“Bülbüllü bağını, buz kimi soyuq bulaqlarını, yamyaşıl meşələrini ver erməniyə, gəl bu çirkli Xəzərdə qara qayışa dön...” Çimərlikdə dincələrkən böyrümüzdə çətirin altında süfrə açıb balalarını, nəvələrini başına yığan 60-65 yaşlı qadının gileyi adamı düşündürürdü... Çox güman ki, oğlu idi, qadını naşükürlükdə qənadı: “Ay arvad, buna da şükür. Çadırda istidən bişdiyimiz, soyuqdan donduğumuz günlər yadından çıxıb?” Görünür o yerləri gördüyümdəndi ki, qadının dedikləri yadımdan çıxmırdı... İstirahət-filan getdi işinin dalınca. Dilxor oldum...
Qumun üstündəki şüşə qırıntılarını, qarğıdalı cecəsini, qarpız-yemiş qabıqlarını, sellofan torbaları və s. mövsümi zir-zibili gördükcə gözlərimin qabağına səfalı Qarabağın yamyaşıl meşələri, bumbuz bulaqları gəldi. Uşaqlıq illərimin ən gözəl xatirəsi-Qarabağ... Əlbəttə, dənizin öz gözəlliyi var. Kaş ki, bu gözəlliyə xələl gətirib adamın gözündən salanlar olmasa idi...
***
Yay gəldimi, hər kəs istirahətinin qayğısına qalır. İmkanı olanlar səfalı guşələrə çəkilir, ölkə xaricinə üz tutur. İmkanı olmayanlar isə yorğunluğunu Xəzərin sahilində çıxarır. Düzünü deyim ki, dəniz mənə heç vaxt hind filmlərindəki romantik təsiri bağışlamayıb. Dəniz-üzmək, günəşdə qaralmaq, qumda dincəlmək, bir sözlə, istirahət üçündür. Və dəniz zibillənmək, təmiz, səfalı yerlərlə müqayisə olunmaq üçün də deyil. Bu məkanın öz missiyası var.
Yurd-yuvasından didərgin düşmüş həmin qadını da “dilləndirən” başqalarının istirahətini pozan-yediyi zir-zibili sahilə tullayan adamların qanacaqsızlığı idi. Yaxşı ki, çürüdücü və qıcqırdııcı bakteriyalar var. Yoxsa, Pasterin sözü olmasın, aləm üfunət qoxuyardı. Sahilə zibil qutuları qoyulur. Amma həmin zibil qutularının böyür-başı zibilxanaya dönür. İnsanlar bu qədərmi tənbəl olub? Toyuq toyuqluğu ilə yumurtlayacağı yeri eşələyib səliqə-samana salır.
***
Dəniz, günəş bizə təmənnasız bəxş olunmuş nemətlərdi. Hasara alınmış istirahət obyektlərinə pul ödəyib orada dincəlməyə maddi imkanı çatmayanlar ödənişsiz, ənənəvi sahillərə üz tutur. Burda da ya ayaqlarına şüşə qırıntıları batır, ya da zibilin əlndən qumda uzanıb dincələ bilmirlər. Gərəkdir ki, əvvəlcə ətrafındakı zir-zibili təmizləyəsən.
Nəyisə yeyib, istifadə edib sahilə, insanların dincəldiyi qumun üstünə tullayanlar, digərlərinin bu mənzərələri görərkən keçirdikləri əsəbi xatırlasınlar. Bilmirəm, dünyanın daha hansı ölkəsində divarlara belə sözlər yazırlar və adamlar bu sözlərdən yenə də nəticə çıxarmırlar: “Bura zibil atanın...”
Son xəbərlər
Son Xəbərlər