“Bu, bizə sataşmaqdır…” - İlham Əliyev

bu-bize-satasmaqdir
Oxunma sayı: 4115

“Bu il mən Türkiyəyə üç dəfə səfər etmişəm, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Bu gün hörmətli Baş nazir bizim qonağımızdır. Yəni, bu il artıq beş yüksək səviyyəli görüş keçirilmişdir. Bu da özlüyündə bir göstəricidir. Bu, göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir. Mən hesab edirəm ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil”.

Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımla mətbuata birgə bəyanatında deyib. İ. Əliyev bildirb ki, bütün sahələrdə əməkdaşlıq, işbirliyi genişlənir, güclənir.

Qarabağ problemindən danışan prezident xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar problemin həlli ilə bağlı müvafiq qərar və qətnamələr qəbul edib, ancaq məsələ öz həllini tapmır: “O qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxt keçir. Ancaq bu qətnamələr kağız üzərində qalıb. Nəyə görə?! Çünki ikili standartlar var, ayrı-seçkilik göstərilir. Bəzi hallarda Birləşmiş Millətlər Təşkilatının qətnamələri bir gün ərzində icra edilir, amma bizə gəldikdə bu, 20 ildən çoxdur ki, icra edilmir və işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir. Bu, böyük ədalətsizlikdir.

Azərbaycan öz prinsipial mövqeyini gücləndirir, siyasi, iqtisadi, hərbi üstünlük əldə edib və aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistanın hərbi təxribatı cavabsız qalmayıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib. Əks-hücum əməliyyatı nəticəsində 20 kvadratkilometrdən çox ərazi işğalçılardan təmizləndi və bundan bir neçə dəfə böyük ərazi də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Biz əlbəttə, çalışırıq və çalışacağıq ki, bu məsələ sülh, danışıqlar yolu ilə həll edilsin, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlarımızdan erməni silahlı birləşmələrinin çıxarılması deməkdir”.

Azərbaycan öz növbəsində bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyifsilənir və öz sözünü deyir. Misal üçün, dünən Almaniya Parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bu yalan üzərində qurulan təxribatı bir daha pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir və buna təbii ki, biz dözə bilmərik və dözmürük.

Onu da qeyd etməliyəm ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyun ayının 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində hazırlanmış, təhqirlərlə dolu qətnamə qəbul edib. Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və sair. Birincisi, bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir. Bütün azadlıqlar təmin edilir - söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda azad internet mövcuddur və əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: Azad internet olan yerdə söz azadlığı necə boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Kim istəyir, nə vaxt istəyir sərbəst toplaşa bilir. Biz indi görürük ki, bəzi Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir edilir. Yəni, bu, demokratiyadır. Amma Azərbaycanda insanlar rahat, sülh, əmin-amanlıq, sabitlik, azadlıq şəraitində yaşayır və bu, sən demə, demokratiya deyil. Yəni, bu sözləri mən nəyə gətirirəm? Keçən il iyunun 12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə başlamışdı. Yəni, iyunun 12-si Avropa Oyunlarının açılışı günü idi. Almaniya parlamenti məhz bu gündə Azərbaycana qarşı bu qətnaməni qəbul edib. Yəni, bu, bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, şər, böhtan atmaqdır. Ona görə biz də o vaxt bu qətnaməyə fikir vermədik. Əminəm ki, Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir mənası yoxdur. Sadəcə olaraq bu, siyasi sifarişdir. Bunu qəbul edənlər böyük səhv buraxıblar - həm tarixi, həm də siyasi səhv”.