkası da sonuncu idi,
süzülsə, neyləyəcəkdi?
Uzanıb Gülbuta
xəyala gedib,
xəyalən gedib
doğma, indisə ona yad kəndinə.
Gələndə qaynaq etdirdiyi
qara, uzun saçları
dağılıb üzünə,
donub romantika
onun buz baxışlarında...
Leonardo do Vinçinin
barmaqları quruyar
indi burda olsa...

Kəndə çatan kimi
əvvəlcə ərzaq dükanına olan
borclarını ödəyəcək,
sonra
təzə paltarlar alacaq,
evini yüngülvari təmir etdirəcək-
qızı ad gününə
sinif yoldaşlarını çağıra biləcək daha.
Daha əri də
nisyə siqaret almaq üçün
onu Məhərrəmin dükanına
göndərməyəcək.
Pulu çatsa
5-6 damazlıq qoyun da alacaq hələ.

Gələndə özü kimi adı da dəyişmişdi...
O, bir kənd gözəli idi-
başı yaylıqlı,
uzun yubkalı,
üzündə abır-həya...
Sonuncu dəfə döyüldü qapı:
“Gülya!”
Sonuncu dəfə bu səsdən ürəyi əsdi,
vücudu titrədi,
az qaldı kəsilə nəfəsi...
“Mərhaba, hanım əfəndi!”-
Sonuncu dəfə eşitdi bu səsi...
Sonuncu səhnəni oynadı
Gülya obrazında.
Pərdələr endi
mental dəyərlərimizin
üstünə...