“Bu, əsas hədəflərdəndir”

bu-esas-hedeflerdendir
Oxunma sayı: 1425

“Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyuldu ki, neft kapitalını insan kapitalına çevirək. Ölkə Prezidentinin qarşıya qoyduğu bu hədəflər regionların potensial imkanlarından səmərəli istifadəni bir tələbə çevirdi.

Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən dörd Dövlət Proqramının uğurlu icrası hazırda rəqəmlərdə, regionların simasında, həyata keçirilən infrastruktur layihələrində özünün aydın ifadəsini tapır. Artıq ötən il dördüncü Dövlət Proqramının icrası başa çatdı. İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M. Həsənov qeyd edib ki, regionların inkişafında əsas amillərdən biri infrastruktur layihələrinin uğurla həyata keçirilməsidir.

Millət vəkili ölkəmizin gələcək inkişafının əsas istiqamətlərindən bəhs edərək vurğulayıb ki, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.

Deputat Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə ölkəmizin dayanıqlı inkişafına verəcəyi töhfələrdən bəhs edib:

“Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları  ümumi su resurslarımızın 25 faizini təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Öz dogma yurd-yuvalarına qayıdan soydaşlarımız artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir. Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik” söyləyərək həm hədəfi, həm də ona nail olmağın yollarını açıqladı. Atılan bütün addımların əsasında bir  məqsəd dayanır ki, ölkəmiz hərtərəfli inkişaf etsin, insanlar yüksək rifah şəraitində yaşasınlar. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan davamlı inkişafı, təkmil islahatları ilə dünyanın diqqətindədir”.