Dünəndən başlayaraq Heydər Əliyev 77 ünvanında yerləşən 5 mərtəbəli binanın uçurulmasına başlanılıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən bina Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşir və bir il öncə orada aparılan təmir-bərpa zamanı yüksək səviyyədə təmir edilib. Maraqlıdır ki, Heydər Əliyev Mərkəzi inşa edilərkən həmin ərazidə bir neçə bina sökülüb və əhalisi yüksək kompensasiya məbləğində razı salınıb. Lakin hal-hazırda sökülən bina mərkəzdən təxminən bir neçə yüz metr aralıda və Heydər Əliyev prospektinin kənarında yerləşdiyi üçün təmir edilmişdi. Binanın fasadı aqlay daşlarla örtülmüş, pəncərələr dəyişdirilmiş, eyvanlar bəzəkli dəmirlərlə işlənmiş, binanın özü isə mükəmməl işıqlandırma sistemi ilə əhatə olunmuşdu.
Bir sözlə həmin bina Heydər Əliyev Prospektində yol kənarında göz oxşayan binalardan biri idi. Lakin maraqlıdır ki, həmin binaya bu qədər xərc çəkiləndən sonra indi onu sökməyə başlayıblar. Cəmi bir il əvvəl milyonlar xərclənən bina indi yerlə yeksan edilir. Səbəbi isə bəlli deyil. Yəqin ki, Heydər Əliyev Mərkəzinin ərazisi genişləndirilir, yaxud da mərkəzin təhlükəsizliyi üçün bu addım atılır. Səbəb hər nədirsə buna etiraz etmək niyyətində deyilik.
Lakin bizi ortadakı məntiqsizlik əndişələndirir. Maraqlıdır ki, bu adamlar qos-qoca binanı sökəcəkdilərsə nəyə görə ona milyonlar xərclənirdi? Bir də, bu binanı vaxtında, qonşu binalarla birlikdə sökmək olmazdımı? Bu işə məsul olanlar, layihə rəhbərləri, işi görən hər kimdirsə onlar hansı məntiqlərlə tikinti-inşaat işlərini həyata keçirirlər?
Görünən odur ki, belə hallara Bakıda demək olar ki, bütün tikinti-təmir işləri zamanı rast gəlinir. Bu adamlar adicə bir asfaltı çəkəndən sonra fikirləşirlərsə ki, buradan hansısa su və ya qaz xətti keçməliymiş və dünən çəkdikləri yolu bu gün təzədən qazıb tökürlərsə, o zaman belə inşaatbazlardan nə desən gözləmək olar.
Bu mənzərələrə baxan vətəndaş isə sadəcə bir şeyi düşünə bilər, Azərbaycan özü boyda bir təcrübə meydançasıdır.
Son xəbərlər
Son Xəbərlər