Bu C vitaminini uşaqlara vermək olar, ya yox? - Rəsmi cavab - Foto

bu-c-vitaminini-usaqlara-vermek-olar-ya-yox
Oxunma sayı: 1131

“Swiss Energy” markalı C vitaminindən ibarət qida əlavəsi ilə bağlı tərcümədə səhvə yol verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə Araz Bayram adlı istifadəçi paylaşım edib.

Onun sözlərinə görə, məhsulun qablaşdırması üzərindəki məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, məhsulun Azərbaycan dilində olan hissəsində 4-14 yaş arası uşaqların istifadəsi üçün uyğun olduğu, ingilis dilində olan bölmədə isə “14 yaşdan aşağı uşaqlar üçün uyğun deyil” qeydi göstərilib. Bu isə istehlakçılar arasında çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı Qida Təhlükəsizlik Agentliyinə (AQTA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Swiss Energy” əmtəə nişanlı “Vitamin C” adlı bioloji aktiv qida məhsulunun qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddətinə uyğun qaydada aparılıb. Məhsul idxal olunan zaman təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə də sınaqlara cəlb olunub və müvafiq idxal sağlamlıq aktı ilə təmin edilib.

Məhsul Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 11.09.2024-cü il tarixli B/2238/2024 nömrəli ekspertiza rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 19.02.2025-ci il tarixli BAQM/Q/00456 nömrəli Qərarına əsasən, qeydiyyata alınaraq MQ-05-000456 nömrəsi ilə Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib.

Analitik Ekspertiza Mərkəzinin məhsula dair ekspertiza rəyində istifadə qaydaları və dozası “4-14 yaş arası uşaqlar: 1 fışıldayan tablet gündə 1 dəfə” kimi göstərilib və aparılan qiymətləndirmə zamanı məhsula dair normativ sənədlərin, Azərbaycan dilində etiket eskizləri və istifadə üzrə təlimatların, məhsulun komponentlərinin, onların miqdarının və təhlükəsizlik göstəricilərinin nəzərə alınması ilə izah edilib”.

AQTA-dan əlavə olaraq qeyd edilib ki, bioloji aktiv qida məhsulu dərman vasitəsi deyil, qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış qida məhsuludur.

Lamiyə Məmmədova