Bu müəllimlərin maaşı 40 faiz artacaq - Açıqlama

bu-muellimlerin-maasi-40-faiz-artacaq
Oxunma sayı: 7746

“Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqısında 40 % artım müşahidə olunacaq”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov diaqnostik qiymətləndirməyə keçidlə bağlı mətbuat konfransında deyib. Bildirilib ki, diaqnostik qiymətləndirmə imtahanlarını keçən müəllimlərin maaşlarında artım olacaq.

Müsabiqədən keçə bilməyən müəllimlər isə təlimlərə cəlb olunacaq: "Yanvarın 1-dən artıq diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq. İlk diaqnostik qiymətləndirmə 21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Komleksində təşkil olunacaq. 3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi  27-28 noyabr tarixlərində Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabr tarixlərində Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabr tarixlərində Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabr tarixlərində Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabr tarixlərində Lənkəranda keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin, həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər”.

Günel Hacı