Ramiz Rövşənlə savaş

ramiz-rovsenle-savas
Oxunma sayı: 689

Ramiz müəllimin adını hələ rayonda ikən eşitmişdim və almanaxların birindən onun bir gəraylısını oxumuşdum. Gərək ki, “Analar aldatdı bizi” misrası ilə bitən məşhur gəraylı idi. Ancaq aşıq şeirini yaxşı bilən, bu mühitdə böyüyən bir adam kimi bu “geni azdırılmış” gəraylı mənə şair haqqında ciddi heç nə demirdi. Sonralar Ramiz müəllimin öz dilindən eşidəcəkdim ki, məlum formasına baxmayaraq bu şeirlərə gəraylı demək düzgün deyilmiş. Bunlar sadəcə nəğmələrmiş!

Onu deyim ki, mən “”Göy üzü daş saxlamaz” kitabı axtaran ərəfələrdə Bakıda bir Ramiz Rövşən eyforiyası varıdı. Hamı tərifləyirdi onu: anlayan da, anlamayan da! Ramiz Rövşəni tərifləmək hardasa bir ədəbi kriteriyaya, intellektuallıq göstəricisinə çevrilmişdi. Hamı onun kimi yazmağa çalışır, ən çox da, asandır deyə, nəğmələrini imitasiya edirdilər. Hətta mənim özümün də bir yazar kimi bu dalğaya düşdüyüm dönəmlər olmuşdu. Amma, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bir az ayıq tərpəndim!

Xülasə, tanışım illərlə həsrətini çəkdiyim kitabı gətirib çıxardı. Baxdım: əl boydaca bir kitab! Məncə dünyadakı bütün şairlərin elə bu qədər yaxşı şeiri ola bilər. Ramiz Rövşənin ustalığı orda idi ki, nə lazımdırsa onu çap elətdirmişdi.
Kitabı başdan-ayağa diqqətlə oxudum. Yenə heç nə tuta bilmədim. Yeni intonasiya, yeni obrazlar sistemi, qəribə yanaşmalar, qeyri-ənənəvi qənaətlər içimə sinmədi ki, sinmədi. Qərara gəldim ki, mən Ramiz Rövşəni anlamıram. Bir az zamana ehtiyac var. Kitabı etibarlı bir yerə qoyub işimlə-gücümlə məşğul olmağa başladım.

Bu arada gözəl ədəbiyyat bilicisi, fenomenal söz hissiyyatı olan mərhum Mehdi Bayazidlə tanış oldum. Onun zövqünə inanırdım. Ədəbiyyat barədə bəzi qənaətlərimin formalaşması üçün bu qeyri-adi insana borcluyam. Sevinirəm ki, tale məni onunla vaxtında qarşılaşdırdı. Mehdidən, işimə yarayar deyə, Ramiz Rövşən haqqında da soruşdum. O başını buladı: “Parketin üstündə “Tərəkəmə” oynadır!”
Mehdi Bayazidin sözünü unutmasam da çox ciddiyə almadım. Və yaxşı ki almadım.

“Göy üzü daş saxlamaz” kitabından ayrılalı üç ay olmuşdu, hiss etdim ki, içimdə əcaib qımıltılar var. Əvvəlcə elə bildim, özüm nəsə yazmaq istəyirəm. Ancaq sonra anladım ki, bu qımıltılar mənim deyil, üç ay öncə oxuduğum kitabın yaddaşımın dərinliklərinə nüfuz edən intonasiyasıdı. Və... Və kitabı təzədən oxudum, qarşımda qeyri-adi bir dünya açıldı!
Ramiz Rövşənin ustalığı, Azərbaycan şeirindəki bənzərsiz yeri, geniş mütaliəsi barədə çox yazmaq olar. Amma bir fakta xüsusi diqqət yetirmək lazımdır. Aşırma qafiyə ilə özünü təsdiq edən sovet şeirinin “sənsiz ölürəm” qənaəti günlərin birində “mən sənsiz ölmədim, məni bağışla” etirafını doğurmalı idi. Ramiz Rövşən sovet şeirinin inkarı faktı kimi ortaya çıxdı və bəlli ənənələri darmadağın etdi. İstəsək də, istəməsək də etiraf etməyə məcburuq ki, ədəbiyyatımızda ciddi bir mərhələ formalaşdıran bu böyük istedad sahibi şeirdə Bəxtiyar Vahabzadə, Məmməd Araz hakimiyyətinə son qoymağı bacardı və özündən sonra tamam fərqli üslubda yazan gənc nəslin yetişməsində danılmaz rol oynadı.

Məncə Ramiz Rövşənin uğurlarını şərtləndirən əsas amillərdən biri onun intonasiyanı gözəl bilməsidir. “Şair ədəbiyyata intonasiya gətirir” – gərək ki, bu fikir də ona məxsusdur. Sözdən az-çox başı çıxan adamlar yaxşı bilirlər ki, heca şeirində adi təqt bölgülərinə əməl etməyəndə şeirin intonasiyası axsayır, onun tələffüzündə qırıqlıq əmələ gəlir. Bu da əsərin bədii məziyyətlərinə təsirsiz ötüşmür. Amma elə sənətkarlar var ki, onlar nəinki təqt bölgülərini, hətta hecaları dəyişə bilir, fəqət şeirin intonasiyasi bir zərrə də axsamır. Nədir? İnanmadınız? Örnək verim o zaman:

Ana, məndən keşən bu işıq nəymiş
Ana, mən ki işıqyeyən deyiləm
Görünür bəxtim beləymiş
Bəxtimi söyən deyiləm

Gördüyünüz kimi şair 11 hecadan 8-ə keçərək qeyri-adi tryuk edir və bunu necə bacardığı söz əhlini heyrətdə buraxır. Ramiz Rövşənin heca, sərbəst və əruz şeirləri arasında da bu cür qeyri-adi gedişləri, keçişləri vardır.

Onun bütün şeirləri vahid bir sistem içindədir. Bundan əlavə hər bir şeiri ayrıca bütövdür, başı-ayağı, əvvəli-sonu var. Ancaq bütün bunlar təkcə forma ustalığı kimi nəzərə çarpmır, həm də şeirlərin məzmunu ilə şərtlənir.

Ramiz Rövşənin digər vacib özəlliklərindən biri də inkar etdiyi dəyərlərdən müəyyən izlər daşımasıdır. Onun şeirlərində Füzulidən, Nəsimidən tutmuş aşıq şeirlərinəcən, 20-ci əsrin ən istedadlı şairlərinəcən hamıdan əsintilər tapmaq mümkündür. Amma bu dəyərlər əsasən yeni təqdimatdadır.

Yenə deyirəm, Ramiz Rövşəndən çox yazmaq olar, amma mən şairin 65 yaşının tamam olduğu bu günlərdə təbrik xarakterli yazımı burdaca bitirmək istəyirəm. Bircə onu deyim ki, bizim ədəbiyyatda savaşımız da, barışımız da Ramiz Rövşənlədir. Onunla savaşmaq da, barışmaq da şərəflidir. Zatən gözünü açar-açmaz meydanın ortasında onu görürsən!