“Necə rahat ola bilərsən ki?”

nece-rahat-ola-bilersen-ki-
Oxunma sayı: 714

Mən Bülbüləyə çatanda artıq onu İsmayıllıya yola salmışdılar. Kirayə yaşadığı evdən.
Bir neçə gün qabaq danışmışdıq. “Ay etibarsız” - dedi. Kirayə qaldıqları evi dəyişmişdilər. İndiki bir qədər böyük və həyət-bacası olan evdi. “Uşaqları da götür gəl” - demişdi. Uşaqlarım ona “Əjdər əmi” deyirdi. Müxtəlif yerlərdə çəkdiyi xeyli şəkilləri var. Təbii ki, qeyri-adi, Əjdər baxışının məhsulu olan şəkillər... Vaxt eləyib gedə bilmədik...

Doğulduğu Qoydan kəndinəsə ilk dəfəydi gedirdik. Yolsuz, cəmi 14 evdən ibarət kəndə çətinliklə gedib çıxa bildik. Girdiman çayında suyun səviyyəsi qalxmışdı. Kəndə gedən yol çayın içindən keçir. Məcbur olub maşını elə çayda qoyub qalan yolu yük maşınıyla getdik. Şahvələd, Emin, İdrak, Əbülfət və mən...

Əjdər həm də memar idi. Rəssamlığına da söz ola bilməzdi. Bütün bunlarısa o, fotoda birləşdirirdi. Onun fotolarının sevilməsinin, bu qədər məşhur olmasının sirri bundaydı. Uzun illər “Azadlıq”da işlədi. Tanındı, tanıtdı. Başqa iki fotoqrafımız olsa da bir çox yaradıcı adamlar müsahibə üçün şəkil çəkməyə Əjdərin gəlməsini sifariş verirdilər. Məqamları ustalıqla tutduğuna görə. “Azadlıq”ın Mədəniyyət şöbəsi sanki onu özəlləşdirmişdi. Bəzən söz-söhbət də olurdu bunun üstündə. Bir müddət son səhifəni onun fotoları bəzəyirdi. Danışan fotoları... Dərvişliyi də vardı. Bir də görürdün günlərlə işə gəlmirdi. Müqəddəs yalanlarla canını qurtarmağa çalışırdı. Hansısa qohum rəhmətə gedib. Hətta lətifə də uydurmuşdu uşaqlardan biri. Növbəti dəfə “yoxa çıxıb” qayıdandan sonra guya redaktor onu çağırır və hansısa qohumunun “rəhmətə getməsi” arqumentinə inanmadığını deyir: “İndiyə qədər dediklərini hesablamışam, artıq sənin salamat qohumun qalmayıb”.

Mitinqlərdən çəkilən şəkillərdə adətən redaktorlar qələbəlik səhnələrini tələb edirdilər. Fotoqraflar bunun üçün xüsusi canfəşanlıq edir, daha hündürə qalxıb izdihamı verməyə can atırdılar. Bunlar Əjdərlik deyildi. O, aşağıda, adamların yanında olardı, gəzərdi, heç kimin görmədiyini, görə bilmədiyini axtarar, fotoaparatının yaddaşına köçürərdi. Evdə - kirayə qaldığı evlərdə saxlayırdı arxivini. Minlərlə fotoplyonka. Bənzərsiz şəkillər... Çoxu heç kağıza da köçməyib. O qədər imkan hardandı. Amma onu da deyim ki, bir çox fotostudiyalarda onun xüsusi hörməti vardı. Sənətə qiymət verən bu adamlar Əjdərin şəkillərini nisyə çıxarardı. “İmkan düşdükcə verərsən” - deyərdilər.

Qoydan kəndi çox qiymətli bir oğlunu itirdi... yox, Azərbaycan itirdi. Dəfn mərasimində ənənəvi olaraq adamlardan Əjdər üçün halallıq istədilər. “Camaat, zəhmətinizi halal edin” dedilər. Kim kimə halallıq verməlidir, biz ona, yoxsa o bizə? Biz onun üçün heç nə edə bilmədik.

Bu qış bir neçə dəfə ciddi zədə almışdı. Kirayə qaldığı evi qızdırmaq üçün odun doğrayanda... Şəhərə gələndə görüşürdük. Ondan səs çıxmayanda zəng vurdum. “Odun qabırğamı zədələyib - dedi. - Gəzə bilmirəm”...

Adamları son mənzilə yola salandan sonra “rahat yat” deyirlər. Mən onu sənə deyə bilməyəcəm. Bu dünyada rahatlığın, rahat evin olmadı. Heç onun üçün çalışmadın da. Həqiqətini (Həqiqət xanım Əjdərin həyat yoldaşıdır - R.H.) kirayədə qoyub getmisən. Səmimi olmaq gərəkdir. Necə rahat ola bilərsən ki?!.

Rövşən Hacıbəyli