Bu ölkələr koronavirusa rəğmən normal həyata qayıdıb

bu-olkeler-koronavirusa-regmen-normal-heyata-qayidib
Oxunma sayı: 3300

Dünya iki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə mübarizə aparsa da, virus yayılmağa və müxtəlif variantlara mutasiya olmağa davam edir.

“Qafqazinfo” xəbər verir ki, bununla belə bir neçə ölkə normal həyata qayıtmağa və belə desək, “COVID-lə yaşamaq” modelinə keçməyə qərar verib.

Sözügedən bu ölkələrin bəziləri yüksək vaksinasiya səviyyəsinə malik olduğu halda, bəziləri müxtəlif ştamlarla mübarizəni davam etdirir.

Beləliklə, COVID-19-a baxmayaraq normal həyatı bərpa etməyə qərar verən ölkələr aşağıdakılardır:

Danimarka

Bu ölkə sentyabrın 10-dan etibarən koronavirusla bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib. Ölkə rəhbərliyi bildirib ki, COVID-19 artıq cəmiyyət üçün ciddi təhlükə doğuran xəstəlik deyil. Danimarkalılar indi COVID pasportları olmadan gecə klubları və restoranlara daxil ola, maskasız ictimai nəqliyyatdan istifadə edə, eləcə də heç bir məhdudiyyət olmadan çox sayda insan bir araya gələ bilər.

Əlbəttə, Danimarkanın bu qərarı verməsinin bir səbəbi də ölkədə vaksinasiya səviyyəsidir. Belə ki, “Our World in Data”nın sentyabrın 13-nə olan məlumatına əsasən, Danimarka əhalisinin 74 %-dən çoxu koronavirusa qarşı tam peyvənd olunub.

“Worldometers”in məlumatına görə, bu günə kimi Danimarkada 353 431 yoluxma halı, 2 617 ölüm faktı qeydə alınıb.

Sinqapur

Sinqapur hakimiyyəti avqust ayından başlayaraq bir sıra məhdudiyyətləri yumşaltmağa başlayıb. Bu zaman koronavirusa qarşı tam peyvənd olunan şəxslər restoranlara daxil olmaq və 2 əvəzinə 5 nəfər toplaşa bilmək imkanı əldə edib. Lakin bununla yanaşı, ölkədə koronavirusun “Delta” ştamının yayılması bu strategiyanı zərbə altında qoyub və yeni açılmalar təxirə salınıb.

Bütün bunlara baxmayaraq, Sinqapur vaksinasiya səviyyəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə sahibdir. Belə ki, Sinqapur əhalisinin 81%-i koronavirusa qarşı peyvənd olunub. Bu ölkədə bu günə kimi 73 938 yoluxma, 58 ölüm halı qeydə alınıb.

Tayland

Bu ölkədə vaksinasiya zəif templərə malik olsa da, ölkə rəhbərliyi bir sıra məhdudiyətləri aradan qaldırmaq qərarına gəlib. Belə ki, Tayland gələn aydan etibarən Banqkok və digər populyar məkanları xarici turistlər üçün açacaq. Bununla yanaşı, Phuket adası iyulun 1-dən etibarən vaksinasiya olunmuş xarici turistlər üçün yenidən açılıb. Həmçinin, iyulun 15-dən başlayaraq bir sıra digər adalara da turistlərin gəlişi bərpa olunub.

Taylandda vaksinasiya göstəriciləri aşağıdır və əhalinin təqribən 18%-i koronavirusa qarşı tam peyvənd olunub. Bununla yanaşı, bu ölkədə bu günə qədər 1 434 237 yoluxma halı, 14 953 ölüm faktı aşkarlanıb. 

CAR

Ölkədə yeni yoluxma halları azaldığından Cənubi Afrika Respublikası bir sıra məhdudiyyətləri yumşaltmağa qərar verib. Aradan qaldırılan qadağalar çərçivəsində qapalı məkanlarda 250, açıq məkanlarda isə 500 nəfərlik tədbirlərin keçirilməsinə icazə verilib.

Həmçinin spirtli içki satışına qoyulan qadağalar da ləğv edilib. Qeyd etmək laızmdır ki, CAR-da ümumilikdə 2 869 201 yoluxma halı qeydə alınıb. Eyni zamanda, bu ölkədə koronavirusdan dünyasını dəyişənlərin ümumi sayı 85 469 nəfər təşkil edir.

Çili

Çili oktyabrın 1-dən etibarən ölkənin beynəlxalq turizm üçün açılmasına dair addımlar atmağa başlayıb. Ölkəyə gələn turistlər 5 gün ərzində təcrid rejiminə əməl etməklə rahatlıqla bura gələ bilərlər.

Turizm nazirinin müavini Xose Luis Uriartenin sözlərinə görə, bu, hələ ki ilk addımdır və ölkə daha da irəliyə addım ata bilər. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə əhalisinin demək olar ki, 87%-i tam olaraq vaksinasiya olunub. Lakin bununla belə, Çilidə ümumilikdə 1 645 233 nəfər koronavirusa yoluxub, 37 261 nəfər isə dünyasını dəyişib.