“Problemin yaratdığı problem” - Hekayə

problemin-yaratdigi-problem-hekaye
Oxunma sayı: 917

Bəri başdan deyim ki, ən yaxın qan qohumlarım da məndən üz döndəriblər. Əslində, bundan ötrü kimisə günahlandırmağa, qınamağa haqqım da yoxdur. Ətrafımda olanlar hamısı haqlıdır, bir məndən savayı… Böyük ümüdlərlə zəhrimarı atacağımı dəfələrlə desəm də, hamını öz yalan dolu yalvarışlarıma inandırsam da, nəhayət bu etibar limiti tükəndi… Hər dəfə mənim ucuz yalanım üzə çıxdı…

1973-cü ildə fəhlə ailəsində dünyaya gəlmişəm. İbtidai məktəbdə dərslərimi yaxşı oxuyurdum. Böyüdükcə isə başa düşürdüm ki, çoxunun ailəsində olan işsizliyin, pulsuzluğun vurduğu zərbələr bizim də evimizə sərt təsirini artırır. Ona görə məktəbdə dərslərə girmir, özümdən böyük uşaqlarla veyillənir, bazarda avaralanmaqla vaxtımı keçirirdim. Hamımız da zənn edirdik ki, bir gün kimsə bizə iş, pul verəcək. Amma hər gün eyni hadisələr təkrarlanır, ailəmizin vəziyyəti pisləşirdi. Dayım maşın ustası olduğu üçün anam ondan mənə iş verməsini xahiş etmişdi. Onsuz da evdəkilər də məktəbə getmədiyimi öyrənmişdilər. 15 yaşımda artıq dayımın yanında əl-ayaq işlərinə mən baxırdım. Hər iki-üç həftədən bir dayım təmir olunan maşını sahibinə təhvil verib, pulu alan kimi mənə də cibxərcliyi verirdi. İlk aylarda dayımın verdiyi pul mənə böyük görünər, özümü yekə kişi kimi apararaq, qazancımı evə verərdim. Deyəcəksiniz ki, bəs sonra? Sonrası isə başqaları kimi; böyüməyə başladım, özümü hamıdan ağıllı saydım, böyüklərin tənbehlərinə qulaq asmağı özümə ar bildim. İstər evdəkilərin, istərsə də dayımın danlaqları məni hövsələdən çıxardı. Guya, əsəblərimi sakitləşdirmək üçün papirosa başladım. Dostlarımla orda-burda gizli-gizli papiros çəkərdik. Çox vaxt da papiros almağa öz pulumuz olmayanda hərə birindən – kimsə böyük qardaşından, kimsə atasından, əmisindən oğurlayıb gətirdiyi papirosları dümləyərdik. Hərəsinin bir dadı, ağırlığı olduğu üçün hamımızı öskürək tutardı. Ən pisi də o idi ki, hamımız öskürə-öskürə gələcəkdə ən varlı adam olacağımızı düşünərdik.

Bir dəfə əvvəllər çox istədiyim, amma mənə etdiyinin ən böyük pislik olduğunu sonradan anladığım bir dostum bizə gəldi. Məni məhəlləmizdəki yığıncaq yerinə çağırıb, “heç bilirsən, məndə nə var?” – deyə soruşdu. Onun həvəsli danışığı mənim də, orda olan digər dostlarımızın da marağını birə-beş artırdı. Cibindən çıxardığı balaca bükməni açıb hamımıza göstərdi. Birlikdə baxdıq… Bir az tünd yaşıl, deyərdim ki, qaraya yaxın bir rəngdə idi. Haqqında eşitsəm də ilk dəfə idi ki, narkotik maddə - marixuanna görürdüm. Dostumuz isə elə hey tərifləyirdi. Ona qulaq asanların hərəsinin evində yüz problem vardı. Evdə qanqaraçılıqdır; işsizlik, pulsuzluq, düz əməlli yaşayımız yox… Bir sözlə hara baxsan, kimi dindirsən problem başından aşırdı. Boynuma alıram ki, birinci dəfə maraq məni boğsa da, çəkməyə çox qorxurdum. Dostum isə canfəşanlıqla dərd-sərdən xilas olacağımızı deyirdi. Düzdür, çəkəcəyim narkotik maddənin özünün dərd-sər gətirdiyini istifadə edəndən çox sonra dərk etdim. Onda isə gec oldu… “Papiros kimidir, nədən qorxursuz?” – deyən dostum, ilk tüstünü özü vurdu. Qorxa-qorxa mən, sonra isə digər dostlarımız növbə ilə papiros kimi çəkdik. Hamımızı boğulacaq dərəcədə güclü öskürək tutdu. Boğazım ağrıdı, bu ağrıdan çox dəhşətli qıcıqlanma idi. Sonra bütün bədənim istiləndi, ciyərlərim göynədi. İki-üç dəqiqə keçəndən sonra özümü idarə etməkdə çətinlik çəkdim. Qorxdum; ətrafda heç nə normal görünmür, qarışıq danışıq səsləri eşidirdim. Kimin nə dediyini aydın eşitmədiyimdən, söhbətin mənalı və ya mənasız olması mənə dolaşıq gəlirdi. Çünki eşitdiyim səslərin içində sözləri ayıra bilmirdim. Yadımda qalanlardan; ətrafda kimsə gülür, bir nəfər qusur, başqa bir dostumuz yerə oturub, dizlərini qucaqlayaraq, ağlayır, mənsə divara söykənib qalmışdım. Aradan iki saatdan çox vaxt keçdi. Özümə gəlməyə başladım. Dostlarım “ilk sınaq”dan pis çıxdığımı düşünməsinlər deyə, canımı dişimə tutub dayanmağa çalışdım. İndi başa düşürəm ki, ilk dəfə zəhrimarın dadına baxdığın an ondan istifadə etmək və ya etməmək kimi bir seçim vacibliyi var. Onun adı iradədir. Amma bircə dəfə istifadə etdinsə, sonradan heç bir iradədən söhbət gedə bilməz. Bu, insanların özlərini aldatmalarıdır. Həyatın nə olduğunu dərk edə bilmədiyim bir çağımda – 16 yaşımda ilk narkotik təcrübəsini keçirdim. Bundan sonra isə bütün ömrüm həmin zəhrimarın əsirliyində keçdi. Nə qazandımsa, hamısını tutub əlimdən aldı…
İşsizliyin at oynatdığı 90-cı illərdə çoxu kimi mən də Rusiyaya getdim. Permdə qafqazlıların bir maşın təmiri sexi vardı. Dayımın yanında azdan-çoxdan nə öyrənmişdimsə, orada dadıma çatdı. İşə başladığım gündən qafqazlılarla normal münasibətimiz yarandı. Bir çeçen hal əhli olub-olmadığımı soruşdu. Gizlətmədim. Güldü. Dedi ki, mən də onun tayıyam. Sonradan öyrəndim ki, sexdə işləyənlərin hamısı mənim tayımdı. Permdə yaxşı pul qazanırdım. Həm ailəmə göndərirdim, həm də öz tələbatımı ödəyirdim. Bilənlər bilir, maşın təmiri bərəkətli işdir. Mən Permə gedəndən evdəkilərin şikayəti kəsilmişdi, özüm də heç kimdən borc almırdım. Amma nə qədər bərəkətli olsa da, qazandığım küləyə sovrulurdu.

Kirayədə bir yerdə yaşadığım çeçen iş yoldaşım bir gün məni öz dağıstanlı dostu ilə tanış etdi. Pis oğlan deyil, deyirdim, məni iynəyə öyrətməyənə qədər. İlk iynə təcrübəmdən danışmaq istəmirəm. Məni bu bəlaya dadandıran dostuma – əslində ən böyük düşmənimə də həmin anları yaşamağı arzulamıram. İynəyə oturandan sonra işlərim düz-əməlli getmədi. Əlimdə olan pulla geriyə – rayona qayıtdım. Evdəkilər və mən ilk dəfə eyni düşündük; evlənmək vaxtıdır. Fikirləşirdim ki, evlənsəm, başım qarışar. Bəlkə uşağım olan kimi bu zir-zibildən əl çəkib düzələrəm. Sözün düzü, toydan sonra bir müddət vəziyyətim yaxşı keçdi. Amma sonradan yuxusuz gecələr, titrəmələr, əsəbi davranışlar çoxalmağa başladı. Toydan altı ay sonra arvadım narkoman olduğumu bildi. Bildiyi gün də atasını çağırıb, onunla evlərinə qayıtdı. Qayıdandan sonra, öz qardaşının da nişanını qaytartdı. Arvadım, – “Qızının narmokanla bir yerdə yaşamağına razı olmayan ata, narkoman oğluna başqasının qızını alıb, niyə bədbəxt edir!” – deməkdə yanılmırdı. Qaynımın anaşaya qurşandığını mən lap əvvəldən bilirdim. Arvadıma bu barədə nəsə deməyim isə gülünc olardı. Çünki qaynım da mənim narkoman olduğumu bilirdi.

Günlər bir-birini əvəz etdikcə, mənim asılılığım daha da gücləndi. Pulum qurtarmışdı. İlk günlərdə saatımı, daha sonra üzüyümü dəyər-dəyməzinə satdım. Onların da pulu qurtardı. Evdəkilərin ciblərinə, çantalarına əl gəzdirməyə başladım. Sonra hamısı başa düşüb, pullarını, qızıllarını məndən gizlətməyə başladılar. Onda mən quduz it kimi hamısına acıqlanıb, pul tələb etməyə başladım. Özüm isə rayondakı maşın təmiri sexində işləsəm də, qazancım bəs etmirdi. Malın qiyməti gücüm çatmayacaq həddə olduğundan təmir etdiyim maşınlardan pula gedən nə isə oğurlayıb satmağa başladım. Bilirəm, bu dediklərimə hirslənəcəksiniz. Amma zəhrimara olan asılılığım məni öz əsiri etmişdi. Asılı olan insanın nizamlı həyatı ola bilməz! Bu qeyri-mümkündür. Malı istədiyin vaxt qəbul etməyəndə, bədənin hər yeri ağrıyır. Ən sevdiyin insanları belə görmək istəmirsən, hamısından zəhlən gedir.
Qısası; yaxşı kimi qəbul etdiyiniz, sevdiyiniz biri varsa da, yoxsa da – asılı olduğunuz narkotikdir! Çəkdiyim ağrıları danışarkən, şişirtdiyimi düşünməyin. Mənim danışdıqlarım yaşadıqlarımın yüzdə biri də deyil. Soruşacaqsınız ki, pislədiyin zəhrimardan yaxanı qurtarmağa çalışmadınmı? Dəfələrlə,.. müalicədən sonra beynim mənə “tap!” əmrini verib. Hamısında da satanların yanına əl quzusu kimi qaçmışam. Sonra yenə, sonra yenə, yenə,.. davam edib. Bu zir-zibildən yaxa qurtarmaq mənimçün ən böyük problemə çevrilib. Problemlərdən yaxa qurtarmaq üçün üz tutduğum zəhrimar həyatımın ən böyük problemidir.

Elxan Xanəlizadə

Bakı, dekabr, 2010