Boru vasitəsilə dənizə çirkab axıdanlar kimdir? - Video

boru-vasitesile-denize-cirkab-axidanlar-kimdir
Oxunma sayı: 3230

Sosial şəbəkələrdə Bakının Səbail rayonu ərazisində, Bibiheybət məscidinin yaxınlığında dənizə boru vasitəsilə tullantıların axıdılmasını əks etdirən görüntülər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, görüntüləri çəkən şəxslər həmin tullantıların neft məhsulu olduğunu və SOCAR-a məxsus ərazidən axıdıldığını iddia ediblər: “Suyun rəngi qap-qaradır. Səhər tezdən axşama kimi bu boru vasitəsilə neft dənizə vurulur. İllərdir ki, bu belə davam edir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdardırlar. Artıq bununla bağlı nazirlik yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidədir və araşdırma aparılır.

SOCAR-ın mətbuat xidmətindən isə saytımıza deyilib ki, sözügedən ərazi SOCAR-a aid olsa da, boru şirkətə məxsus deyil.

Araşdırma nəticəsində həmin borunun “Azərsu” ASC-yə məxsus olduğu məlum olub. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, qurumun əməkdaşları ərazidə olub və tullantıların axıdıldığı hissəyə baxış keçiriblər. 

“Həmin boru əvvəllər neft sularının axıdılması üçün istifadə olunub, sonradan “Azərsu” ASC-nin balansına verilib. Gələcəkdə həmin xəttin Bayıl-Bibiheybət-Lökbatan kollektoruna qoşulmasıyla bağlı layihə işlənib hazırlanacaq və problem aradan qaldırılacaq”. 

Gülnar Əliyeva