Ləyaqət düsturu - hekayə

leyaqet-dusturu-hekaye-
Oxunma sayı: 1444

İdarədə hamı Cəsarəti qıvraq, dolanışığın yolunu bilən, müdirin sevimlisi, bir sözlə üç-beş sanballı kişidən biri kimi tanıyırdı. Elə bu sanbalına görə də hamı müdir kimi ona da «müəllim» deyirdi. O, gözdən-könüldən uzaq olsa da, çox lazımlı, vacib idarələrin birinin məsul şəxsidi. Hamının işi bu idarədən keçsə də, onun adını heç düz-əməlli bilən yoxdu. Hələ də fasadında sovetin oraq-çəkicli simvolunun ilişib qaldığı bu nimdaş binaya hamı köhnə vaxtlardakı kimi «oraq-çəkic» idarəsi deyir.

…Elə qəzəblənmişdi ki, həmin anda onun qəzəbini fiziki enerjiyə çevirmək mümkün olsaydı, Allah bilir nələr etmək olardı.

- Bəlkə zəng eləyib hədə-qorxu gələk…

- Özümə nə gəlib, bu saat gedib yekə tikəsinin qulağı boyda eliyərəm. Mənə sataşanı bilirsən də…

- Nə xəbərdi? Qardaşım, niyə təntiyirsən? – Qeyrət gözlərini onun pörtmüş sifətinə bərəldərək soruşdu. Qeyrətə müəllim deməsələr də, o da bu idarənin hörmətli şəxslərindən sayılırdı. Hələ bu vaxtacan kiminsə ona işi düşməmişdi, sadəcə bilirdilər ki, Qeyrət hüquqşünasdı, bəlkə nə vaxtsa kara gələr.

- Çəkil qabağımdan gedirəm dağıtmağa.

- Əşi ucundan-qulağından məni qandır, gedim bir-ikisini də mən çəkim. Elə getməyəni də…

Qeyrətin ötkəmliyi Cəsarətə o qədər xoş gəldi ki, bayaqdan bəri başından çıxan tüstü bekaraca öləziyən kimi oldu.

- Bax gör nə yazıblar, qurumsaqlar! Deyirlər bu idarədə heç kim yerində deyil. Guya mən də bürokratam. Gör nə savadsız jurnalistdi, cəmi iyirmicə il eyni vəzifədə işləyən adama bürokrat deyərlər? Bu da xalqa xidmətin axırı. Hələ yazır ki, onun nə vaxt cəsarəti çatıb suallarımıza cavab verəcək. İndi gedib göstərərəm ona cəsarətimi!

- Bir ayaq saxla. Hərbə-zorba nəyə lazım? Ona cəsarət lazımdır biz də göstərərik. Elə bir dərs verərik ki, yüz dəfə başınıza dönər, qadanızı alar. Hər şeyin öz yolu, yolağası var.

- Yox onun dərsini özüm verməsəm ürəyim soyumaz.

- Bir məsləhətə qulaq as. Qəzeti də, yazanı da ver məhkəməyə. Qanun-qaydayla cəzalandır, hələ filan qədər də düş qabağa.

Hirsi-hikkəsi bütün bədənini qovurub-yandırsa da, Qeyrətin «düş qabağa» sözü ürəyinin çox həssas yerinə toxundu. Cəsarət qabağa düşməyin ekvivalenti kimi həmişə pulu görmüşdü. Pula sevgi bütün kin-küdurətdən, cilova gəlməz qəzəbdən də güclü çıxdı. Bayaqdan yumruqlarına zorla tab gətirən masanın arxasına keçib əyləşdi. Başının ağrısını ovundurmaqdan ötrü sağ əliylə gicgahlarının ovuşdurmağa başladı. Qeyrət sözlərinin birbaşa hədəfə dəydiyindən məmnun halda qələbəsinə bu dəfə qəti şəkildə əmin olmaq üçün yenə də əvvəlki ötkəm səsiylə – «hə, necə məsləhətdi» – dedi.

- Yaxşı, bunu necə edək?

- Hüquqşünas qardaşın ölməyib ki… Məhkəməyə yazaq ki, filan qəzet filan məqaləsində ləyaqətimə toxunduğuna görə məndən üzr istəməlidir. Hələ üstəlik filan qədər də cərimə ödəməlidir.

- Cərimə ödəməlidi? Hə də… Bayaqdan gözünüzün qabağında mənəviyyatım ağzıma gəlib. Sizə asan gəlməsin… Nə qədər cərimə ödəyəcəklər?

- Qiyməti özün deməlisən?

- Nə deyim vallah… Elə gözlənilməz oldu ki… bilmirəm neçə desəm yaxşı olar?

Yumruğunda bərk-bərk düyünlənmiş barmaqları ehmalca masanın künc-bucağını tumarlamağa başladı. Bayaqdan qığılcım saçan gözləri indi çarpazlanmış qaşlarının altından heç bir məna ifadə eləmədən lal-dinməz otağın tavanında, döşəməsində, divarlarında səyriyirdi. Ürəyində baş qaldıran asıb-kəsmək, qəflətən yerə yıxıb baltalamaq coşqusuna beynində cücərməkdə olan yavaş-yavaş hiylə gəlmək, badalaq vurub ustufca çökdürmək və beləliklə də qabağa düşmək həvəsi üstün gəlirdi. Siçovulu asanlıqla tutsa da axırına çıxmamışdan əvvəl sadəcə məzələnmək üçün sərbəst buraxıb yenidən yaxalayan, yeməkdən daha çox məharətlə ifa etdiyi ölüm rəqsinə aludə olan harın pişiklər kimi bir xeyli özündən razı halda susdu. Onsuzda ov əlinin içindəydi, hara tullansa da, nə illah eləsə də xeyri olmayacaqdı, başının üstünü kəsdirəcək ürəyi istəyən anda həzm rabiədən keçirəcəkdi. Əsas məsələ yemək yox, onun ərəfəsidi. Əsas məsələ iştahanın daha da artması, vəhşi ehtirasın ağılı başdan çıxaracaq həddə qədər qızışmasıdır. Cəsarətin ürəyini parçalayan hikkəsinin yerini soyuqqanlı düşüncələr tutduqca bir sualı çox çək-çevir eləməyə bilməzdi. Görəsən onun ləyaqəti neçəyə olar? Ağlı kəsən, gözünə görünən hər şeyin qiymətini bilirdi. Nəyi neçəyə almaq, nəyi neçəyə satmaq, gözü düşən şeylərin qiymətini necə öldürmək.

- Qeyrət, səncə mənim ləyaqətim neçəyə olar?

- Ürəyin nə qədər istəsə. Mən ərizəni yazıb, necə lazımdı əsaslandıraram. Qiymətini isə sən de.

- Özün deyə bilmirsən?

- Cəsarət müəllim, qorxuram mən dediyim az çıxa, özünüz bilən məsləhətdi.

- Deyirsən yəni ürəyimdən nə keçsə deyə bilirəm?

- Əlbəttə, ləyaqət sənindi neçəyə istəsən sata bilərsən, eh … üzr istəyirəm, qiymət qoya bilərsən. Ərizəni yazmaqdı, məhkəmədə əsib-coşmaqdı hamısını da nisyə edərəm, ləyaqətinin pulunu alanda hörmətini edərsən də, qardaş deyilik bəs.

- Yaxşı, bir az götür-qoy eləyim, sabaha bir söz deyərəm.

- Amma çox çək-çevir eləməyin, Cəsarət müəllim, belə fürsət bir də çətin ələ düşə.

Ləyaqətinə qiymət qoymaq məqamı yetişmişdi. Tək qalmaq, sakit guşəyə çəkilib hər şeyi dərindən götür-qoy eləmək istəyirdi. Cilov gəmirən əsəbindən dırnaq ucu boyda əsər-əlamət qalmamışdı, əvəzindəysə çiyninə belini ikiqat bükəcək yük qoyulmuşdu. «Əşi bu Qeyrət hardan çıxdı belə, gedib bir sillə yapışdırardım qulağının dibindən ürəyim soyuyardı, yoxsa indi gəl ləyaqətinə qiymət tap» – Cəsarət beynin yağır edən fikirlərlə vurnuxurdu, bir yandan da gicgahlarındakı küt ağrılar lap dilxorçuluq yaratmışdı. İpucu tapmaqdan ötrü ləyaqətini heç olması gözlə görünən nəyəsə oxşatmağa çalışırdı. Əvvəlcə gözünün qabağına elə bu yaxınlarda aldığı qəttəzə maşını gəldi. Onun sükanı arxasına birinci dəfə özü keçmişdi, onu heç vaxt svetoforların qırmızı işığında ləngitməmişdi, onun harasısa azacıq sürtülsəydi, ya də nəsə xırdaca bir cızıq olsaydı dünyanı dağıdardı, günaşırı yudurdub-təmizlətdiyi, bədnəzərlərin gözünü qaytarmaq üçün salonundan bir topa üzərlik asdığı maşanı ona hər şeydən əziziydi. Az qalmışdı ki, ləyaqətinə elə maşını aldığı qiyməti qoysun. Nədənsə bu fikrin üstündən birdəfəlik xətt çəkdi. Yadına düşdü ki, maşın onun üçün nə qədər əziz olsa da, axı ona başqa adamlar da minir! Arvad-uşaq, dost-tanış, qonum-qonşu… «Yox belə olmaz, bir şeyə ki hamı minir, mənim ləyaqətim onun dəyəriylə ölçülə bilməz. Tüpürüm o ləyaqətə ki, onu hamı minir!» – telefonun səsi fikirlərini yarımçıq kəsdi. Müdir yanına çağırırdı.

- Ay səni Cəsarət müəllim, təbriklər, təbriklər…

- Nəyə görə Ədalət müəllim?

- Yaxşı görək, əlində-ovcunda qalsın, şadlıqlara xərcləyəsən. Tay sifətini niyə turşutmusan?

- Doğrusu…

- Lap yaxşı eləyirsən, hər əlinə qələm alandan mirzə olmaz ki! Eşitdim hələ qiymətini dəqiqləşdirməmisən, hə?

- Sözün açığı istədim gədəni tutub salım ayağımın altına, qələmini də sındırıb dürtüm gözünə. Allahına şükür eləsin ki, araya Qeyrət girdi.

- Sən də ürəyindən keçəni nalla belinə. Qoy görsünlər ki, camaatın ləyaqətinə toxunmaq nə deməkdi. Hə, ləyaqət demişkən neçəyə çıxır?

- Nə?

- Ləyaqətini deyirəm də. Neçəyədi?

- Vallah, elə bayaqdan biz də onu dartışırıq, heç bilmirəm neçə qiymət qoyum?

- Sən nə qədər istəsən, hələ üstəlik ƏDV-də daxil, ha, ha, ha… İncimə e, zarafat eləyirəm.

- Dünyagörmüş adamsınız, sizcə, mənim ləyaqətim neçəyə olar?

- Baxır də, manatla deyirsən, ya dollarla?

- Yəni bunun fərqi olar?

- Məncə, dollarla ucuz düşər, adam kursunu tuta bilmir e, gah qalxır, gah düşür. Yevro da yaza bilərsən, rubl da. Əşi başını niyə ağrıdırsan, elə yaxşısı manatdı. Ləyaqəti manat qədər qiymətləndirən valyuta tapılmaz. Bilirsən də Cəsarət müəllim, mən də ki sənə həmişə yaxşı olmuşam, işə götürmüşəm, çörək kəsmişik. Düzdü ha, kişi verdiyini deməz, amma elə-belə də yaddaşlıq eləyirəm.

- Bu nə sözdü, Ədalət müəllim. Heç sizin yaxşılıqlarınızı unutmaq olar. Siz mənə böyük qardaş, lap elə ata olmusunuz.

- Sənin şərəf, ləyaqətin elə özümünkü kimi əzizdi mənə. Bilirəm ki, qiymət qoyanda məni də yaddan çıxarmazsan.

- Əlbəttə, əlbəttə. Siz deməsəniz də gözümün üstə yeriniz var.

- Sağ ol Cəsarət, xətrin əziz olsun. Amma sən mənim canım, özünü çox xırdalama.

Müdirin otağından çıxanda daha da qayğılı olmuşdu. İndən belə qiymətləndirmədə iki amili mütləq nəzərə almağa borcluydu, Qeyrətin şirinliyini, bir də Ədalətin lütfkarlığını. Deməli, elə rəqəm tapmalıydı ki, özü də, ləyaqətinə müştəri çıxanlar da razı qalsınlar. Daha işdə qalmağın yeri yox idi. O biri dost-tanışlar da xəbər tutsa, hərəsi bir tərəfdən üz vuracaqdı. Birbaşa evinə yollandı. Yolda ağlına gəldi ki, elə bütün ömrü boyu evi üçün çalışıb, əlləşib-vuruşub, zülmə, sitəmə qatlaşıb təki axşamlar şəhərin bərq vuran işıqları arasında onun da işığı gəlsin, onun da isti məkanı, doğmalarını, əzizlərini başına yığacaq rahat guşəsi olsun. Bir şeyin yolunda bu qədər zülmə baş əyirsən, dəridən-qabıqdan çıxırsan, deməli elə o, sənin ləyaqətin qədər əziz olmalıdır.

Üzü dənizə açılan geniş eyvanlı mənzili şəhərin düz mərkəzindəydi, buralarda adətən ruslar, yəhudilər yaşayırdılar. Onlar zamanın dəyişməsindən hamıdan qabaq duyuq düşərdilər. Balaca korluq çəkən kimi olan-olmazlarını satıb daha kamfotrlu ölkələrə köçüb getdilər. Bax, onda Cəsarət qabağa düşüb dünyanın ən rahat mənzilini münasib, daha doğrusu tələsik qiymətə ala bildi. Sonradan onlar dönmək istədilər, lakin gec idi, şəhər başqalaşmış, evlər yadlaşmışdı. Onlara qəribsəmək, Cəsarətə isə rahatlıq qaldı.

Nəhayət, qapqaqara fikir vurnuxmalarından sonra məhkəmədən elə evinin dəyərində pul tələb edəcəyini yəqinləşdirdi. Lap az qalmışdı qəti qərarını versin, birdən yadına düşdü ki, ev öz adına deyil. «Bəs məhkəmə soruşsa öz adına olmayan şeylə necə ləyaqətini qiymətləndirirsən, nə cavab verərəm. Buna da bir quş…»

Arvadı həmişəki kimi onu nəsə candərdi təbəssümə oxşayan ədayla qarşılamadı, əksinə gözləri işıq saçırdı, toya gedirmiş kimi ən bahalı paltarını geyinmişdi, mətbəxdən onun xoşladığı sevimli yeməyin qoxusu evi başına götürmüşdü. Anladı ki, arvadının hər şeydən xəbəri var.

- Sən hardan bildin?

- Ay kişi, o qədər sevinirəm, söz tapa bilirəm. Sən Allah bax özünü ucuz tutma ha. Sonra pıçhapıç salmasınlar ki, Cəsarətin ləyaqəti nə ucuz imiş.

- Kimə nə mənim ləyaqətimdən?

- Nə danışırsan, indi bütün qohum-əqrəbə rəqəm gözləyir.

- Nə rəqəm? Təhqir olunan mənəm, onlara ki, söz deyən olmayıb. Pul da özümə çatacaq.

- Bıy, biz sənin ləyaqətinə daxil deyilik? Yəni deyirsən bizi heç hesaba almayacaqsan? Hələ bilirsən oğlun necə sevnicəyə düşüb, mənə də o, xəbər elədi. Dostları hardansa məqaləni oxuyublar, sonra da oğlunun boynuna qoyublar ki, bunu yumaq lazımdı.

- Atasını söyürlər oğlu sevinir. Hələ mənim ləyaqətimə şərik də çıxmaq istəyir. Nankorluğa bax!

- Sən mənim canım uşağı sındırma. Maşını da vurub, qanı lap qaradı.

- Yenə?

- Neyləsin uşaq, gözünün yaşını tökür ki, «mama, vallah əlim 07-yə yatmır, hirsimdən bərk sürürəm. Yalandan adımı «avtoş» qoyublar».

- Əli «07»-yə yatmır, bəlkə mənimkinə gözü düşüb.

- Niyə elə fikirləşirsən, nə çoxdu «inomarka», yüngülvarı birini al. Həm rahat sürə bilsin, həm də tay-tuşundan geri qalmasın. Bilirsən nə qədər xiffət çəkir?

- Deyəsən axı sənə bir dəfə demişəm mənim pulkəsən maşınım yoxdu.

- Pulkəsən maşın nəyə lazım, qadın alım, ləyaqətinə elə qiymət qoy ki, hamımız xoşbəxt olaq də.

Hələ çözə bilmədiyi qatmaqarışıq fikirlərin ağırlığı beyni kimi ruhuna da hopmuşdu, doğma evində də yaxasından yapışıb onu rahat buraxmırdı. Ayaqlarının güclə sürüyərək otağa keçdi. Gün boyu əvvəlcə onu zəhər tuluğuna, sonraysa fikir çəlləyinə döndərən məqaləyə bir də baxdı. Eləcə qeyri-ixtiyari qəzeti vərəqləyirdi, sonuncu səhifənin yuxarısında Cenifer Lopesin cazibədar şəklinə xeyli tamaşa elədi. Dünya ulduzunun bədəninin ayrı-ayrı nahiyələrini sığorta elətdirməsindən yazmışdılar. «Möhtəşəm arxasıyla şöhrət qazanan Cenifer Lopez onu 27 milyon dollara sığortaladıb». Gözləri dörd oldu, 27 milyona bax e. Bayaqdan bəri heç olmasa təskinlik üçün yuvarlaq da olsa, bir rəqəm axtaran Cəsarət ləyaqətini ağlı kəsən, gözünə görünən hər şeylə müqayisə eləmişdi. Elə 27 milyon da pis qiymət deyildi, onu da yuvarlaqlaşdırıb ləyaqətə bərabər də tutmaq olardı. Bəs birdən soruşsalar bu, hardan ağlına gəlib? Onun arxası mənim ləyaqətim… Tfu sənə dünya…

Fikrin ağırlığından heyi kəsilmiş beyni özündən asılı olmayaraq ala-qaranlıq döngələrdə səndələməyə, qeyri-müəyyənlik burulğanında əlləşə-əlləşə mürgüləməyə başladı. Yatmaq ağır fikirlərdən yaxa qurtarmaq üçün heç də yaxşı çarə deyil. Bəzən elə olur ki, ayıq vaxtı ağlına gəlməyən elə dərin yuxuda gəlib səni tapır. Yuxuda yenə qatmaqarışıq rənglər arasında bir xeyli çabaladı, bu vaxta kimi əhəmiyyət vermədiyi hər şey başqa bir rəngə bürünüb gözünün qabağından sürətlə ötüb keçirdi. Hətta adam yerinə qoymadığı adamlar da qəribə rəqs edirmiş kimi tullanıb-düşürdülər. Hər kəs ona yaxınlaşmaq, ləyaqətindən bir qismət pay ummaq üçün dəridən-qəbıqdan çıxırdı. Amma hər şey kənarda baş verirdi, kiminsə qabağa düşüb ona toxunmağa cürəti çatmırdı. Əcaib rənglərin və adamların arasından nə vaxtsa dönə-dönə hiss elədiyi doğma bir hənirti də sezilirdi, qulağının dibindən axıb bütün əzalarını isladan ilıqlıq uşaq vaxtını yadına salırdı. Elə bil yenə pis bir iş görüb, yenə atası qulağının dibindən yaxşı bir sillə tutuzdurub. Geri qanrıldı…

- Gözün aydın ay oğul, başına dönüm sənin.

- Dədə sənsən?! Sən hardan bildin, ay kişi. Sən ki ölmüsən.

- Ay bala, ölü olanda nə olar? Bizim sizin dünyayla öz kontaktımız var. Məleykələr xəbər gətirdilər ki, əlinə pul gələcək yerimdə uzana bilmədim.

- Niyə ay dədə? Sənə də pul lazımdı?

- Eh… Mənim bircəcik balam, öləndə görərsən ki, pul deyilən şey elə bu dünyada lazımdı. Burda bir mələk var, o nağıllardakı ağ köynəkli, qartal qanadlı mələk deyil e, mərdimazarın biridi. Sizin dünyadan gələn bütün rəhmətləri, alqışları ancaq onun poçtundan ala bilərik. O da ki sizin dilnən desəm od qiymətinə, rəhmətin birinə elə qiymət qoyub ki, hələ bu vaxta kimi bir boynu kəfənli onun dadına baxa bilməyib. Bura yalnız işıqlı dünyadan gələn qarğışlar pulsuz buraxılır, o da ki, sağ olsun, arvadın gündə on kərəm göndərir.

- Bəs mənim qara bayramlarda oxutduğum dualar sənə çatmır?

- Bilirsən a bala, sənin qara bayramda göndərdiklərin sayılmır. Sən onu şəhərdəki mollalara oxutdurursan, kənddə gəlib çata kimi yolda başqa ölülər yaxşı yerlərini oğurlayırlar. Bizə elə-belə qırıq-quruq səs-küyü çatır. Hələ heç demirəm ki, başdaşım da çat verib. Can balam, ləyaqətinə qiymət qoyanda atanı unutma. Mənim də adımı yaz siyahının qulağına, yoxsa gorbagor olub gedirəm…

Sarsaq yuxudan ayılmağına şükür elədi. İstədi elə bu dəqiqə arvadını çağırıb dişinin dibindən çıxanı desin. Neyləyib atam sənə, niyə kişini hər gün yağlayırsan? Özünü zorla saxladı, getdikcə dəliyə çevrilməkdəydi. Beyni qıc olmuşdu, artıq ləyaqətindən imtina eləməyə də hazır idi, təki yaxasını rahat buraxsınlar. Cəsarət ömrü boyu pulla aldığı şeyləri yenə bir-bir gözünün qabağına gətirib çək-çevir eləyir, münasib seçim üçün zülm çəkirdi. Beynin dəlib keçən, ürəyini dürtmələyən, ruhunu bizləyən düşüncələrin ardında komaya düşmüş yarımcan ölülərin uzun tunelin sonunda gördüyü işığa bənzər nəsə gözə dəyməyə başlamışdı. Vücuduna bir az da güc verəndən sonra Arximedsayaq «evrika» qışqırmaq istədi. Bu vaxta kimi aldığı-verdiyi şeyləri yaşına vurub ləyaqətinin dəyərini müəyyənləşdirəcəkdi. Məsələn, işə düzələndə elədiyin hörmət, vuraq 48 yaş bərabərdi ləyaqət… Arvadına xüsusi sifarişlə xaricdən gətirdiyin xəz paltolar üstəgəl taxtabaş oğluna alacağın «inomarka», vuraq 48 yaş bərabərdi ləyaqət… Uzaq dağ rayonunda xudmani fermer təsərrüfatı yaratmaq üçün aldığın 150 baş qoyun, üstəgəl 20 baş keçi, üstəgəl 5 dənə də çoban iti vuraq 48 bərabərdi ləyaqət… Cəsarətin ömründən alış-verişlə bağlı o qədər məqamlar gəlib keçmişdi ki, hələlik yadına düşənlər bunlar idi. İti ağlının icad elədiyi düsturdan xoşhal oldu. Artıq buna heç kim ilişə bilməzdi. Canını sıxan fikrin boğanağından qurtulduğu üçün qeyri-ixtiyari pişik kimi miyoldadı.

Gecə yarısına çatırdı. Əvvəlcə burulğandan çıxdığını zənn eləmişdi. Qeybdən qulağının zorla sezdiyi səs yenidən hər şeyin altını üstünə çevirdi – «bəlkə mənim yerli-dibli ləyaqətim yoxdu, ona görə ona qiymət tapa bilmirəm». Bu nə axmaq sözdü hamının varıdı mənim yox. Bəs onda Qeyrətin də yoxdu? Bəs onda Ədalətin də yoxdu? Heç atam da bir söz demədi. Bəs kimin var? Səhərdən Cəsarətin gicgahını yağır edən küt ağrılar əməlli-başlı zoqqultuya çevrilmişdi, yumruq boyda ürəyi elə guppuldayırdı ki, bu dəqiqə sinəsini yarıb yerə düşəcəkdi. Gözlərinə çökən qara pərdə hər tərəfi zülmətə qərq eləməkdəydi. Sarsılmış bədəndə özünə yer tapa bilməyən ağlı artıq oranı tərk eləmişdi. Ağrıdan qovurulan bədənin toxtatmaq üçün qırıq-quruq səslər çıxarırdı, hamısı da pişik miyoltusuna bənzəyirdi.

Arvadı qaranəfəs özünü içəri saldı.

- Tapdınmı, başına dönüm?

Balasını itirmiş yelbeyin pişik kimi ət ürpədən bir civiltiylə «arvad, bayaqdan mən nə axtarırdım» – dedi.

- Buy, başıma xeyir, ay kişi niyə miyoldayırsan?

- Qeyrətə zəng elə, soruş gör mən nə axtarırdım?

- Qurban olum sənə, niyə miyoldayırsan?

- Qiymətini tapmışam, 150 baş qoyun, üstəgəl 20 baş keçi, üstəgəl 5 dənə də çoban iti vuraq 48 bərabərdi zibilin adı yadımdan çıxdı…

- Ə, qadan alım, qorxuzma məni, niyə miyoldayırsan?

- Qeyrətə zəng elə gör zibilin adı nəydi?

- Ay camaat, kişi dəli olub. Sən Allah miyoldama?..

Natiq Məmmədli.