Millət vəkili porno saytlardan danışdı

millet-vekili-porno-saytlardan-danisdi
Oxunma sayı: 1162

“Azərbaycanda pornoqrafik, zorakılıq təbliğ edən, terrora çağırış məzmunlu saytlara giriş məhdudlaşdırıla bilər. Bu saytlarda tanışlıq çatları və forumları var. Bu baxımdan Azərbaycanda bu məsələnin gündəmə gətirilməsi zəruridir”. Bunu Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova deyib. G. Əhmədova bildirib ki, belə saytlardan daha çox yeniyetmələr istifadə etdiyindən bu məsələyə ciddi yanaşılmalıdır. Qeyd olunan saytlara girişə qadağa qoyulmasına tərəfdar olan millət vəkilinin sözlərinə görə, Rusiya təcrübəsi uşaqlara qarşı zorakılıq faktlarının baş verə biləcəyi potensial yerlərdən birinin belə saytlar olduğunu təsdiq edib.

Millət vəkili Azərbaycanın Kibercinayətkarlıqla bağlı və Uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı konvensiyalara qoşulmaq ərəfəsində olduğunu deyib və bildirib ki, artıq bununla bağlı protokollar təsdiqlənib. O, bu konvensiyalara tərəfdar olan bir dövlət kimi Azərbaycanda qeyd olunan saytlara girişin bağlanmasını zəruri sayır.

Xatırladaq ki, Türkiyə hökuməti mayın 31-də pornoqrafik, zorakılıq təbliğ edən, terrora çağırış məzmunlu saytlara girişin məhdudlaşdırılması ilə bağlı qərar verib. Türkiyənin internet-provayderlərinə 1 avqust 2011-ci ildən etibarən pornoqrafik, zorakılıq təbliğ edən, terrora çağırış məzmunlu saytlara girişi bağlamaq göstərişi verilib.

Trend