ABŞ və İsrail İrana yeni zərbələr endirə bilər - KİV

abs-ve-israil-irana-yeni-zerbeler-endire-biler
Oxunma sayı: 263

Qətərin rəhbərlik etdiyi regional vasitəçilər ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra yeni müharibənin başlamasının qarşısını almaq üçün Vaşinqton və Tehran arasında danışıqları bərpa etməyə çalışırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşr yazır ki, Qətər diplomatları İranı vurulmuş nüvə obyektlərinə BMT müfəttişlərinin baxış keçirməsinə icazə verməyə inandırmağa çalışır. Bunun müqabilində isə ABŞ-nin bəzi sanksiyaları yumşaltması təklif olunur:

“Vasitəçilik səylərində Qətərlə yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də iştirak edir. Qətərli diplomat Əli əs-Səvadi bu həftə Tehranda iranlı rəsmilərlə görüşərək razılaşma planını təqdim edib. Müzakirə olunan əsas ideyalardan biri keçən ilin sentyabrında İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında bağlanan, lakin sanksiyalardan sonra dayandırılan “Qahirə razılaşması”na qayıtmaqdır”.

ABŞ Prezidenti Donald Tramp isə “Axios”a açıqlamasında danışıqların vasitəçilər vasitəsilə aparıldığını təsdiqləyib:

“İşi başa çatdırmaq lazımdır – ya razılaşma ilə, ya da başqa yolla. Danışıqların nəticə verib-verməyəcəyi isə tezliklə bəlli olacaq”.

Portalın məlumatına görə, Ağ Ev rəsmiləri bəyan ediblər ki, razılaşma əldə olunmazsa, aralıq seçkilərdən dərhal sonra İsraillə birgə İranın rəhbərliyinə, energetika və nüvə obyektlərinə qarşı birhəftəlik kütləvi zərbələr endirilə bilər. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir artıq CENTCOM komandanı Bred Kuperlə mümkün əməliyyatları əlaqələndirib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçı isə sosial şəbəkə hesabında Silahlı Qüvvələrin hazır olduğunu, lakin Tehranın diplomatiyaya şans verməkdə davam etdiyini bildirib. Müzakirə olunan təkliflərin yekun təsdiqi üçün İranın Ali Lideri Müctəba Xameneinin qərarı gözlənilir.