Bu uşaq intihar edə bilərdimi?.. - Reportaj

bu-usaq-intihar-ede-bilerdimi-reportaj-
Oxunma sayı: 1025

Azərbaycanda ilk dərs günündə daha bir məktəblinin intihar xəbərini eşidəndə, yəqin, bizim kimi siz də təəssüflənmişdiniz. Xəbər isə belə idi: “Azərbaycanda daha bir məktəbli özünü öldürüb. Hadisə ötən gecə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun 183 saylı orta məktəbin 6-cı sinfində oxuduğu bildirilir” .

Dünən isə redaksiyamıza qəfildən gələn zəng bütün bu düşündüklərimizi alt-üst etdi. Özünü mərhumun əmisi kimi təqdim edən şəxs çox kədərli, eyni zamanda qəzəbli şəkildə bizi yalan məlumat yaymaqda ittiham edirdi: “Niyə bilmədən məlumat yayırsınız? Həqiqəti bilmək istəyirsinizsə, Mərdakana gəlin.”


“Atamın adını qoymuşdum”

Biz də həqiqəti öyrənmək üçün deyilən ünvana getdik. Qaranquş Sanatoriyasının qarşısında həmin ailəni soruşmaq istəyirdik ki, qabağımızdan keçən maşınlara “yas yeri irəlidədir” deyə işarə etdiklərini gördük.

“Atamın adını qoymuşdum. Atam deyirdim. Ona hamıız “ataş” deyirdik, heç adı ilə çağırmamışam” deyə sözə başlayan atası Azər Nəcəfov Şuşadan Bakıya 1992-ci ildə köçdüklərini deyir: “3 oğlum var, böyük oğlum idi. Mənim balam gözəl uşaq idi. Ali təhsil almaq istəyirdi, arzusu var idi. İndidən 700 balı xəyal edirdi”.

“Bizimlə parka gəlmədi”

Çətin də olsa, həmin günə qayıdırıq. Atadan övladının son anlarını soruşuruq: “Həmin gün, yəni sentyabrın 16-sı axşam saat 6-nın yarısı idi. Yoldaşımla dedik ki, uşaqları Buzovnadakı parka aparaq. Bayram isə axşam hazırlığa gedəcəyi üçün gəlmək istəmədi. Hətta dedi ki, mən uşaq deyiləm ki, gəlim. Evdə qalım dərslərimi hazırlayım. Mən, həyat yoldaşım və iki oğlumla getdik. Heç yarım saat qalmamış başımda ağrılar oldu, uşaqlara dedim ki, qayıdaq”.


“Bayrama noutbuk almağa gedərkən ölüm xəbəri eşitdim”

Atası dərslərinə yaxşı çalışdığı üçün Bayrama həmin gün noutbuk hədiyyə edəcəkmiş. Evə qayıdarkən Azər Nəcəfov Bayrama zəng vursa da, o telefona cavab vermir. Bu zaman ata ikinci oğluna Bayrama “sürpriz gəlir” xəbərini verməyi tapşırır. Ona de ki, telefonu götürsəydi, hansı rəngdə noutbuk istədiyini soruşacaqdım, götürmədiyi üçün özüm hansı rəngdə istəsəm onu alacağam.

Lakin baş verən qəfil faciə hər şeyi alt-üst edir. Otağa daxil olarkən Bayramı boğazından çarpayıya bağlanmış, boynu bükük, ayaqları yerdə, burnundan və ağzından qan axan vəziyyətdə görən kiçik qardaş qışqırmağa başlayır və bütün qonşular evə axışır.

“Onu iplə boğub sonra asıblar”

Qeyd edək ki, hadisə vaxtı evdə Azər Nəcəfovun şəkər xəstəsi və yeriməkdə əziyyət çəkən anası da olub. Nənə öz otağında olarkən nəsə səs eşitdiyini desə də, elə düşünüb ki, rəfdən kitab düşüb. Daha sonra nəvəsi Bayramı çağırsa da, ona cavab verən olmayıb. Yerindən qalxan qadın qapının açıq olduğunu olduğunu görüb və nəvəsinin çölə çıxdığını təxmin edərək qapını bağlayıb.

Azər Nəcəfov evə çatınca yaxınları ilə bərabər nə qədər çalışa da, oğlunu həyata qaytarmağın mümkün olmadığını deyir: “O, çoxdan keçinmişdi. Boğazı hamam xalatının kəməri ilə bağlanmışdı. Onun boğazında 2 kəndir izi var idi. Necə olur ki, nənəsi həmin ipi çəkən kimi uşaq yerə yıxılıb. Mən onun şəklini də morqda çəkmişəm. Boğazındakı o izlər xalat kəmərinin izi deyildi, kəndir izi idi. Uşaq həmin iplə boğulub sonradan hamam xalatının kəməri ilə asılıb. Biz belə güman edirik ki, uşağı öldürüb, sonra asıblar”.


7-ci sinfdə cəmi bir gün oxudu

7-ci sinfə ilk addımlarını atan Bayram cəmi bir gün, sentyabrın 15-i təhsil aldığı 183 saylı məktəbə gedib. Dərslikləri ilə qayıdan Bayram artıq tələbə adına bir addım da yaxınlaşdığını hiss edərək böyük ümidlərlə yeni dərs ilinə başlamışdı.


Sentyabrın 17-ni gözləyən Bayramın otağı...

Onun otağında da olduq. Hər şey necə var, elə qalıb. Stolunun üstündə riyaziyyatdan test kitabçası, dəftər və qələm. Özü 7-ci sinifdə oxusa da, 8-ci sinfin cəbr dərsliyi də stolunun üzərində idi. Hələ sentyabrın 17-ni gözləyən çantasını demirəm...


“O, intihar edə bilməz”

Bu an anasını görürük. Etiraf edim ki, anası mənə yaxınlaşmasaydı, ondan nəsə soruşmağa cəsrət etməzdim. Övladının heç kimlə, xüsusilə də həmyaşıdları ilə heç bir problemi olmadığını deyir: “O, elə uşaq deyildi... Ürəkli idi. O, sözdən qorxan deyildi, o, intihar edə bilməz”.

12 yaşlı Bayramın psixoloji durumu ilə maraqlanırıq. Atası da anası kimi əmindir ki, Bayram intihar edə bilməz. Yaşı kiçik olsa da, atası islam dini haqqında oğlunun oxuduğu kitabları bizə göstərir: “Uşağım həyatda heç nədən korluq çəkməyib. Biz Qarabağ camaatı bir parça çörəyimizlə də qane olmuşuq. Biz ibadət əhli olmuşuq, bahalı həyat tərzi sürmək fikrində olmamışıq. Bizim üçün Allahın verdiyi bir tikə çörək kifayət edib. Bax bu otaqda həmişə oğlanlarımla bərabər dördümüz bir yerdə namaz qılırdıq. Uşaqlarım Allahı tanıyırdı, ondan qorxurdu və onun buyurduğu yola əməl edirdi. İnanmaram ki, övladım intihara cəhd etsin. Mən bu haqsızlığa dözə bilmərəm” .


“Müstəntiq dedi ki, “intihar edib” yazaq işi bağlayaq”

Əgər hər şey bu qədər aydındırsa, bəs niyə Xəzər Rayon Prokurorluğu bunu intihar kimi təqdim edib? Atası deyir ki, həmin gün 1 nəfər müstəntiq gəldi. Bir-iki iz götürdü, “intihar olub” deyib getdi. Hələ bizə qorxu da gəlirdi ki, intihara çatdırma cəhdi ilə cinayət iş açarıq. Bizə dedi ki, “intihar edib” yazaq işi bağlayaq. Əgər intihardırsa, necə olur ki, boyu 1.62-olan olan oğlum özünü asır, amma ayaqları yerə dəyir. Özünü asan adam birinci ipdən ilgək düzəldib boynuna keçirməldir. Bu ipi isə onun boynuna sadəcə bağlayıblar, heç bir ilgək yoxdur”.


”Əgər intihar edibsə, boğazındakı fəqərə sümüyü sınmalıdır”

Bu şübhələr məni öldürür, incidir. 3 gündür yata bilmirəm, çörək yeyə bilmirəm deyən ata təkcə övladımın ölümünün səbəbinin aşkarlanmasını istəyir: “Kiminsə ona qəsd etməsindən şübhələnirəm. Bəlkə də hansısa oğru, ruhi xəstə, manyak olub oğurluğa gəlib uşağı görüb öldürüb. Ya da uşaq onu tanıyıb deyə aradan götürüb. Mən bunların heç birini bilmirəm. Amma bütün bunları öyrənmək istəyirəm”.
Ailənin yaxın qohumu olan xanım həkim olduğunu deyərək Bayramın intiharına inanmadığını qeyd edib: “Bu çox sürətli ölüm olub. 38 saniyə çəkib. İnsan intihar edirsə, bu ən azı dəqiqə yarıma baş verməlidir. Digər şübhəli məqamlar isə əgər insan intihar edirsə, əziyyət çəkərkən onda ifrazat olmalıdır, ya da xilas olunmaq üçün əlini harasa vurmalıdır, çırpınmalıdır. Amma Bayramın əllərində heç bir iz olmayıb. Üstəgəl intihar anında boğazındakı fəqərə sümük də sınmalıdır. Bütün bunların heç biri baş verməyibsə, hansı intihardan danışmaq olar?”


Onun üçün “qiymətləri yaxşıdır” demək azdır

Meyiti iki dəfə yarılan 12 yaşlı Bayramın cəsədinin ekspertiza rəyi 1 həftəyə açıqlanacaq. Yaxınları isə ekspertiza rəyi olmamış Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma: Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi açılmasını qərəzli sayır.

Hamı balaca Bayramın ölümünə təəsüfləndiyini bildirirdi. Riyaziyyat müəllimi Nəsirov Əli onun qeyri-adi uşaq olduğunu deyir: “Mən 3 ildir ki, onunla məşğulam, yaxşı şagird idi. Onun üçün “qiymətləri yaxşıdır” demək azdır, o, özündən yuxarı sinifdə oxuyan uşaqlarla birgə hazırlaşırdı. İnanmıram və inana bilmirəm ki, o intihar etsin” .


“Sevdiyi futbolçunun adının yanına öz adını yazdılar”

Məhəllədə ki, həmyaşıdları da təəccüblə bizim söhbətimizi izləyirdi. Bayramın adı gəlincə, hamının diqqəti bizdə olurdu. Sanki yeni nə isə deyəcəyik...

Aşağıdakı fotoların birində görəcəksiniz ki, o, bir vaxtlar, binanın qarşısında sevdiyi futbolçu Van Persinin adını və həmin günü həkk edib, dostları isə sevimli futbolçusunun yanına onun ölüm tarixini qeyd ediblər.

Gözün aydın, Bayram... Gözlədiyin və bütün dostlarına “yeni noutbukumla izləyəcəyəm” dediyin “Mançestr Yunayted” -“Qalatasaray” qarşılaşması dünən baş tutdu. Sənsiz olsa da... Komandan sənə qələbə bəxş etdi. Ruhun şad olsun...

Günel Əbilova